ABŞ-ın İraqdan qoşunlarını çıxarması planı İran üçün yaranmış boşluğu doldurmaq üçün növbəti imkan yaradır. Rəsmi Tehran həmçinin Şimali Afrikada yaşanan qeyri-sabitliyi bəhanə gətirərək Fars körfəzində də narazı kütlədən istifadə etmək istəyir. İranın əsas hədəfləri çoxlu sayda şiə əhalisi olan, eyni zamanda ABŞ qoşunlarının dislokasiya olunduğu Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanıdır. Bu səbəbdən Bəhreyndə gərgin vəziyyətin davam etməsi ən vacib məqamlardandır”.
Analitiklər Azərbaycan-İran münasibətlərini də şərh ediblər: “İran Azərbaycanda daha artıq gərginlik yaratmaq üçün səylərini artıra bilər. Lakin onlar ciddi qarşıdurmanın yaranmasına getməyəcəklər. Artıq onun şahidi olmuşuq ki, rəsmi Tehran hicab məsələsindən, İran mediasından istifadə edərək Azərbaycanda gərginlik, itaətsizlik yaratmaq istəyir. Onlar Azərbaycan İslam Partiyasından da daha sərt davranmağı tələb edir. İran müəyyən gərginlik yaratsa da mövcud hakimiyyətə heç bir formada təsir göstərə bilmədi. Əgər İran Azərbaycana qarşı daha sərt addımlar atsa, bu, Rusiyanın müdaxiləsinə səbəb olacaq. Nəticədə rəsmi Tehran çətin vəziyyətə düşəcək. Bu baxımdan ehtimal olunan odur ki, İran Azərbaycanda xırda narazılıqlar yaratmaqda davam edəcək, lakin əsas diqqətini Fars körfəzi və Ərəbistan yarımadası dövlətlərinə yönəldəcək”.
“Stratfor” ekspertləri İranda hər hansı ciddi narazılığın olmasını proqnozlaşdırmır: “İran müxalifəti xalqı hələlik öz ətrafında birləşdirə bilməyib və əhalinin geniş təbəqələrinin dəstəyinə malik deyil. Mövcud rejim eyni zamanda müxalifət liderlərinin gözdən salınması istiqamətində uğurlu kampaniya aparıb. Rəsmi Tehran xarici qüvvələrin milli azlıqlar - azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərdən istifadə edib ölkədə narazılıq yaratmaq istəyindən narahatdır. İran daxili təhlükəsizlik qüvvələrini gücləndirir, lakin ətraf regionlarda yaranmış fürsəti də əldən buraxmaq istəmir”.
//Yeni Müsavat