“ABŞ-da Azərbaycan iqtidarını dəyişməklə bağlı heç bir mövqe yoxdur”

“ABŞ-da Azərbaycan iqtidarını dəyişməklə bağlı heç bir mövqe yoxdur”
Bütün Xəbərlər
11:19 29.04.2011
1937

– Asim bəy, son zamanlar dünyanın siyasi arenasında bir gərginlik müşahidə olunur. Yəni, burada mitinq, kütləvi aksiyalar əsas gərginlik mənbəyi kimi görünür. Siz necə hesab edirsiniz, Azərbaycanın siyasi arenasında olan gərginlik mitinqlərlə bağlıdır, yoxsa başqa səbəbləri var? 

– Mən əslində Azərbaycanın ictimai-siyasi həyatında böyük bir gərginliyin olduğunu görmürəm. Ölkədə prinsipial olaraq sabit vəziyyət hökm sürür. Bu kimi qarşıdurmaların əsas yaranma səbəbi ondan ibarətdir ki, azad toplaşmaq hüququndan istifadə edən qüvvələrə aksiyalar keçirmək üçün yerlər ayrılmır. Zənnimcə, belə yerlərin ayrılmağına ehtiyac var. Beynəlxalq ənənələrdən irəli gələrək demokratik ölkələrdə mövcud olduğu kimi, bizdə də siyasi partiyaların, ictimai-siyasi təşkilatların, birliklərin öz fikirlərini ifadə edə bilməsi üçün müvafiq yerlər ayrılmalıdır. Bunu şəhərin mərkəzində qarşıdurmalara səbəb kimi görmürəm. Hazırda Azərbaycanın sosial həyatında da, siyasi həyatında da hansısa ciddi gərginliyin olmadığını düşünürəm. Məncə, müəyyən qarşıdurmaları aradan qaldırmaq üçün çox asan üsullar var.

– Siz hansı yerləri təklif edərdiniz?

– Mən hər hansı yer təklif edə bilmərəm. Düşünürəm ki, şəhər rəhbərliyi toplantı keçirmək istəyən qüvvələrlə danışıqlar apararaq razılığa gəlməlidir. O zaman şəhərin məkəzində hansısa qarşıdurma olmayacaqdır.

– Azərbaycan hakimiyyəti ilə müxalifət arasında illərdir davam edən bu gərginlik sizcə, niyə, səngimir?

– İlk öncə bizdə mədəniyyətin artırılması üçün çox ciddi işlər görülməlidir. Fikrimizcə, Azərbaycanda iki ən önəmli sahə var ki, bu istiqamətdə daha ciddi işlər görülməlidir. İlk növbədə söhbət təhsildən gedir. Ölkədə peşəkar, savadlı insanlar yetişdirmək vacib məsələlərdəndir. Bu baxımdan deyə bilərəm ki, Azərbaycanda yeni təfəkkürlü, bacarıqlı menecer təbəqəsinin yetişdirilməsinə ciddi ehtiyac var. Bununla yanaşı, ölkədə siyasi mədəniyyət, idarəetmə mədəniyyəti, bir sözlə Azərbaycanda bir çox sahələrin inkişaf etdirilməsinə ehtiyac duyulur. Mən bu iki sahəni ölkənin gələcəyi üçün ən önəmli sahələr hesab edirəm.

– Azərbaycan iqtidar və müxalifətin son açıqlamalarına əsasən siyasi dairələrinin bir-biri ilə ünsiyyət saxlamasında bəsit metodlar diqqəti daha çox cəlb edir...

– Bu onu göstərir ki, ölkədə siyasi mədəniyyəti artırmaq üçün bir çox işlər görməliyik.

– Azərbaycanda siyasi partiyaların düşərgəsində fikrinizcə, bunun hüquqi tənzimlənməsi vacibdirmi?

– Mənə elə gəlir ki, bu gün Azərbaycanda siyasi partiyalar haqqında olan qanunla bağlı müəyyən dəyişikliklərə ehtiyac var. Əlbəttə, ilk növbədə söhbət dövlət tərəfindən siyasi partiyaların maliyyələşməsindən gedir. Bu partiyaların ölkənin həyatında rolunun artırılmasından, idarəetmə sistemində onların rolundan gedir. Fikrimcə, ölkənin bütün problemləri ilə bağlı siyasi partiyaların öz təkliflərini ifadə etmək imkanları olmalıdır. Bu istiqamətdə ciddi işlər aparılmalıdır. Bu həm parlamentdə təmsil olunan, həm təmsil olunmayan partiyalara aiddir. Bu hakim partiyasına da aiddir. Biz istəyirik ki, Azərbaycanın siyasi həyatına siyasi mədəniyyət gətirək. Hər bir azərbaycanlı bir-birinə qardaş kimi baxmalıdır. Azərbaycanlı azərbaycanlının qardaşıdır, düşməni deyil. Bir neçə məsələ var ki, bu məsələlərdə ümumiyyətlə iqtidar-müxalifət anlamı olmamalıdır. Ölkə problemlərinin həlli, ərazi bütövlüyümüzün bərpası ilə bağlı, ölkənin inkişaf strategiyası ilə bağlı və eləcə də bizim xarici siyasətimizin formalaşmasında ortaq mövqedən əsas siyasi qüvvələrin arasında razılaşma olmalıdır. Bu siyasət həyata keçirilməlidir.

– Asim bəy, sizin DİP olaraq ölkədə islahatların getməsi ilə bağlı qənaətiniz necədir?

– Biz ölkədə islahatların daha sürətlə keçirilməyinin tərəfdarıyıq. Hal-hazırda korrupsiya ilə bağlı aparılan mübarizənin sistemli olmasının tərəfdarıyıq. Biz istəyirik ki, ölkəmizdə çoxşaxəli islahatlar olsun. Bir daha təkrar edim ki, birinci təhsil sahəsində islahatlar aparılmalıdır. Bununla yanaşı, Azərbaycanın iqtisadi həyatında ciddi dəyişikliklərə təkan verə bilən orta və xırda sahibkarların imkanın artırılmasına ehtiyac var. Biz istərdik ki, sahibkarların imkanları geniş olsun. Biz də inkişaf etmək istəyən ölkəyiksə, sahibkarların imkanları cəmiyyətimizdə, ölkəmizdə genişlənməlidir.

– Bir çox müşahidəçilər ölkədə aparılan bu islahatların davamlı olacağına birmənalı yanaşmırlar. Bunun müvəqqəti bir kampaniya olduğunu bildirirlər...

– Təbii ki, bunun kampaniya olmaması üçün bu gün işlər sistemli xarakter daşımalıdır. Ölkədə bir neçə sahələrdə ciddi sistemli islahatlar müşahidə olunmalıdır. Ümid edirəm ki, bu bizim həm təhsil sisteminə, həm səhiyyə sisteminə, həm də sosial sahələrə aid olan sahələrin hər birində islahatlar keçirərək korrupsiya üçün münbit şərait aradan qaldırılmalıdır. Bu həm də həmin sahələrin daha güclü və çevik inkişafı üçün təminat verə bilər.

Kamil HƏMZƏOĞLU, 525-ci qəzet

 

OXŞAR XƏBƏRLƏR