"Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların ailə münasibətlərinə, dəyərlərə liberalcasına mövqe sərgiləməsi halları çoxalıb. Vaxtilə ailə dəyərləri Azərbaycanda dominant idi və cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilirdi. Azərbaycan ailəsi Azərbaycan insanının cəmiyyətə, dövlətə olan münasibətinin ciddi forması kimi qəbul edilirdi”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov boşanma problemlərindən danışarkən deyib.
O qeyd edib ki, illər keçdikcə Sovet hakimiyyəti vaxtında, ondan sonra Avropa dəyərlərinin Azərbaycana gəlməsi sanki insanları ayıltdı: "İnsanlar ailə dəyərləri ilə yanaşı xaricdə yaşadıqları ölkələrin dəyərlərini də öz həyatlarına daxil etməyə başladılar və həyat təzri kimi götürməyə başladılar. Bu da ona gətirib çıxardı ki, liberal yaşam tərzi, Qərb həyat tərzi dominantlıq təşkil etməyə başladı. Bu, xüsusilə, qarışıq ailələrdə daha çox görsənirdi, indi yeni nəsil arasında da biz bunu görürük. Bu münasibətlərdə də necə ki, nikahlar normal qarşılanır, hansısa məqamda da boşanmalar da normal qarşılanmağa başlanılıb. Cəmiyyət bunu nə qədər istəsə də, istəməsə də, bu ailə normaları artıq Azərbaycanda da oturuşmağa başladı”.
Kulturoloq qeyd edib ki, biz hüquqi dövlətdə yaşayırıq, neçə dəfə istəyirlərsə, evlənib boşanırlar: "Burada insan hüquqları ilə yanaşı ailə vəzifələri kimi məsələlər də var. Konstitusiya Azərbaycan insanına sağlam, mentalitetə və Avropa dəyərlərinə söykənən hüquqi münasibətlər çərçivəsində nikaha girmək və boşanma kimi haqları verir. Heç kim kiməsə kiminləsə evlən, evləndiyin adamla boşanma deyə, basqı edə bilməz. Çünki biz hüquqi dövlətdə yaşayırıq.
Son illər bəzən bundan sui-istifadə olunur. Nə milli ailə dəyərlərinə, nə modern ailə normalarına dəxli olmayan münasibətlər görürürük. Xüsusən, Azərbaycanda ictimai münasibətlərin çox qəribə formaları yaranıb. Biz bunu normativ olaraq qəbul etməliyik ki, belə münasibətlər nikaha girmə zamanı sonralar yaranan problemlərin həllində hansısa əsas olsun. Məsələn, ailədə rəsmi ictimai nikah varsa, sabah boşanma olanda əmlakın bölünməsi məhkəmə yolu ilə mümkün olur. Amma bu yoxdursa, çətinliklər ortaya çıxır. Biz qəbul etsək də, etməsək də, ictimai nikahın ən böyük forması rəsmi nikahsız, kəbinlə bağlanan nikahdır. Təklif edirik ki, bunu artıq qanunvericilik qəbul etsin. Yəni məgər babalarımız, nənələrimiz kəbinlə evlənməmişdilər? Şəriət qanunlarına görə kəbinlə bağlanan ictimai nikah halal sayılır. Bunu vətəndaş aktı kimi də biz qəbul etməliyik ki, sabah ailə dağılanda indiki kimi problem çıxmasın. Çox sayda boşanmaların səbəbi kəbinlə bağlanmış ictimai nikahlar olur. Düzdür, rəsmi nikahlılar da boşanır, amma o zaman məhkəmədə öz hüquqlarını qoruya bilirlər”.
Kulturoloq bildirib ki, ailə dağılmalarında başqa səbəb də psixoloji, mənəvi və eyniyaşamın müxtəlif formalarında öz nikahlarında davam etdirmək istəyidir: "Yəni insanlar ya həddən artıq dindar olurlar, ya ateist olurlar və s. Bunların ata-ana təsiri ilə nikaha daxil olması hələ ailə demək deyil. Müxətlif fikirli düşüncə sahib olan insanlar arasında qurulmuş süni ictimai nikahlar tezliklə boşanma ilə nəticələnir. Ailə dağılmalarına iqtisadi-sosial problemlər də səbəb olur. Digər bir səbəb də liberal dəyərlərin bizim intellektual və təhsil səviyyəsi bərbad olan cəmiyyətin bəzi nümayəndələrinə xaotik gəlməsidir. Savadsız insanlar "Avropada qadınlar azaddır, feministdirlər, kişilər istədiyini edirlər, bizdə də bu olsun” deyib xaotik vəziyyət yaradıblar. Kim kiminlə istəyirsə, 5 dəqiqəyə internetdə tanış olurlar, bir gün içində evlənirlər, 3 ay sonra boşanırlar. Bunun da ağrılarını biz cəmiyyət çəkirik. Bunlara qarşı da çox güclü maarifləndirmə işlər olmalıdır, televiziyalar, saytlar bu cür maariflədirmə işləri aparır. Bununla bağlı əlaqəli qurumlar da var, amma bunlar da azdır. Bunun qarşısını almaq üçün ictimai ailə palatası kimi bir təchizat yaratmaq olar. Orada tanınmış adamlar, ağsaqqallar, ağbirçəklərlə yeni modellər təşkil etmək olar”.
Aydın Nuri