ABŞ və Rusiya kəlbəcərli girovları buraxdıra biləcəkmi?

SİYASƏT
13:31 21.02.2015
1338

Kremlin və Vaşinqtonun Dağlıq Qarabağ məsələsində yanaşması üst-üstə düşməsə də bu məsələdə mövqeləri xeyli yaxındır; işğalçı tərəf isə saxta məhkəmə hökmü ilə özünü “hüquqi” bataqlığa salıb; Xocalı soyqırımının ildönümünsə “apelyasiya şikayəti”nə baxış nəyi dəyişə bilər?

Başa çatmaqda olan həftə Şuşa türməsində saxlanılan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinin yüksək səviyyədə gündəmə daşınması ilə yadda qaldı. Söhbət xüsusilə də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Bakıda və İrəvanda bu mövzuda verdiyi açıqlamadan gedir.
Amerikanın ən təcrübəli diplomatlarından, hətta “ağır artilleriyası”ndan sayılan xanım Nuland Azərbaycan paytaxtında verdiyi vədi tutaraq Ermənistanda da bu məsələni dilə gətirdi, girovların geri qaytarılmasının vacibliyini, bunun sülh prosesinə müsbət təsir edə biləcəyini vurğuladı.
Doğrudur, İrəvanda bunu o, bir qədər ziddiyyətli formada ifadə elədi, ancaq mahiyyət yerində idi - ABŞ da Dilqəmlə Şahbazın tezliklə geri verilməsinin tərəfdarıdır.
Dövlət katibi köməkçisinin ardınca ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Xankəndində, girovların saxlandığı yerdən cəmi bir neçə kilometr aralıda oxşar mövqeni əks etdirən açıqlama verdi.“Gərginliyin artdığı bir vaxtda girovların qaytarılması kimi humanitar təşəbbüs danışıqlar üçün daha əlverişli atmosferin yaranmasına səbəb ola bilər”- dedi.
Bəllidir ki, Minsk Qrupunun digər həmsədr ölkəsi kimi Rusiya da bir neçə dəfə girovlarla bağlı bənzər mövqe ortaya qoyub. Əsasən də xarici işlər naziri Sergey Lavrov bu yöndə xoş məram nümayiş etdirib, hətta məsələ ilə əlaqədar erməni tərəfi ilə müzakirə aparacaqlarını söyləyib.
Son olaraq bunu Rusiya XİN nümayəndəsi Aleksandr Lukaşeviç mətbuata açıqlamasında həmin yanaşmanı bir daha təsdiqləyib: “Nazir Sergey Lavrovun da dediyi kimi, bu məsələ erməni həmkarlarımızla müzakirə olunacaq”.
“Ermənistanda saxlanılan girovların geri qaytarılması əslində çox təbii və asan məsələdir”. Bunu isə Tiflisə rəsmi səfəri çərçivəsində dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib: “İrəvanda həm Viktoriya Nuland, həm Ceyms Uorlik, həm də həmsədrlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə toxunublar. Mən açıq şəkildə deyə bilərəm ki, girovların saxlanılması ədalət baxımından ağlasığmaz bir məsələdir. Ermənistan girovları saxlamaqla qeyri-konstruktiv mövqe nümayiş etdirir. Mən inanıram ki, biz girovları geri qaytaracağıq”.
Göründüyü kimi, girovlarla bağlı əsas həmsədr ölkələrin iradəsi ortadadır. Onların qətiyyəti yetərli olarsa, bu iş xeyli sürətlənə bilər. Hərçənd, erməni tərəfi “məhkəməni” dünya birliyi tərəfindən tanınmayan qondarma qurumun ərazisində aparmaqla və girovların boynuna olmayan qətl hadisəsini qoymaqla geri addım üçün faktiki surətdə imkan saxlamayıblar, özlərini qəlizə salıblar. Üstəlik də az qala hər həftə isterik bəyanatlar verirlər ki, heç bir mübadilədən söhbət gedə bilməz, “uzaqbaşı Dilqəm Əsgərovu Ramil Səfərovla dəyişə bilərik” kimi sərsəm açıqlamalar səsləndirirlər.
*****
Gələn həftə, fevralın 26-fa - Xocalı soyqırımının ildönümü günü soydaşlarımızın “apelyasiya şikayəti”nə baxılacaq. Bəs, “Məhkəmə” ABŞ və Rusiya rəsmilərinin mövqeyini ciddiyə alacaqmı? Söyləmək çətindir. Bir mühüm səbəbi dedik - hüquqi bataqlıq. Bu xüsusda hüquqşünas rəyi də maraqlıdır.
İş ondadır ki, Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərovu tutaq ki, ekstradisiya eləməkdən ötrü Azərbaycana müraciət etməlidir, çünki Moskva Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır. Şahbaza - bizim vətəndaşa gəlincə isə, hüquqi baxımdan Bakı heç kimə müraciət edə bilməz, yenə eyni səbəbdən - Qarabağ Azərbaycan ərazisidir. Təsəvvür edin ki, Moskva bu işlə əlaqədar İrəvana müraciət edir. O zaman belə çıxacaq ki, Rusiya Dağlıq Qarabağı Azərbaycanın yox, Ermənistanın ərazisi sayır. Demək, qalır bircə siyasi yol. Bu isə xeyli dərəcədə rəsmi İrəvana Moskva və Vaşinqtonun təzyiqlərindən asılı olacaq.
musavat.com
OXŞAR XƏBƏRLƏR