Öz ömrünü oynayan aktyor. Söhbət 53 yaşında bir neçə gün əvvəl ürək çatışmazlığından tək yaşadığı mənzilində cansız vəziyyətdə tapılan Elçin Həmidovdan gedir.
Əməkdar artist, Musiqili Komediya Teatrının aktyoru Elçin Həmidovun ölümündən bu gün 5 gün keçir. Onun yaxınlarına ən çox təsir edən isə aktyorun ölümündən iki gün sonra xəbər tutmalarıdır. Martın 5-i yaşadığı mənzildə ürək çatışmazlığından dünyasını dəyişən aktyor 2 gün tamaşa məşqlərinə gəlməyib və telefon zənglərinə cavab verməyib. Bundan narahat olan dostları Elçin Həmidovun yaşadığı evə gəliblər.
Yaxın dostu Vidadi Həsənov dostlarının Elçin Həmidovgilə getdiyini deyir: “Aşağıdan komendatdan soruşdular ki, Elçin müəllimi görməmisiniz? Onlar dedi ki, görmüşük, ayın 4-ü evə çörək alıb. Axşam baxarıq pəncərəsinə, işıq yansa sizə məlumat verəcəyik. 5-i axşamı kim idi gözləyən?”
Təşvişə düşən iş yoldaşları Elçin Həmidovun qohumları ilə əlaqə saxlayıblar. Lakin bu da heç bir nəticə verməyib, qohumları da onu son iki gündə görmədiyindən dostları Təcili Yardım və Fövqaladə Hallar Nazirliyinin köməyi ilə evə daxil olublar.
Vidadi şahidi olduğu səhnədən şoka düşdüyünü deyir: “Açdılar, amma Elçin bizi qarşılamadı. Elçinin cəsədi bizi qarşıladı. Çox istəyərdik ki, dursun bizi qovsun. Amma artıq gec idi… Elçin müəllim keçinmişdi, yataq otağında yerdə uzanmışdı. Görünür, insult olmuşdu, beyin tərəfi tam göyərmişdi”.
Elçin Həmidovun dünyasını dəyişəcəyi heç kimin ağlına belə gəlmirdi. Çünki o, cəmi bir neçə gün əvvəl Musiqili Komediya Teatrında yeni səhnələşdirilən “Evlənmə” tamaşasında əsas rollardan birini ifa edirdi.
Vidadi Həsənov dostunun bu əsərdə İsa rolunu oynadığını deyir: “Bu obraz Elçin Həmidovun yaradıcılığında bənzərsiz bir obraz oldu. Tam fərqli bir obraz idi. Bəlkə də o, həyatında, heç konsertlərində də bu cür obraz yaratmamışdı. Son obrazını burada yaratdı. Elə bil öz həyatını oynadı”.
Çox təəssüflər olsun ki, işindən, dostlarından başqa ailə üzvləri olmayıb. Gənc yaşlarından valideynlərini, bacısını və qardaşını itirən Elçin Həmidov elə buna görə də ailə qurmayıb.
Yaxın dostu Vidadi Həsənov Elçin haqqında ürək ağrısı ilə danışırdı: “Bu adam tək yaşayırdı. Çoxu soruşurdu, niyə evlənmədi? Çünki ata yox, ana yox, onların nəsli qan təzyiqindən əziyyət çəkib. Bu dönəm çox qorxulu idi. 40 yaşından sonra deyirdi ki, mən çox yaşamayacam. 40-ı keçdi. Keçən il Telman Adıgöləzlov rəhmətə gedəndə gəldi dedi ki, bu gün çox pisəm. Soruşduq ki, nə olub ay Elçin? Dedi “qardaşımın ölən günüdür, 15 aprel. Çox qorxuram bu aylardan, çünki hamısı bu aylarda rəhmətə gedib”".
Həyatda tək qalan Elçin bəzi qohumlarının və özünü dost adlandıranların onun yanında tez-tez olmasının və qayğısını çəkməsinin əsl səbəblərini də bilirdi. Elçin Həmidovun ailəsi və övladının olmamasından istifadə edərək onun evinə sahib çıxmaq istəyənlər çox olub. Bu fikirlərini də əsl dostları ilə bölüşən aktyor bundan narahatlığını və incikliyini gizlətməzmiş. İndi bunun o qədər də əhəmiyyəti yoxdur. Əsl dostları və qan qohumlarını narahat edən isə odur ki, məhz, can verəndə, köməyə ehtiyacı olanda Elçinin yanında olmayıblar.
//ANS Press