ABŞ-da ilk Azərbaycan teatrı

ABŞ-da ilk Azərbaycan teatrı
Bütün Xəbərlər
22:16 13.12.2011
2292

Azərbaycan Teatrının yüz otuz səkkiz illik tarixində yeni bir səhifə açıldı. Azərbaycan teatrı, Azərbaycan dramaturgiyasının qiymətli bir nümunəsi Amerika Birləşmiş Ştatlarında tamaşaçılara təqdim olundu. Bu hadisə həm tamaşaçıların, həm də həvəskar aktyorların vətənpərvərlik hissini, doğma Azərbaycanımıza olan bitməz-tükənməz məhəbbətini birə min artırdı. 

Bu tamaşanın səhnələşdirilməsində Azərbaycandan gəlmiş istedadlı rejissor, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Milli Dram Teatrının baş rejissoru, Azərbaycanın Əməkdar artisti,”Qızıl Dərviş” mükafatı laureatı Firuddin bəy Məhərrəmovun böyük əməyi oldu. Belə ki, Firuddin bəy teatr sahəsində heç bir təhsili olmayan, heç bir zaman tamaşaçı qarşısında səhnəyə çıxmayan insanlardan sözün həqiqi mənasında “aktyor” yaratdı. Tamaşanı seyr edən tamaşaçılar, bizim həmvətənlərimiz sankı bir anlıq doğma Azərbaycana qayıtdılar.Tamaşadan sonra aktyorların ünvanına söylənilən xoş sözlər onlara böyük ruh yüksəkliyi verdi.

İlk Azərbaycan tamaşası Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası olmuşdur. Bu tamaşa 10 mart 1873-cü ildə oynanılmışdır. Ona görə də milli peşəkar teatrımızın tarixi və eyni zamanda bugünkü Akademik Milli Dram Teatrının tarixi həmin gündən hesablanır.

Azərbaycanda peşəkar teatrın təşəkkülündən iyirmi üç il əvvəl milli dramaturgiyamız və həmin vaxtdan (1850) başlayaraq ədəbiyyatşünaslığımız pyes (faciə,məzhəkə,dram) janrının nəzəri prinsiplərinin elmi əsaslarını öyrənərək çağdaş səviyyəyə gətirmişdir. “Azərbaycan dramnəvisliyinin banisi” fəxri tacını daşımaq və bununla böyük bir ədəbi məktəbin bünövrəsini qoymaq səadəti Mirzə Fətəli Axundzadəyə nəsib olmuşdur.

Mirzə Fətəli Axundzadə 1850-1852-ci illərdə “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, “Xırs Quldurbasan”, 1855-ci ildə “Mürafiə vəkilləri” komediyalarını yazıb oxuculara təqdim etmişdir. “Təmsilat” adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü dillərinə tərcumə edilmişdir.

Sadə, bədii kompozisiyalı, həyati mövzusu və obrazlı dili, tez anlaşıqlı, mənası, güclü tərbiyəvi təsiri, tipik koloriti, dadlı-duzlu obrazları olan “Təmsilat” toplusu Azərbaycan milli teatrının doğuluşunu təmin etmişdir. M.F. Axundzadənin komediyaları Akademik teatr “aktyor məktəbi”nin formalaşmasında misilsiz xidmətlərə malikdir. Mirzə Fətəli Axundzadə irsi bitməz-tükənməz xəzinədir.

Məhz elə bu səbəbdən də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində Azərbaycan Nyu York Assossiasiyasının nəzdində yaradılmış Amerika Azərbaycan Teatrı da ilk qədəmlərini Mirzə Fətəli Axundzadənin 200-illik yubileyi ərəfəsində dahi dramaturqun “Müsyo Jordan və dərviş Məstəli şah” əsəri ilə atdı. Müxtəlif yaş qruplarından olan aktyor və aktrisalar qısa müddət ərzində bu qiymətli əsəri səhnələşdirib tamaşaçılara təhvil verdilər. 2011-ci il dekabr ayının 4-də bu teatr bayramı həmvətənlərimizi bir araya yığdı.

Tamaşanın açılış mərasimini giriş sözü ilə ANA cəmiyyətinin mədəniyyət şöbəsinin rəhbəri Telman Cəlilov açaraq sözü cəmiyyətin sədri Akademik Əli Nəsibova verdi. Cəmiyyətin məsul katibi Minəvvər Vahabova və tamaşanın rejissoru Firuddin Məhərrəmov da tamaşaya gələn qonaqları salamlayaraq onlara öz ürək sözlərini çatdırdılar.

Tamaşanın ərsəyə gəlməsində rejissor Firuddin Məhərrəmovla yanaşı ANA cəmiyyətinin mədəniyyət şöbəsinin rəhbəri, Azərbaycanın Əməkdar artisti Telman Cəlilovun da böyük xidməti olmuşdur. Səhnə tərtibatı demək olar ki, tam Telman bəyin gərgin əməyi sayəsində yaranmışdir. Cəmiyyətin digər üzvləri də bu tamaşanın yaranması və təhvil verilməsi üçün əllərindən gələn köməkliyi göstərmişlər.

Şübhəsiz ki,bu teatrın Nyu York şəhərində yaranması Azərbaycan teatr sənətinin, Azərbaycan incəsənətinin, dilinin,mədəniyyətinin,tarixinin yaşaması və gələcək nəsillərə çatdırılması istiqamətində gedən işlərin davamı olacaqdır. Tamaşanın ən gənc iştirakçısı Nərmin Vahabzadə və Anar Vahabzadə eyni zamanda ANA cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Soydaş” rəqs ansamblının üzvləri və həftəsonu məktəbinin şagirdləridirlər. Ana dilimiz olan Azərbaycan dilinin unudulmaması və təkmilləşdirilməsi üçün həftəsonu məktəbində Azərbaycan dilinin öyrədilməsinin davamı olaraq böyük dramaturqun əsərində rol almaq bu azyaşlı Azərbaycanlı balalar üçün böyük bir həyat məktəbidir.

Tamaşada iştirak edən digər aktyorlar: Bella Hanuka,Kamal Rüstəmov, Aludə Zeynalova,Qurban Yahya, Canpolad Cəlilov,Nərminə Şirinova, Adil Məmmədov, Rüfət Verdiyev də üzərlərinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəldilər.

Pərdə arxasında tamaşanın gedişinə yardımçı olan səs texniki Cavid və videoperator Jeyhunun da əməyini qiymətləndirməyi özümə borc bilirəm.

Tamaşaya qonaq qismində dəvət olunmuş BMT-də Azərbaycanın daimi nümayəndəliyinin bir qrup işçisi, Nyu Yorkda yaşayan Azərbaycanlı müğənni Nailə Əziz, Azərbaycanın yaxın dostu, Azərbaycan mədəniyyətinin təmsilçisi,şair Raşbil Şamayev və digər həmvətənlərimiz tamaşadan məmnun olduqlarını söylədilər. Nyu York şəhərində Azırbaycan Teatrının yaranmasını hər kəs alqışladı.

Biz bu teatrın uzun ömürlü olmasını arzu edir və teatra bol-bol tamaşalar və tamaşaçılar arzu edirik. Arzu edirik ki, teatrın repertuarı rəngarəng tamaşalarla dolu olsun. Necə ki tamaşanın Kosası söylədi: TEATRIMIZ MÜBARƏK.

ANA cəmiyyətinin məsul katibi və həftəsonu məktəbinin müəllimi 

MİNƏVVƏR VAHABOVA

OXŞAR XƏBƏRLƏR