Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplayan 4 abituriyentdən biri Sabunçu rayonu 169 saylı orta məktəbin məzunu Ləman Məmmədovadır. Balaca qəhrəmanımız valideynləri ilə bərabər Merkez.az-ın redaksiyasında qonağımız oldular.
Bu il ali məktəblərə imtahanlarda 700 bal yığan 4 nəfərdən biri məhz sənsən? 700 bal yığanda insan nə hisslər keçirir? Təxminən bir aydır bilirsən ki, 700 bal toplamısan. Nəyi dəyişdirdi hələki həyatında?
700 bal yığdığımı biləndə sadəcə sevindim… İndi adi gəlir. Heç nə dəyişməyib. (Gülür) Hamı təbrik edir. Bilmirəm..Bəlkə, nə isə dəyişib mən fikir vermirəm.
Niyə məhz I qrupu seçdin?
Çox fikirləşdim. Əslində hər yerə həvəsim var idi, sonra 1-ci qrupu seçdim. Orta məktəbi əlaçı bitirdiyim üçün özümə inanırdım.
Bəs necə 700 bal topladın? Təbii ki, bunun bir yolu olur və nəticdə bu qələbəni əldə edirsən. Sən bu yolun sirrini səndən sonrə gələnlərlə bölüş ki, onlar da bu yolda sənin kimi uğur qazansınlar.
Bunun əsas səbəbi aşağı siniflərdən yaxşı oxumağım, bütün fənləri bilməyim və onlar arasında ayrı-seçkilik qoymamağımdır. 11-ci sinfə qədər hazırlaşdım, çalışdım, inandım və mənə inandılar. Bəzilərindən az, bəzilərindən çox çalışdım. Təbii ki, insanın özündə də qabiliyyət olmalıdır və öz üzərində çox çalışmalısan.
Bu il daha çox müzakirəyə səbəb olan açıq testlər oldu. Çətin idi açıq testlər?
Açıq tesləri sınaqlara da salırdılar və sualların quruluşu ilə tanış idim. Bəlkə, mənə belə gəlir, düşünürəm ki, imtahanda düşən suallar sınaqlarda salınan açıq test suallarından daha asan idi.
TQDK sədri Məleykə Abbaszadə deyib ki, açıq testlər daha çox abituriyentlərin təfəkkürünü inkişaf etdirir, yəni əzbərçilikdən xilas edir. Amma abituriyentlərin çoxu bu açıq suallardan narazıdır? Sənin üçün hansı daha asandır?
Uşaqlar müəllim yanında daha çox test edirlər, onlara test asan gəlir. Birdən birə açıq test görəndə qorxuya düşürlər.
Neçə ay repititor yanına hazırlığa getdin? Repititorsuz 700 bal yığa bilməzdin?
10 ay hazırlaşmışam və təhsil aldığım orta məktəb müəllimlərinin yanına getmişəm. Məncə, repititorsuz universitetə girmək olar, amma 700 bal toplamaq olmaz.
İlk yazdığın ixtisas? Daha doğrusu, 100% qəbul olunacağın ixtisas hansıdır və hansı universitet?
“Qafqaz” universitetində,” İnformasiya texnologiyaları” ixtisasını seçmişəm. Qafqaz universitetini seçməyimə gəlincə hamı oranı məsləhət gördü.
Xaricdə təhsil almaq istəyirsən?
Əlbəttə, xaricdə oxumaq istəyirəm və çalışaram təhsilimi xaricdə davam etdirim.
Hər birimiz universitetə qəbul olmamış beynimizdə xəyallarımızın universitetini canlandırırq? Bəs sənin xəyallarındakı universitet necədir?
Sözün düzü, bilmirən universitet necə olur? Hələki təsəvvürüm yoxdu. Bəlkə də o barədə fikirləşməmişəm. Düşünürəm ki, universitetdə bir az sərbəstlik olur.
Özüvü bu günün müasir gənci kimi görürsən?
Yox
Bəs “Facebook”da varsan?
Yox, elə ona görə fikirləşdim ki, müasir gənc deyiləm.
“Facebook”da olmaq müasir gənc olmaq deyil ki, sadəcə vasitədir.
(Gülür)
700 bal toplayan Ləman boş vaxtlarında nə ilə məşğul olur?
Kitab oxuyuram, televizora baxıram. Üzgüçülüklə məşğul oluram, fortepianinoya gedirəm, rəsm çəkirəm.
Səncə, ildən ilə keçid ballarını aşağı düşməsinin səbəbi nədir? Çətin sualdır, amma sən öz biliyinlə həmyaşıdlarından fərqlənirsən. Bu barədə heç düşünmüsən?
Məncə, kompüter, texnologiya inkişaf etdiyi üçün uşaqların başı daha çox onlara qarışır, internetdə çox vaxt olurlar və dərs arxa plana keçir. Bəlkə, bu səbəbdən daha az oxuyurlar. Mənim də ətrafımda telefona, kompüterə başı qarışan uşaqlar olub. Onlar boş vaxtlarını keçirtmək üçün, boş-boş şeylərlə məşğul olmaq üçün kompüterdən istifadə edirlər.
Elə abituriyentlər olub ki, 600 bal yığıb və universitetdə heç nə oxumayıb. Hər şey bununla bitmir. Yəqin bilirsəndə bizdə abituriyentlərin çoxu universitetə daxil olandan sonra hər şeyin bitdiyini düşünürlər. Bəs sənin üçün hər şey bitdi, yoxsa yenidən başladı?
Əlbəttə, mən çalışacağam ki, oxuyum. Əlaçı olum, xaricdə təhsil almağa çalışacam. Xaricdə təhsil alsam da, Azərbaycana qayıdıb burda işləyəcəm. Vətənim üçün çalışacağam.
Anası Xatirə Məmmədova ilə söhbətimizi davam edirik.
Ləmanın atası mühəndisdir, mən isə Bakı Dövlət Universitetini bitirmişəm, Sabunçu rayonunda 80 saylı məktəbdə riyaziyyat müəllimiyəm. Təbii ki, ziyalı ailəsində böyüməsi və anasının müəllim olması da ona böyük təsir edib. Əlbəttə, hiss edirdim ki, Ləmanın qabiliyyəti və istedadı var. Bu balı da ondan gözləyirdik.
Valideynlər həmişə universitetə hazırlaşan uşaqları bir az sıxırlar. Sizdə necə idi vəziyyət?
Mən heç onu sıxmamışam, əksinə ona deyirdim ki, az oxu. Ləman isə həmişə bizə deyirdi ki, siz düz etmirsiz, valideyn kimi məni sıxmalısız və məcbur edin ki, oxuyum. Ləman həmişə özündən narazıdır Uşaqlıqdan ona sərbətlik vermişəm. Dərs üstündə uşağı danlamamışam və uşağı səbəbə görə danlayanlardan da xoşum gəlmir.
Bəs ixtisas seçmində necə oldu? Sizin istəyinizlə ” Qafqaz” universitetini seçdi.
Düzdür mən BDU-nu bitirmişəm, oranı da məsləhət etdim. Amma Qafqaz universiteti üzərində daha çox fikirləşdik və sonda onu seçdik.
Valideyn üçün övladının uğurundan gözəl bir gün ola bilməz. Həmin gün necə idiz?
Əlbəttə, o sevinci ifadə edə bilmirəm. Bir az həyəcanlı idim, çünki imtahan idi, hər şey ola bilərdi. Ancaq Ləmanı psixoloji olaraq hazırlayırdım, yetər ki, həyəcan ondan uzaq olsun. Çünki həyəcan pis şeydir və o zaman bildiyi də yadından çıxır. İmtahandan çıxandan sonra üzündəki ifadədən bildim ki, hər şey yaxşıdır. “İlk sözü isə imtahan sınaqdan da asan idi”-,oldu. İki gündən sonra nəticələr çıxdı gözlədiyimiz xəbəri eşitidk, çox sevindik və məşhurlaşdıq. Biz artıq məşhuruq. İnanın o qədər zənglər gəlib ki, bizə özümüzü məşhur kimi hiss edirik.
Ləman kimi minlərlə abituriyentlər var ki, repititor yanına hazırlığa gedirlər? İldən ilə də qiymətlər qalxır. Bir valideyn üçün uşağı universitetə hazırlaşdırmaq çox çətindir?
Mənə elə gəlir repititora ehtiyac var. Çünki məktəbdə dərslər keçirilsə də, buna ehtiyac var. Qeyd edim ki, Ləmanın müəllimləri çox güclü olub. Yenə son sinifdə hazırlıq lazımdır. Çünki müəllimlə təkbətək hazırlığın fərqi daha böyükdür. Amma maddi cəhətdən çox çətindir. Çünki elə uşaqlar var ki, valideynlərini məcbur edirlər ki, hazırlığa getsinlər.
Az öncə Ləman qeyd etdi ki, onun üçün universitet daha sərbəst bir məkandır. Bir valideyn olaraq özünüzü bu keçid mərhələsinə hazır hiss edirsiz?
Əslində evdə daima onlara sərbəstlik vermişik. Nə istəyiblər onu ediblər, onları nəyəsə görə sıxmamışam. İstəyib dincəlib, istəyib oxuyub. Amma evdən kənar sərbəstlik hələ ona verməmişəm. Müəllimləri həmişə Ləmana deyirdi ki, necə ola bilər ki, anan belə müasirdir səni biraz sıxır. O müəllim yanına gedənə kimi, mən ona dəfələrlə zəng vururam. Bu səbəbdən düşünmürəm ki, ona sərbəstlik verəcəyəm. Yəqin 2-3 ildən sonra xaricə getməsinə razı olaram (Gülür)
Günel Əbilova,
Mərkəz qəzeti