7 yaşlı İlhamənin xilaskarı olaq – VİDEO

7 yaşlı İlhamənin xilaskarı olaq – VİDEO
Bütün Xəbərlər
14:35 10.02.2015
4114
Talassemiya xəstəsi olan ailənin yeganə övladı İlhaməyə kömək lazımdır
İlhamə Nağızadə . 7 yaşı var. Anadangəlmə irsi qan - betta talassemiya xəstəliyindən əziyyət çəkir. Uşağın bədəni hemoqlobin yarada bilmir. Ayda 2-3 dəfə İlhamənin bədəninə inyeksiya olunan qan kütləsi (qırmızı qan) və hər gecə çox ağrılı proseslə bədəndə dəmirin azaldılması üçün vurulan disferal (göbəyə vurulan iynə) hesabına yaşayır. Körpə Respublika Talassemiya Mərkəzində 1 aylığından qeydiyyatdadır.
Bu ilin əvvəlində İlhamə İtaliyada, Roma şəhərində Mediterranean Institute of Hematology International Center for Transplantation in Thalassemia and Sickle Cell Anemia klinikasında müayinə olunub. Klinikada hazırda İtaliyada yaşayan və sözügedən klinikada çalışan azərbaycanlı professor Cavid Qazıyevin nəzarəti altında İlhamə müayinədən keçirilib və ona qoyulan diaqnoz bir daha dəqiqləşdirilib. Bundan sonra İlhamənin qan nümunəsinin tipilizasiyası aparıldıqdan sonra sümük iliyi nəqli üçün donor axtarışına başlanılıb. Çünki körpənin həyatının tam xilas edilməsi üçün yeganə üsul, yol budur. Axtarış Ümumdünya Donor Reyestrində aparılır. Ailəsi İlhamə üçün donor axtarışına başlamaq məqsədi ilə ailəsi Ümumdünya Donor Reyestrinə müraciət edib.
Donor tapıldıqdan sonra İlhamənin həyatını xilas edilməsi üçün əməliyyat olunması İtaliyada və Almaniyada mümkündür. Körpənin anası Günay Əsgərova AZXEBER.COM-a bildirib ki, donor tapılıb. İlk tapılan donor qanının İlhamənin qanı ilə uyğunluğu 70 %-dir. G.Əsgərova qeyd edib ki, İtaliya qanunları ilə 90%-dən aşağı qanın uyğunluğu ilə bu əməliyyatın aparılmasına icazə verilmədiyi üçün bu donorla hazırda əməliyyatın aparılması mümkün deyil. Donorun yenidən tapılması isə vaxt aparır və artıq İlhamənin həyatının xilas edilməsi üçün zaman azdır. Amma Almaniyanın Tübingen Klinikasında bu növ əməliyyatı tapılan donor qanı ilə etmək və İlhamənin həyatını xilas etmək mümkündür.
Hazırda İlhamənin qara ciyəri və dalağı şişib. Bu vəziyyətdə isə İlhamənin orqanizmi hazırda vücuda dəstək üçün edilən müalicə prosedurlarına tab gətirə bilmir. Buna görə də, körpə təcili əməliyyat olunmalıdır. Ailə İlhamənin həyatını xilas etmək üçün onun Almaniyanın Tübingen Klinikasında əməliyyat olunmasını yeganə çıxış yolu olduğunu düşünür.
G.Əsgərovanın bizimlə söhbətində bildirdiyinə görə, İlhamənin əməliyyatı üçün 441 000 evro lazımdır. Ana bildirib ki, İlhaməyə kömək üçün artıq müəyyən qədər məbləğ yığılıb: “Övladımın həyatının xilas edilməsi üçün 252 000 evro lazımdır. Hazırda körpənin dalaq və qara ciyəri ayda 2-3 dəfə onun bədəninə vurulan qan kütləsinə və əsasən də dəmir tərkibinə dözmədiyi üçün onun vəziyyəti getdikcə ağırlaşmaqdadır. İtaliyadakı donor axtarışının nəticəsini gözləmək çox riskli olduğu üçün biz Almaniyanın Tubingen şəhərindəki klinikaya müraciət etdik. Donor eyni bazada axtarılsa da İtaliyadan fərqli olaraq Almaniya qanunları 90%-dən aşağı uyğunluqla əməliyyata qarşı olmadığı üçün ilik transplantasiyasının bu ölkədə uğurla aparılması mümkündür. Biz bunu körpənin yaşaması üçün böyük şans hesab edirik və xeyirxah insanlardan çatışmayan məbləğin yardım edilməsini təvəqqi edirik. Çox xahiş edirik ki, bizim üçün imkan yaradasınız”.
Fevralın 15-də Park Bulvar Ticarət Mərkəzində İlhaməyə dəstək üçün “İlhaməni yaşadaq” adlı xeyriyyə aksiyası keçiriləcək. Biz hər kəsi uşağın həyatını xilas etmək üçün aksiyada iştirak etməyə çağırırıq.
7 yaşlı ağır dərəcəli talassemiya xəstəsi İlhamə Nağızadənin tam sağalması üçün ona çox bahalı əməliyyat və reabilitasiya lazımdır. İlhamənin anası Günay bütün gücü ilə qızına kömək etməyə çalışır.
Biz bütün soydaşlarımızı çarəsiz , hələ də ümidini itirməyən qızcığaza kömək etməyə çağırırıq. Akisya zamanı əl işləri, müxtəlif aksesuarlar, şəkillər, kitablar və çox dadlı şirniyyatlar əldə edə bilərsiniz. Toplanmış bütün vəsait İlhamənin əməliyyatı üçün açılan bank hesabına keçiriləcək.
Sizləri 15 Fevral Saat 12:00-da Park Bulvarda gozləyirik.
İlhamənin qan qrupu 1 müsbətdir. Hazırda körpəyə hər 10 gündən bir 350 qram qan vurulur. Bundan başqa, uşağın əməliyyata kimi həyatını (orqanizmini) xilas etmək üçün bir sıra prosedurlar aparılır, lazım olan müalicə həyata keçirilir. Bildiririk ki, ailə bütün bu xərclərin öhdəsindən gələ bilmir.
Sonda dəyərli oxucuların nəzərinə çatdırırıq ki, İlhamədən əvvəl 2005-cü ildə ailənin ilk övladı dünyaya gəlib. Doğulan oğlan uşağına gemoliz (qan parçalanması) diaqnozu qoyulub. İlk övlad artıq həyatda yoxdur. Körpə dünyasını bu xəstəlik üzündən dəyişib. 2006-cı il iyunun 6-da dünyaya gələn İlhamə hazırda tək övladdır.
İlhamənin xilaskarı olaq, körpəyə ümid bəxş edək, həyata möhkəm-möhkəm sarılmış kiçicik əllərinin vaxtından tez qopmaması üçün ona dəstək olaq. Çarəsiz, ümidsiz olan ananı göz yaşları içərisində buraxmayaq.
İlhaməni xilas etmək üçün açılan bank hesab nömrəsinin məlumatlarını aşağıda qeyd edirik.
Əlaqə nömrəsi: 0559895474
 
Hesab: AZ97UBAZ10053562041010AZN002
Benefisiar Bank: Unibank CB, SWIFT adresi: UBAZAZ22 (Baku, AZ, Azərbaycan)
Benefisiar Bankın Hesab N-si: AZ46NABZ01350100000000015944
Vasitəçi Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 505754 VÖEN: 1300017201
Mətanət
OXŞAR XƏBƏRLƏR