- Bildiyimiz kimi, bu yaxınlarada Bakı Dövlət Universitetində keçirilən iclasda bir neçə vəzifəli şəxsi işdən azad etdiniz. Bundan sonra, müxtəlif fikirlər səsləndirildi. Bəs siz özünüz bu qərarı necə izah edərdiniz?
- Dövlət başçısı İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin hesabat iclasında ölkənin inkişafı, qüdrətli dövlətə çevrilməsi haqqında geniş məlumat verdi. Ancaq bununla yanaşı ölkədə müəyyən sahələrdə neqativ halların, korrupsiya hallarının olduğunu və onlara qarşı mübarizə aparılmasına dair tapşırıqlar verdi. Ölkə rəhbərliyinin tapşırığı həyata keçirilməlidir. Bütün ölkədə korrupsiya, neqativ halların aradan götürülməsi istiqamətində çox böyük islahatlar aparılır. Bu baxımdan bütün qurumlarda olduğu kimi Təhsil Nazirliyində də geniş kollegiya iclası keçirildi. Təbii ki, biz də Bakı Dövlət Universiteti olaraq bu istiqamətdə müəyən addımlar atırıq. Ali məktəbdə böyük həcmdə korrupsiyanın olduğunu demək düzgün deyil. Müəyyən sahələrdə neqativ hallar, şəffaflığın pozulması məsələsi var. Universitetdə aparılan əsas müzakirələrdə müəllimlərin tələbələrə olan münasibətindəki səhlənkarlıq, işin öhdəsindən gələ bilməmələri, ciddi olmamaları, bəzi hallarda tələbələrin suni surətdə qiymətlərinə səhlənkarlıqla düzgün yanaşmamalarından danışılır.
Hesab edirəm ki, keçirilən iclasda və bundan sonra da prezidentin tapşırıqları əsasında universitetdə müxtəlif işlər aparılacaq. Təbii ki, işinin öhdəsindən gələ bilməyənlər, vaxtında işə gəlməyənlər var və onların tələbələrlə münasibətində müəyyən gərginlik halları yaşanır. Bəzən şəffaflıq hallarında pozuntular hiss olunur. Tələbənin qiyməti aşağı salınıbsa, bunun özü şəffaflığın pozulmasıdır. Bu və ya digər müstəvidə hüququn pozulması eyni məna daşıyır. Bizim də əsas işimiz belə halları aradan qaldırmaqdır.
- Universitetdə tələbələrin hüquqlarının qorunması istiqamətində hansı işlər görülür?
- Hazırda universitet "Boloniya prosesi"nə qoşulub. Bu proses də tələb edir ki, mentalitet, ideologiyamız buna uyğun olsun. Elə islahatlar aparaq ki, mentalitetimiz, ideologiyamız "Boloniya prosesi"nə uyğun gəlsin. "Boloniya prosesi"ndə kimə desən ki, tələbə ya tapşırılıb, ya hardansa köçürüb, ona gülərlər. Əgər tələbə yaxşı oxumaq üçün pul ödəyirsə, o niyə tapşırılmalı, və yaxud tələbə niyə şbarqalkadan köçürməlidir. Açıq etiraf etmək lazımdır ki, sovetlərdən qalan şbarkarkalar və tapşırıqlar hələ də qalıb. Prezidentin göstərişlərinə əsasən, islahatların aparılmasının hamısını korrupsiya ilə bağlamaq düzgün deyil. İnsanların vətəndaşlıq mövqeyini möhkəmləndirmək lazımdır, yəni tələbə hiss etməlidir ki, univesitetdə onun bütün hüquqları qorunur və ona qarşı heç bir ədalətsiz hərəkət yoxdur.
- Siz özünüz rektor olaraq, universitetdə tələbələrin özlərini etibarlı hiss etmələri və hüquqlarının pozulmaması üçün nə işlər görürsünüz?
- Təbii ki, rektor olaraq bu məsələdə mənim üzərimə böyük məsuliyyət düşür. Artıq bir həftədən çoxdur ki, hər gün tələbələri qəbul edirəm. Hər qəbula 600-700 tələbə gəlir və onların hamısı görüşdən razı gedir. Bəzilərinin qiyməti düzəlir, bəzilərinki isə düzəlmir. Qiymətlərin düzəlməsini rektor etmir. Onlar bir ay bundan qabaq Appelyasiya Məhkəməsinə və yaradılmış qərərgaha ərizə ilə müraciət edir və bu ərizələrə komissiyalarda baxır. Bir tələbənin qiymətinə obyektiv yanaşılması üçün 2 müəllim dəvət edirik. Bəzən biri 100 ballıq sistemdə 30 bal, o biri 26 bal və yaxud da biri 20, digəri isə 17 bal verir. 17 bal verirsə tələbə müsbət qiymət ala bilmir, 18 bal veridkdə isə ala bilir. Burada 1 balın problemi var. Biz məcburuq ki, o yazını 3 müəllimə yoxladaq, çünki ola bilsin müəllim qiyməti aşağı salar və ya nəsə gözündən qaçar. Ona görə də tələbənin öz yanında işləri yoxlanılır və aydınlıq gətirilir ki, nəyə görə bu səhvə yol verib. Bundan sonra, onlar razı qalıb gedirlər. Əgər tələbənin hüququ pozulubsa, bunu da aydınlaşdırırıq. Biz həmişə 5 ballıq sistemdə idik. 2 alana 3, 4 alana 5 verirdik, amma indi 100 ballıq sistemə keçmişik. 100 balın içində 1 bal birşey deyil, amma bu tələbənin taleyini həll edir. Ona görə hökmən buna çox diqqətlə yanaşmaq lazımdır.
- Bundan sonra korrupsiya və neqativ halların qarşısnı almaq üçün univeristetdə hansı işlər görüləcək?
- Universitedə keçirilən iclasdan sonra hüquq və beynəlxalq hüquq fakultələrində xüsusi komissiya yaradıldı ki, fakultənin fəaliyyətini bir daha araşdıraq və struktur dəyişikləri edək. Bundan əlavə, bəzi kafedralar ayrılmalı, bəziləri isə birləşməlidir. Fakultə rəhbəliyində dekan, dekan müavininin işdə qalıb-qalmaması məsələsi də qüvvədədir. Universitet təkcə tədris ocağı deyil, o həm də elmi mərkəzdir. Bu islahatlar aparılan fakultələrdə elmi işlər var. Ancaq biz bu gün tələb qoymuşuq ki, beynəlxalq səviyyədə məqalə hazırlamalı və Azərbaycanın hüquq elmini dünya müstəvisinə çıxarmalıyıq. Əgər alim bu sahədə tanınmırsa, elmi məktəbi yoxdursa, bu bizdə çox narahatçılıq doğurur./// SIA.AZ