“Son öpüş"

“Son öpüş"
KÖŞƏ
16:53 01.04.2011
2970
Son qəpiklərindən əvvəlcədən ayırdığı ikisini aparata salıb ikicə gediş yüklədi. Bəlkə də, evə qayıtmalı olmayacaqdı onsuz da. Platformaya çatıb “İçərişəhər” qatarını gözləməyə başladı. Əlləri soyumuş, dodaqları bir azca göyərmişdi. Martın soyuğu dərisi çatlamış əllərini göynədirdi. Əllərini cütləyib xəstə içalatından gələn quru nəfəslə üflədi ovuclarına. Qanı donmuş barmaqlarını ovxalayıb tərpətməyə çalışdı. Fikri isə tamam başqa yerlərdə gəzirdi. Bunun necə baş verdiyini anlamağa çalışır, ama 40 dəqiqə sonra edəcəyi izahatı necə quracağını bilmir, elə hey götür-qoy edir, daha səmim olmağa çalışır, elə bu andaca fikirləri yenidən çıxmaz soqaqlara dirənir və hər şey yenidən başlayırdı. Fikirlə perronda təhlükəsizlik xəttinə o qədər yaxınlaşmışdı ki, qatarın fit səsi və səsgücləndiricidən az qala çığıran növbətçi qızın səsi ayıltdı onu. Hələ ölmək tez idi. Tez geri addım atıb qrafik cədvəlinə baxdı: qatar “İçərişəhərə” gedirdi. Qapılar açıldı və o, özünü içəri saldı. Nər kimi xalaların yekə yanbızları və ətirləri vaqonu bürümüş cavan qızların özlərindən böyük çantaları ilə mübarizə apara-apara keçib arxa qapıya söykəndi. Qatar götürüldü. Dəmirlərin sürtünməsindən çıxan uğultu beyninin üstünə yuxu şərbəti səpirdi, sanki. Onsuz da, yaxın zamanlarda əbədi yatacağını düşünüb ayıq qalmağa çalışır və bütün bu olanları Ona necə izah edəcəyinə tutarlı bəhanələr axtarırdı.

Həkimin yanından çıxan dəqiqədən sanki vücudunu metaləritmə zavodundakı nəhəng kürələrdə qızmış polad konstruksiyalar kimi götürüb elə o bütövlükdə də birbaşa bumbuz suyun altına salmışdılar. Yəqin ki, ürəyinin dörd kamerasının hərəsində həbs olunmuş dörd yüz arzu vardı. Nə ağlaya bilirdi, nə qışqıra. Elə bil, təcrübəsiz əsgər topdan atəş açanda həyəcandan ağzını açıq saxlamağı unutmuş və bir neçə günlüyünə mərminin gurultusundan qulaqları tutulmuşdu. Bir də qapılar açılanda “Ulduz” stansiyasında olduğunu fərq etdi. Vaqon tırıl-tıxlam olsa da, stansiyadakı səssizlikdən tanımışdı bu “ölü” stansiyanı. Həə, “Ulduz” da elə onun ürəyi kimi bomboş, hüznlü və kimsəsiz idi. “Ulduz”da da dolu gələnlər boşalmadan keçirdi... Maşinist kabinəsindən idarə edilən avtosəsləndiricidən incə qadın səsilə “Qapılar bağlanır. Növbəti stansiya....” kəlimələrini eşitdi. Bu səs belə ona kinayəli göründü. Növbəti stansiyanın “Nərimanov” olduğunu bilirdi. İşə bax, dəmir yollarla hərəkət edən dəmir yığınları da qarşıdakı mənzillərinin nə olduğunu bilərkən, o bir insan olsa da, növbəti stansiyasının nə olduğunu bilmədən “qapıları bağlanmışdı”. Bəlkə də, növbəti “stansiyası”nı bilsə, elə ordaca düşərdi qatardan. Ama artıq gec idi, onun qatarı “depo”ya gedirdi...

Hər şeyə boş verib, bir az rahat nəfəs almaq istədi basırıq vaqonda. Fikrini dağıtmaq üçün başını qaldırıb vaqonun tavanına qədər yapışdırılmış müxtəlif elanlara və reklam yazılarına diqqət yetirdi. Oxumaq xatirinə oxudu. Müxtəlif dil kursları, kabel TV, işə düzəltmə büroları və s. haqda posterlər yapışdırılmışdı vaqonun divarlarına. Birdən gözünə sataşan kişilərin cinsi gücünü və cinsəl aktivliklərini yüksəldən dərman preparatlarının reklamını görəndə sanki girdiyi zirzəmidə çoxdan çürümüş taxta daxmanın qəfildən uçulub başına dağıldığını hiss elədi. Əslində daha onu heç bir cinsi aktivlik düşündürmürdü də, nə erkən boşalma, nə erekteral sorunlar. İndi düşündüyü şeylərə bütün Bakı metroplitenin qatarlarındakı vaqonları arasa, rast gələ bilməzdi. Qatar isə onun donmuş və hərəkətsiz düşüncələri içərisində sürətlə stansiyaları ötüb sonuncu stansiyaya yetişdi. Qeyri-şüuri olaraq, içəridəki kütləyə qarışıb onlarla bərabər qatardan endi, elə onların da ardınca eskalatora tərəf addımlayıb yuxarı qalxdı. Burda da qalxan özü olmadı, eskalatorlar onu qaldırdı yuxarıya. Ama ömrünün eskalatorları əksinə, aşağılara endirmişdi onu. 

* * * * * * * * * * 
Hər şey belə baş vermişdi. Bir neçə ay əvvəl, internetdə araşdırma aparərkən cinsi maarifləndirici məqələlər oxumuş və bəzi praktik sualları yaranmışdı. Öz “kişilik gücü” ilə bağlı suallara cavab tapmaq istəyən bu saf gənc axırda “kömək üçün fahişəyə müraciət etməklə” saflığını itirmişdi. Günlük qazancından yığdığı qəpik-quruşu da bar qızına ödəyəndən sonra jarqonla deyilən kimi “milli” olmuşdu. Özünə əminliyi yaranmışdı yaranmağına, ama indi də başqa suallar çıxmışdı ortaya. Təcrübə keçim derkən, axtardığım suallarıma cavab tapım derkən indi də başqa suallar çıxmışdı ortalığa. Hər nə qədər ehtiyatlı olsa da, AIDS`ə yoluxa biləcəyindən ehtiyatlanmağa başlamışdı. Sağlığında yenicə baş qaldıran problemlər də bu şübhəsinə benzinə qatılan su kimi həcm artımı ilə yanaşı, mənfi xüsusiyyətlər də qazandırmışdı. Analizin nəticəsi isə onun HIV daşıyıcısı olduğunu ortaya qoymuşdu. AIDS`in “pəncərə dövrü”nü keçirirdi çox güman ki... Bəs Sən özündə bu murdar virusun olduğunu öyrənsən, hansı hislər keçirəcəyivi bilirmisən? Ümumiyyətlə, hiss keçirəcək bir ürəyin qalacaqmı o anda? Axı deyirlər şüşə elektrik cərəyanını keçirmir?.. İndi də əsas məsələ hər şeyi ona inanan, heç vaxt xəyanət etməyəcəyinə güvənən sevgilisinə - Şeylaya izah eləmək idi. Ama nə deyəcəkdi? Deməyə bir söz qalmışmıdı ki, məgər? Hər şey bir yana, bu abdallığını necə izah edəydi? Deyəydi ki, cinsi təcrübə edinmək istədim nigahımızdan əvvəl, özümə əmin olmaq istədim, ona görə də gedib ucuz “həyat qadını” ilə qalxıb-düşdüm? Düzdür ki, Şeyla onun səmimiyyətinə inanardı. Bir neçə səhvini də elə səmimi etiraflarına görə bağışlamışdı. Ama bu qədəri artıq ağdan da bəyaz olardı. Bunu deyib qarşılığında sevgilisindən əhv gözləmir, onsuz da hər şeyin bitəcəyini bilirdi. Lap sevgilisi onu bağışlasa da, ayrılmasalar da, istənilən halda artıq Altayın “həyat yoldaşı” qanında tapılan SPİD virusu idi. Bu qanla ailə qurub sevdiyini və gələcəkdə dünyaya göz aça biləcək körpələrini niyə zəhərləyə idi ki? Nə haqqı çatırdı buna? Artıq o diri meyid idi. Şeylanın nə deyəcəyindən asılı olmayaraq, hər şey bitmişdi, başda Altayın həyatı olmaqla. İştə, bu qədər bəsit bir yanlışla bütün həyatını ölüm virusuna yedirtmişdi, hansı ki bu virus uzaq Keniyada əhalinin 70%`ni cənginə keçirmiş, ABŞ`da isə 20-40 yaş arası kişilərin 80%`ini isə ixtiyarına almışdı. Təhlükədə olduğu ağlına gələrkən etdiyi araşdırmalarda BMT-nin də ötən il – 2010`cu il üçün verdiyi proqnozlarda bu əzrail eşafotuna qalxanların 70 mln. olacağı xəbərini oxumuşdu. Hardan biləydi ki, 6 milyardı keçmiş bəşəriyyət içərisində həmən 70 milyonun içində olmaq da elə öz payına düşüb... “Şansıma tüpürüm!” – deyib, tüpürmüşdü aynadakı əksinə. İştə türklər burda derlər, “dünya küçükdür” deyə... Yooxx, dünya küçük deyilmiş, dünya quduz köpəkmiş!



* * * * * * * * * *
Şeylanın görüşmək üçün əl uzadıb salam verməsi özünə qaytardı Altayı. Sevgilisinin gözlərində su pərisinin xoşbəxtliyini gördü. İndi həqiqətləri deyib, necə qıyaydı axı bu mutluluğa? Ama deməli idi, hər şeyi bilmək onun haqqı idi, bu münasibətin artıq bir sonu yox idi. Yəni “mutlu son”u yox idi, əsl son yetişmişdi. Son kəs tutduğunu düşünərək tutdu sevgilisinin əlindən, üzü köhnə Goburnat, indiki Filarmoniya bağına tərəf düşməyə başladılar. Danışdılar, həmişəki kimi hal-əhval tutdular. Adaxlısı ona dünən gecə gördüyü bir yuxunu danışırdı. Görmüşdü ki, toyları olub artıq, bir oğulları var, məktəbi oxuyur və həkim olmaq istəyir böyüyəndə. Bunu danışanda onsuz da bozarmış Altayın sifəti bir az da qaraldı, bozardı. Şeyla isə sual verirdi:

-Görəsən, oğlumuz niyə məhz həkim olmaq istəyirmiş?

-Mmm.. Bilmirəm, yəqin xəstə adamlara kömək eləmək üçün...

-Hmm, təkcə elə bu? Başqa heç nə gəlmədi ağlıva? Nədir, başqa vaxt bizimçün ən şirin fantaziyalarıvı uydura bilirsən? Ay səni pis... – deyib üzünü nazla və incimiş kimi çevirdi ondan.

-Hardan bilim axı, Günəşim? Oğlumuz olsa, bunu özünə sorarıq, deyər...


Şeyla sevdiyinin hər kəliməsini bilərdi. Əsl sevənlər də belə sevir – sözün vurğusundan duyurlar sevdiklərinin ürəyindəkini. Altayın son cümlədəki şərt şəkilçisini də Şeyla diqqətdən itirmədi:

-Niyə yenə altay-budaq cümlələri qurursan, niyə “olSA”? – deyib şərt şəkilçisini xüsusi vurğuladın, eyy Sənləyəm e!?

Söhbətə necə başlayacağını bilməyən Altay üçün bu qəfil giriş oldu. Rus ruleti oynayan çılğınların tətiyi gicgahında qəfildən sıxması kimi ani cavab verdi:

-Oğlumuz da olmuyacaq, heç ailəmiz də. Mən SPİD`ə yoluxmuşam!


Altayın həmişə “sevirəm səni” deyən dodaqlarının arasından çıxan bu mərmi isə Şeylanın ürəyinin düz ortasından dəydi. Yox, Altay, sən oyunun qaydalarını pozursan. Axı rus ruleti oynayan adam tapançansını başqasının yox, məhz özbaşına dirəyir. Siz ki burda, duelə çıxmamısız ki, öz mərmini sevdicəyinin qəlbinə çaxasan!? Lüləni öz gicgahıva dirəməli idin...



...Artıq məsələ açılmışdı. Yarım saat içində Altay hər şeyi başdan ayağa danışdı. Şeyla isə fantastik filmlərdəkitək qəfildən daşa ya buza dönən insanlar kimi ölüm sükutuna batmış və heç bir şərhsiz, sorğu-sualsız qarşısındakı insanı dinləyirdi. Daha doğrusu, dinləməyə çalışırdı. Çünki Altay danışdıqca Şeylanın fikirləri yerində durmur, beyninin bir küncündən digərinə, bu yarımkürədən o yarımkürəyə cumurdu – zəncirini qırmış dəli itlər kimi. Beləcə indi onun kəllə qapağının altında yüzlərlə, minlərlə zəncirini qırıb ora-bura qaçışan, qaçışanda zəncirləri bir-birinə dolaşan və ağrıdan zingildəyən itlər vardı. Altay isə ara vermədən bütün fikirlərini, bütün üzüntüsünü bildirməyə və son sözlərini deyib həmişəlik vidalaşmağa çalışırdı. Çünki belə hadisədən sonra sevdiyindən bağışlanma gözləməyə üzü yox idi. Özünü heç bir aministiyaya da layiq görmürdü. Həm də ömrünün sonlanmasına az qalmış məhbusu azad etmək nəyə lazımdır ki?..



* * * * * * * * * *
Dağüstü parka haçan gəlib çıxdıqları yadlarında deyildi. Altay bütün ürəyindəkiləri boşaldıb ruhu zəngildiyə-zəngildiyə sevdiyinə xoşbəxtlik arzulayandan sonra saatına baxdı. Doqquzun yarısı idi. Sınmış boynu gipsdə olan adamlar kimi zorla başını çöndərib bayaqdan bəri ilk dəfə sevgilisinin üzünə baxdı. Şeyla xiyabandakı atəşgahın altında durduqları Dağüstü park terrasından Xəzərin üfüqlə öpüşdüyü uzaq üfüq xəttinə baxırdı. Fikirləri isə ordan da uzaqlarda uçuşurdu. Altayın doluxsunmuş halda ona baxdığını hiss elədi. Bu anda ikisinin gözləri görüşdü. Bəbəkləri də qızarmışdı Altayın. Şeyla isə daş kimi hissiyatsız dayanmışdı bayaqdan. Diqqətlə Altayın gözlərinə baxdı. Ölümə aparan xəyanətindən sonra cəsarətlə cəza hökmünə boyun əymiş sevgilisinin bəbəklərini eşələdi baxışları ilə. Axtardığını asan tapdı: bərabər olduqları 3 il ərzində ilk dəfə idi ki, Altayın gözlərində yaş görürdü. Məhz elə o anda bu yaşlara görə, heç ölümə və ayrılığa görə də yox, bu yaşlara görə bağışladı sevdiyini başqa heç bir şey düşünmədən. Bunun göstərgəsi olaraq, açıb qollarını sarıldı sevdiyinin boynuna, qoydu soyuq kəsmiş yanağını sevdiyinin yanağına. Öpdü səssiz ağlayan gözlərini. Qısıldı soyuqda üşüyən balaca pişik sahibinə sığınan kimi. Altay da sıxdı Günəşini sinəsinə. Sarışın saçları dağıldı qolları üstünə. Şeylası da hıçqıra-hıçqıra öpdü üzündən. Ani bir çılğınlıqla birlikdə olduqlarından bəri ilk kəs öpdü Altayın dodağından, həm də birinci özü öpdü. Sevdiyinin ilıq öpüşləri başını gicəlləndirdi onun. Hər ikisi dodaqdan qəlbə deyibən içdilər eşq şərbətini ağızdan-ağıza. Şeylanın od kimi yanan dodaqları dağladı adaxlısının ürəyini. Altay ildırım vurmuş adam kimi karıxdı. Həm sevdiyinin ilk busəsi, həm də HİV-ə yolxumuş vücudunun belə yaxın təması ilə onu da virusa yoluxdura bilmək ehtimalı iki əks zərbə ilə sarsıtdı vücudunu. Titrədi əlləri, Şeylanın qollarından tutub özündən aralamaq istəsə də, dodaqları getdikcə daha çox birləşir, daha dərin öpüşlərlə sarıyırdı yaralarını ruhunun. Bu cür əhvetmə qadın ruhunun yüksəkliyi idi...


* * * * * * * * * *
Bir neçə gün keçmişdi. Hər şey olduğu kimi davam edirdi. Altay özü nə qədər israr eləsə də, ayırlmadılar. Şeylara buna imkan vermədi. Birlikdə, dərin sevgilərinə inamla bunun öhdəsindən gələ biləcəklərini və Altayın tamamailə sağalacağına inandığını dedi. Altay onun şıltaq tərsliyini bilirdi. Ona görə də, çox dirənə bilməyib ikna oldu. Bir neçə gün sonra isə Altaya tanış olmayan bir nömrədən zəng gəldi. Zəng diaqnostikadan gəlmişdi, həkim onun mümkün qədər tez gəlməyini istəmişdi. Yenidən mutluluq sarayının qülləsindən yerə çaxdı bu zəng Altayı. Bir saat isə artıq həkimlə görüşmüş və qısa danışıqdan sonra şən eyforiya ilə adaxlısına zəng edib təcili görüşmələrini istəmişdi. Yenə görüşdülər, bu dəfə qatardan qabaqda gedirdi onun ürəyi. Görüşəndə Şeyla təlaşla nə baş verdiyini soruşdu, bu təcili xəbərin sevgilisinin xəstəliyi ilə bağlı olduğunu düşünmüşdü, ama telefonda danışarkən Altayın səsindəki qeyri-adi şən isteriya onu çaş-baş qoymuşdu. Beləcə ürəyi çırpına-çırpına vaxtından əvvəl özünü çatdırmışdı görüş yerinə. 10 dəqiqə sonra gələn Altayın üstünə qaçan Şeylanın salam-kəlam eləmədən verdiyi ilk sualı bu oldu:

-Nolub, yenə həkimdən xəbər var??? Tez ol, de. Partdadı ürəyim, dəli elədin məniii! Tez elə, nə gülürsən, danış!

Yerin altından çıxan ölülər kimi metrodan çıxan insanlar cavan qızın bu təlaş dolu qışqırtısını görüb çönüb baxırdılar. Ətrafdakıların onlara diqqət verməsindən qıcıqlanan Altay isə sağ əlini Şeylanın ağzına aparıb əli ilə qapadı onun sərçə ağzını və sakitcə pıçıldadı:

-Həkim məni çağırmışdı. Dedi ki, analiz nəticələrim qarışıbmış. Qısaca mən virus daşıyıcısı deyiləm!

Ağzı tutulduğuna görə qışqıra bilməyən Şeyla gözlərindən qışqırdı sevincindən və sevgilisinin boynuna atıldı. Möhkəm-möhkəm qucaqlayıb yenə də dəli kimi dodağından bir öpüş götürdü. Altay nəyə uğradığını şaşırdı bir an içində. Dəlisov sevgilisinin qolundan tutub sürətlə metronun arxasındakı İçərişəhərin darvazalarına doğru apardı Şeylanı. Çılğın qız yenə atılıb-düşür, sakitləşmək bilmirdi. Altay danışmaq istədi. Bu dəfə isə Şeyla şəhadət barmağı ilə sevgilisinin ağzının tutub sus əmrini verdi, hiyləgər qadın gözlərilə. Aralarındakı üçüncü öpüşü alıb, Şeyla sevdiyinin dodağını dişlədi və xəfifcə qulağına pıçıldadı:

-Mənimsə Sənə “pis” bir xəbərim var. Bu da bizim son öpüşümüzdür - toyumuza qədər!


2011.4.1

HƏBİB HEYDƏR 

OXŞAR XƏBƏRLƏR