Xəbər verildiyi kimi bu il avqust ayının ortalarında Bostonun hüquq mühafizə orqanları Azərbaycan vətəndaşı Evelin Vəlibəyovanın yoxa çıxması barədə iş üzrə əsas şübhəli şəxsin aşkar edildiyini bildirib.
Evelin Vəlibəyova təxminən üç il bundan əvvəl Massaçusets ştatının Boston şəhəri ətrafındakı Kvinsi yaşayış məntəqəsində öz mənzilindən yoxa çıxıb. Bu hadisədən sonra o, itkin düşmüş elan edilib. Bütün bu müddət ərzində davam edən təhqiqat bir nəticə verməyib.
Müstəntiqlərin əlində olan dəlillər yalnız E.Vəlibəyovanın mənzilində qana bulanmış xalça, bir də onun dostlarının və ailə üzvlərinin heç də yetərli olmayan şahid ifadələri idi. Şəhər polisi son üç il ərzində bu işi “itkin düşənlər” kateqoriyasına aid etmişdi. 2014-cü ilin avqust ayında isə həmin iş “qəsdən adamöldürmə” kateqoriyasına aid edilərək şəhər prokurorluğuna verilib. Polisin ehtimalına görə E.Vəlibəyova əvvəllər məhkum olunmuş, 2006-cı ildə şərti olaraq vaxtından əvvəl həbsdən azad edilmiş Con D.Kastonquey tərəfindən qətlə yetirilib.
E.Vəlibəyovanı qətlə yetirməkdə şübhəli sayılan C.Kastonquey 1986-cı ildə Rod-Aylend ştatındakı kiçik Vunsoket şəhərində 9 yaşlı qızcığazı aldadaraq kimsəsiz bir yerə aparıb və orada onu zorlayıb. 1987-ci ilin iyun ayında Kastonquey həbsə alınaraq 75 il həbs cəzasına məhkum edilib. Bu hökmü çıxaran hakim Mark Vulf Kastonqueyi “çox təhlükəli və riyakar cani” adlandıraraq xəbərdarlıq edib ki, bu şəxs azadlığa buraxılarsa, o yenə cinayət törədəcəkdir.
Hüquq mühafizə orqanları bildirirlər ki, Evelin Vəlibəyovanın axırıncı videogörüntüsü Boston metropoliteninin Şimali Kvinsi stansiyasında qatardan çıxarkən qeydə alınıb. Bundan sonra onu görən olmayıb. İstintaq materiallarına görə, Evelin yoxa çıxan vaxt C.Kastonquey qızın yaşadığı binada fəhlə kimi işləyirmiş. Sənəddə deyilir: “C.Kastonqueydə E.Vəlibəyovanın mənzilinin açarı vardı və o, həmin mənzilə sərbəst gedib-gəlirdi. Kastonquey müxtəlif vaxtlarda Vəlibəyovanın mənzilində olmasını və qız yoxa çıxandan sonra da onun mənzilində təmizlik işləri aparmasını etiraf edib. Kastonquey bu iş üzrə şübhəli şəxs kimi qalır”.
“Boston Globe” qəzetinin jurnalisti Tomas Farrager tərəfindən əldə edilmiş yeni məlumatlara görə, Evelinanın yaşadığı binadakı mənzillərdə təmizlik və təmir işləri aparan Kastonquey yarım saat onun mənzilində olub. Kastonqueyin sözlərinə görə, o, Evelin ilə heç vaxt tanış olmayıb və mənzildə yalnız təmizlik işləri aparıb. Evelinin keçmiş məşuqu, bir müddət onunla eyni mənzildə yaşamış Dmitri Borkin Kastonqueyin bu sözlərini inkar edir. 2011-ci il iyulun 13-də Borkin iş yerini dəyişdiyinə görə oradan köçməli idi. Onun sözlərinə görə, Borkin Evelinin mənzilindən köçüb gedəndən sonra qızın orada tək yaşayacağını Kastonquey bilirdi. Dörd gündən sonra Evelin itkin düşüb. Evelinin dostu Dankan Boydun ifadələrinə görə, Evelin ona deyibmiş ki, onun Kvinsidə, Hoces prospektində yerləşən mənzilində təmir işlərini Kastonquey aparır. Evelin Boyda deyirmiş ki, Kastonquey mənzildə onunla tək qalanda Evelin özünü çox narahat hiss edirmiş. Boyd deyib: “Evelin fikirləşirdi ki, Kastonquey murdar tipdir”.
Evelinin yox çıxması və ya ehtimal edildiyi kimi, qətlə yetirilməsi barədə iş üzrə Kastonqueyə hələlik ittiham təqdim edilməyib, çünki ortada maddi sübut, yəni cəsəd yoxdur.
Evelin yoxa çıxandan sonra onun mənzilində ilk dəfə axtarış aparmış polis Con Morris deyib ki, çox güman, Evelin Vəlibəyovanın qətlə yetirilməsində və ya yoxa çıxmasında Con Kastonqueyin əli olub. Morris də bildirir ki, Kastonquey bu mənzilə rahatca daxil ola bilirdi, çünki həmin binadakı bütün mənzillərin açarları onda vardı və o, qızın meyitini mənzildən çıxarıb apara bilərdi. Heç kəs maraqlanmayacaqdı ki, Kastonquey zibil kisələrini nə üçün daşıyır, çünki onun işi bu idi. Polis zabiti deyib: “Mənim fikrimcə, mənzildəki xalçanın səthindən və divarlardan qan ləkələrini təmizləmək üçün Kastonqueyin müvafiq vasitəsi və vaxtı olub”.
Evelin metro stansiyasında sonuncu dəfə göründüyü günün ertəsi o, Azərbaycanda yaşayan anası ilə skayp vasitəsilə əlaqə saxlamalı idi. Lakin ertəsi gün o, nə skayp şəbəkəsinə qoşulub, nə də işə çıxıb (Evelin Kembric şəhərində restoranda işləyirdi). Bundan sonra onun yoxa çıxması barədə polisə məlumat verilib. Mənzildə axtarış zamanı məlum olub ki, Evelinin şəxsi əşyalarının çoxu, o cümlədən sənədləri oğurlanıb. Mənzildəki xalçada qan ləkələri vardı. Bundan sonra polis Evelini şəhər xəstəxanalarında axtarmağa başlayıb. Bir müddət sonra Evelinin bəzi əşyaları, o cümlədən qəhvəyi rəngli çantası, mobil telefonu və bəzi sənədləri Dorçester rayonunda, onun evinin yaxınlığında tapılıb. Şəhər prokurorluğu bildirir ki, əgər Evelinin meyiti tapılmasa, işin aparılması çətin olacaq.
Qeyd etdiyimiz kimi, 2006-cı ilin avqust ayında Kastonquey şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Lakin 2013-cü ilin noyabr ayında həmin qərar ləğv edilib və Kastonquey həbsxanaya qaytarılıb.
AzərTac