“Azərbaycanda 9,1 milyon mobil abunəçi var”

Bütün Xəbərlər
10:33 06.01.2011
1940

2010-cu ildə rabitə və informasiya texnologiyaları sahəsində bir sıra vacib işlər görülüb və mühüm uğurlar qazanılıb. Belə ki, regionların telekommunikasiya şəbəkəsinin tam elektronlaşması başa çatdırılıb, ölkənin ən ucqar yaşayış məntəqələrində müasirtipli elektron ATS-lərin qurulması təmin edilib.

Mobil rabitə sahəsində, mobil abunəçilərin sayı 2010-cu ildə təxminən 1 342 880 nəfər artaraq 9 100 000 nəfərə çatıb və beləliklə də ölkədə “hər 100 nəfərə 100 mobil abunəçi” layihəsi uğurla icra edilib.

 

Azərbaycanın beynəlxalq rabitə sisteminin dayanıqlılığının artırılması, optik şəbəkənin keçirtmə qabiliyyətinin genişləndirilməsi məqsədilə Siyəzən-Dəvəçi-Quba-Samur istiqamətində fiber-optik magistralın tikintisi başa çatdırılıb.

 

2010-cu ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar orbital mövqedən istifadə, peykin istehsalı və orbitə çıxarılması üzrə müqavilələr imzalanıb və beləliklə də ölkənin ilk peykinin 2012-ci ilin IV rübündə orbitə çıxarılması istiqamətində mühüm addımlar atılıb.

Hesabat dövründə Bakı və Sumqayıt şəhəri və Abşeron yarımadası ilə yanaşı, Gəncə şəhəri, Lerik və ətraf rayonlarda rəqəmsal televiziyanın yayımına başlanılıb və bununla da respublika əhalisinin təqribən 50 faizinin yaşadığı ərazilərdə rəqəmsal televiziya yayımının göstərilməsi imkanlığı təmin edilib.

Elektron imzanın təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müvafiq zəruri infrastruktur yaradılıb.

Həmçinin 2010-cu ildə Heydər Əliyev Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvan və Gəncə şəhərlərində əlillər və korlar üçün regional informasiya texnologiyaları mərkəzləri yaradılıb.

İl ərzində internetin qiymətləri təqribən 50 faiz aşağı salınıb və bu dəyişiklik ölkədə internet qiymətlərinin region ölkələri ilə müqayisədə xeyli aşağı olması ilə nəticələnib.

2010-cu ildə “Xalq kompüteri” layihəsinin yeni mərhələsinə başlanılıb və layihə çərçivəsində 10 000 orta və ali məktəb müəllimləri, tələbələr və şagirdlər güzəştli şərtlərlə və lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüterlər əldə edib.

 

Görülən işlər nəticəsində əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 14-ə, internet istifadəçilərinin sayı 45-ə, o cümlədən genişzolaqlı internet istifadəçilərinin sayı 12-yə çatıb.

OXŞAR XƏBƏRLƏR