"İran münaqişənin sərhədlərini genişləndirərək ABŞ və İsraili müəyyən təzyiq altında saxlamağa çalışır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Anar Əliyev deyib.
O bildirib ki, ABŞ və İsrail hədəflərinə nail olana qədər müharibə bitməyəcək:
"ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə qarşıya qoyulan hədəflərə nail olunana qədər bitməyəcək. Amma bu hədəflərə çatmaq üçün qısa müddət ərzində əhəmiyyətli irəliləyiş əldə olunub. Çünki ABŞ münaqişə başlayarkən bir neçə məqsəd müəyyən etmişdi. İranın nüvə və raket proqramlarından, region dövlətlərində İranın formalaşdırdığı və maliyyələşdirdiyi proksi qüvvələrə nəzarətdən imtina əsas məqsədlərdir. Münaqişənin başlanması ilə yeni bir hədəf də müəyyən olunub. Rejimin dəyişdirilməsi hesabına ABŞ-yə loyal münasibət göstərən bir idarəetmənin formalaşdırılması prioritetdir. Digər hədəf isə İranın neft məhsullarının ABŞ nəzarətində dünya bazarına, xüsusilə də Çinə çıxarılmasının təmin edilməsidir. Hesab edirəm ki, bu hədəflərə hələ tam nail olunmayıb. Ona görə də ABŞ və İsrail tərəfindən müharibənin, hücumların dayandırılması hələ real görünmür”.
Politoloq vurğulayıb ki, İranın müqavimət göstərə bilmə imkanları hər gün azalır:
"İranın da ABŞ tərəfindən irəli sürülən şərtlərə müqavimət göstərə bilmə imkanları hər gün azalır. Qeyd etmək lazımdır ki, münaqişənin ilk saatlarından etibarən ABŞ və İsrail qüvvələri İranın hərbi, siyasi və dini rəhbərliyinə ciddi zərbə vurub və idarəetmə sistemini iflic edib. Siyasi və dini idarəetmə sistemləri arasında koordinasiya pozulub.Bu gün İran üçlü sistem əsasında idarə olunmağa çalışır, lakin bu kifayət qədər effektiv deyil. İran prezidenti Məsud Pezeşkian yerli özünüidarə orqanlarına müstəqil qərar vermək səlahiyyəti vermək məcburiyyətində qaldı. Bu, İranın idarəetmə sistemində ciddi xaos və idarəsizliyi göstərir. ABŞ və İsrailin təzyiqləri qarşısında uzunmüddətli müqavimət göstərmək ehtimalı azdır”.
O söyləyib ki, İranın maraqlarına uyğun danışıqların baş tutması mümkün görünmür:
"Mövcud rejim hələ də ABŞ ilə danışıqlara getmək istəmir. Çünki bu, İranın tam məğlubiyyətini qəbul etməsi kimi qiymətləndirilər və xalq arasında rejimə inamsızlığı artıra bilər. Nəticədə daxildən silahlı müqavimət formalaşmağa başlayar. Bu səbəbdən İran hazırda ABŞ hərbi bazalarının yerləşməsini bəhanə edərək, müxtəlif ərazilər balistik raketlər və dronlar göndərməyə çalışır. Bununla da münaqişənin sərhədlərini genişləndirərək ABŞ və İsraili müəyyən təzyiq altında saxlamağa çalışır. ABŞ-İsrail isə bunu yaxşı başa düşür və İranın bu addımlarını daha çox pərakəndə davranış kimi qiymətləndirir. Belə bir vəziyyətdə İranın maraqlarına uyğun danışıqların baş tutması hələ mümkün görünmür”.
Şahanə Ziyad










































