Qeyd edək ki, Ərdoğan jurnalistlərin suallarına cavabında seçkilərdən sonra ilk səfərini Azərbaycana və ya Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirmişdi. Azərbaycan prezidenti İlham Əliyev isə Ərdoğanı təbrik edərkən baş naziri Azərbaycana dəvət etmişdi. Ərdoğan da İlham Əliyevin bu təklifini qəbul edib.
Azərbaycanla Türkiyə arasında münasibətlərin xarakterinə uyğun olaraq seçkilərdən sonra qaliblər strateji mütəfiqini ziyarət edirdi.
Amma Ərdoğan bu ənənəni pozaraq üzünü ərəb üsyanlarının ilham mənbəyi olan Misirə tutur. Baş nazirin bu addımı Azərbaycana qarşı siyasətdə dəyişiklərdən xəbər verirmi?
Politoloq Qabil Hüseynli deyir ki, əslində strateji, tarixi və mədəni kökləri bağlı olan xalqların dövlət başçılarının ilk olaraq qardaş dövlətlərə səfər etməsi təbiidir. «Azərbaycan müstəqillik əldə etdikdən sonra bu iki ölkə arasında belə ənənə qoyulub. İndi Ərdoğanın bu ənənəni pozması heç də onun yaxşı niyyətlərindən xəbər vermir. Məncə, Ərdoğan qazandığı üçüncü qələbəsindən, eləcədə ərəb ölkələrində ona söylənilən təriflərdən məst olub. İndi ərəb mətbuatı Ərdoğana «sultan Ərdoğan» deyə müraciət edir. Fələstin probleminə isti münasibət, İsraillə əlaqələrin korlanması Ərdoğanın müsəlmanlar içərisində nüfuzunu artırıb. İndi Ərdoğanın ilk olaraq Misirə üz tutması onun atdığı addımların davamı da ola bilər”.
Politoloq deyir ki, artıq Ərdoğan özünü dünyanın öndə gedən, söz sahibi olan liderlərindən biri hesab edir. Bu mənada Misirə səfər təkcə bu ölkəyə hörmətin əlaməti deyil: “Mümkündür ki, buradan baş nazir ərəb dünyasına inqilabi mesajlar verəcək. Bu fakt göstərir ki, Ərdoğan artıq Türkiyə xarici siyasətinin istiqamətlərini də dəyişəcək. Əgər bu günə qədər Türkiyə ehtiyatlı siyasət aparıb başqa ölkələrin daxili işlərinə qarışmırdısa, indi regional gücə çevrildiyini anladığı üçün regional məsələlərə yön verə bilmək, dünya siyasətinə təsirlər göstərmək iddiasını ortaya qoyur. Bu iddiada ola bilsin, Misirdən səsləndiriləcək. Bu fakt bir tərəfdən Ərdoğanın şəxsiyyətini bir qədər də populyarlaşdıracaq, həm də Türkiyənin yeni mərhələyə qoyduğunu göstərəcək”.
/// bizimyol qəzeti