“ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi yaranıb”

“ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi yaranıb”
SİYASƏT
15:21 23.07.2025
326
Politoloq Samir Hümbətov "Hədəf” verilişinin bu günkü buraxılışında ABŞ-Azərbaycan münasibətlərindəki dəyişikliklər barədə danışıb.
 
AZXEBER.COM xəbər verir ki, o bildirib ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bu günə qədər baş verən proseslərə nəzər saldıqda, 2025-ci il yanvarın 20-dən sonra münasibətlərdəki fərqləri daha aydın şəkildə görmək mümkündür.

"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ilin fevralında ABŞ tərəfindən rəsmi şəkildə tanındı və bu andan etibarən münasibətlər daha dinamik inkişaf etməyə başladı", – deyə Hümbətov vurğulayıb.

Politoloqun fikrincə, "Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ-ın böyük dəstəyi olub. Lakin ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəliş müəyyən mənfi nəticələrə də səbəb olub. O qeyd edib ki, 2001-ci ildə ABŞ-ın Əfqanıstanda başladığı antiterror əməliyyatları zamanı bu düzəliş hər il dondurulub və bu, Azərbaycanın maraqları baxımından müsbət addım olub.

"Bill Klinton dövründə də münasibətlərdə inkişaf müşahidə olunurdu. Bush və Obama administrasiyaları dövründə də əməkdaşlıq davam etdi. Lakin ən gərgin dövr Biden administrasiyası zamanı yaşandı. Xüsusilə də administrasiyanın son aylarında ABŞ və Ermənistan arasında bağlanan razılaşma, bölgədə balanssız siyasətə işarə edirdi”, – deyə Hümbətov bildirib.

Politoloq hesab edir ki, Donald Trump-ın ikinci prezidentlik dövrü ilə birlikdə ABŞ-ın Cənubi Qafqaz siyasətində və Azərbaycanla münasibətlərində ciddi dəyişikliklər baş verib.

"Trump administrasiyası artıq Azərbaycanın əhəmiyyətini dərk edir. Hətta bir neçə gün əvvəl Donald Trump-un Ermənistan-Azərbaycan arasında sülh müqaviləsini alqışlayacağına dair açıqlamaları da bunu göstərir. Bu, ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni yanaşmaların formalaşdığını sübut edir”, – deyə Hümbətov qeyd edib.

O əlavə edib ki, Şuşada keçirilən III Qlobal Media Forumu zamanı Prezident İlham Əliyevin ABŞ-a dair səsləndirdiyi fikirlərə Donald Trump-ın cavabı və daha sonra dövlət başçısının onun təşəkkürünü bildirməsi, iki ölkə arasında müsbət istiqamətdə dönüş nöqtəsi kimi dəyərləndirilə bilər.

"Təbii ki, münasibətlərdə zaman-zaman soyuqluq da ola bilər, inkişaf da. Amma bu mərhələ konkret olaraq müsbət dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Hər iki tərəfin qarşılıqlı səmimi yanaşması münasibətlərin gələcəkdə də daha sağlam inkişafına zəmin yaradır”, – deyə politoloq vurğulayıb.

Sonda o bildirib ki, böyük dövlətlərin kiçik və orta ölçülü ölkələr üzərində təsir imkanları həmişə olub. Amma bu təsirin pozitiv ya da neqativ olması həmin dövlət rəhbərlərinin səmimiyyətindən və strateji yanaşmalarından asılıdır.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR