9 yaşlı Farizin öldürülməsi ilə bağlı məsələ BMT-də qaldırılıb
Bütün Xəbərlər
11:20 24.03.2011
1662
Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT İnformasiya Mərkəzindən bildirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin bununla bağlı BMT Baş Katibinə məktubu təşkilata üzv dövlətlərin nümayəndəliklərinə göndərilib.
Məktubda deyilir: “Martın 8-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində, Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açıb. O başından yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib. Biz dəfələrlə bildirmişik ki, ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozaraq təkcə Azərbaycan əsgərlərinə deyil, həm də cəbhəyanı bölgələrdə yaşayan dinc sakinlərə hücum edir, onları öldürür”.
Səfir bildirib ki, son illərdə atəşkəsin pozulması halları daha da artıb: “Mənim təmsil etdiyim hökumət Ermənistan Respublikasının növbəti təhlükəli təxribatına qəti etirazını bildirir. Azərbaycanlı uşağı qəsdən öldürməklə və bu mənfur cinayətə görə məsuliyyətdən utanmadan imtina etməklə Ermənistan tərəfi bir daha göstərdi ki, onlar doqquz yaşlı uşağın həyatını itirməsindən vicdan əzabı çəkmirlər və insanlığın mənəvi və etik prinsipləri onlara yaddır. Dinc sakinlərə olunan hücumlar həm də Ermənistanın beynəlxalq hüquq və münaqişənin həlli prosesi çərçivəsində götürdüyü öhdəliklərə davamlı hörmətsizliyini göstərir. Qeyd etmək lazımdır ki, azərbaycanlı uşaq Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin martın 5-də Soçidə tərəflər arasında dialoqu davam etdirmək məqsədilə keçirilən görüşündən üç gün sonra öldürülüb. Bu işğalçı Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisədir”.