ABŞ və Rusiyaya nə lazımdır?

ABŞ və Rusiyaya nə lazımdır?
Bütün Xəbərlər
16:36 01.02.2014
1844
Elşən Musayev
Amerika və Rusiyanın illər uzunudur dəyişməz olan fundamental bir dünyagörüşü var:
Sanki, bütün dünya və bəşəriyyət bunlara atalarından qalan əmanətidir və ortalıqda vəsiyyət-filan olmadığına görə iki qardaş arasında bir şəkildə bölüşdürülməlidir. Azına və çoxuna qane olaraq...
Eyni zamanda dünyanın tablosunu da onlar müəyyən eləməlidir, palitrasını da (istədiyi anda) onlar dəyişməli... Və deyim, hamıya qarşı da standart bir tərz nümayişi var. 
Ərəb ölkələrindən tutmuş Afrikaya,  Asiyadan tutmuş Avropaya, hətta bir az daha lokal bölgə hesab olunan Qafqaza qədər.  Zəif ya da güclü, aktiv ya da hiper aktiv – heç fərq eləməz. Onsuzda eyni adlı münasibəti bütün dövlətlər öz üzərlərində hansısa formada hiss etməyə məhkumdur. Həmçinin Azərbaycan...
***
Müstəqil olduğumuz ilk dönəmlərdən bəri rastladığımız bütün qarşıdurmaların, xaosun, hətta Dağlıq Qarabağ adlı problemin belə mənbəyi, ipucu həmin fövqəl-dövlətlərə doğru gedib çıxır, onlara sızır, onları nişan verir. Birmənalı şəkildə! Və ya bu gün dünyanın bütün sanballı hərbi ekspertləri də təsdiq edir ki, Dağlıq Qarabağı silahlı yolla geri qaytarmamız üçün bizlərə yalnız və yalnız 72 saat kifayətdir.  Amma təbii, Rusiya ilə deyil, erməni ilə döyüşəcəyimiz halda...
Ya da Amerikanın özü. Onlara nə lazımdır? – Sabitliyini itirməyən problem. Bizim üçün Dağlıq Qarabağ, qonşu Türkiyə üçün kürd, nə bilim Gürcüstan üçün Osetiya və.s bu kimi kontekstdə. Amma bir daha vurğulayıram: Sabit qalmaq şərtilə...
Baxın, Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir görüşə qatılır. Anındaca nə baş verir? – Atəşkəsin pozulması, sərhəddə atışma və insan tələfatı...Eyni zamanda bu həm də haqqında danışdığım dövlətlər tərəfindən açıq bir mesajdır: “Problemin həlli istiqamətində əlimizdən gələn pislikləri əsirgəməyəcəyik!”
 Amma bir başqa tərəfdə də hansı vizual görüntü var? –Demokratiyanın (?!) beşiyi olan Amerika görüntüsü, qonşu dövlətlərin maraqlarını (guya) hər şeydən üstün tutan və ağsaqqal təəsüratı yaratmağa çalışan Rusiya görüntüsü. Və...nəhayət  görüntüdən o yana keçməyən mənzərə! O mənzərə ki, arxa fonunda olmazın oyunlar keçir. O mənzərə ki, tabloya milyonların qanı ilə həkk olunur...
***
Haqqında danışdığım dövlətlər bir tək milli məsələlərdə deyil, elə siyasi proseslərə münasibətdə də həm-ahəng və həmrəngdir. Sadəcə öz maraqlarına uyğun olaraq!. Məsələn, Azərbaycanda 90-dan bəri nə seçki olubsa ora bir formada əl qatmağa çalışıblar. Düzdür, faktiki olaraq hər hansı bir yekuna təsir edə bilməyiblər. Amma yekundan doğan bəzi prosesləri idarə edə biliblər.
Məsələn , “AXCP-Müsavat” hakimiyyəti dövründə olduğu kimi. Və ya o dövrdə mövcud olan hakimiyyətdaxili anarxiya elə bir həddə  idi və nəticə etibarilə Azərbaycana elə bir məhkumiyyətlər yaşatdı ki, 20 ildir hələ də onun bədəlini ödəyirik. Üstəgəl, hər dövrdə və hər məqamda bizlərə qənim və düşmən kəsilən qüvvələrin davamlı zərbələrindən qoruna-qoruna, həmin zərbələri dəf edərək...
***
Həmin “dünya” ən kritik məqamlarda belə Heydər Əliyevin qətiyyətli mövqeyi ilə üzbə-üz qalmalı oldu. Eyni zamanda İlham Əliyevin. Yəqin xatirinizdə olar, 2003-də bəlli qüvvələr eynən 93-ün ssenarisini yazmışdılar. Amma nəticəyə vara bilmədilər. Niyə? Çünki dövlət 93-dəki dövlət deyildi. Və ya 2005.
Qərb tərəfindən xüsusi bir təlimatla icra olunan narıncı inqilabların estafeti harda dayandı? – Yenə də Azərbaycanda. Bacarmadılar. Daha doğrusu bacara bilmədilər! Yəqin elə bu səbəbdən də bir müddət susmağa üstünlük verdilər. Ta, 2013-ə qədər... Eyni adlı proseslər onda da vüsət aldı: 
Rusiyanın yaratdığı “Milyarderlər İttifaqı”, Qərbin beynəlxalq təşkilatlarla üzərimizə hücumu, hətta bəzi hallrda səfir və diplomatların belə müxalif qüvvələrlə separat görüşlərə cəlb olunması və s ilaxır...Əlqərəz, özlərinə hər şəkildə əl qatdılar. Nəticə isə yenə də olmadı ki, olmadı...
Yaxşı bəs, indi Azərbaycanın ətrafında hansı proseslər dövr edir? – Üslubu dəyişsə də, formatı dəyişməyən proseslər!. Və ya ətraf dövlətlərin birində tutaq hər hansı bir həssam durum yaranır, anındaca  başlayırlar ismarıc verməyə, ya da öz aləmlərində görk eləməyə. Yəni proses bizlikdir, hər an siz tərəfə də meyl eliyə bilərik...
Guya eləməmisinizmi? Tarix boyu, zaman boyu əlinizdən gələni eləmisiz də... Sadəcə iradənizdən asılı olmayan səbəblərdən heç bir nəticə hasil olmayıb. Misal üçün, 2005-də Amerika səfiri Rino Harniş hansı rolu oynamışdısa, bu gün sələfi Morninqstar da eyni estafetin davamını gətirir.
Bunlar sanki bir yerə söz ya da söyüş qoyub ki, Azərbaycanın daxili işlərinə qarışmasaq diplomatik missiyamız qənaətbəxş hesab oluna bilməz. Və ya həmin 2005-in Parlament seçkilərində Rino Harniş Azərbaycanın bütün bölgələrini demək olar qarış-qarış gəzib anti-hakimiyyət təbliğatı aparırdı. Bu gün isə Morninqstar ortalıqdan çıxmır. Dəxilsiz adamlarla mənasız, məzmunsuz, rabitəsiz görüşlər keçirir...
Amerika səfirinin eyni məzmunda ən son görüşlərindən biri isə “Milli Şura”nın sabiq üzvü, eyni zamanda “EL” hərəkatının həmtəsisçilərindən biri Eldar Namazovla baş tutub. Görüşdən dərhal sonra isə Namazov mətbuat konfransı keçirərək bütün təfsilatları və detalları açıqlayıb.
Heç şübhəsiz yenə də səfirin birbaşa təlimatı ilə. Həmin detallarda isə inanılmaz maraqlı və kuryoz məqamlar var. Məsələn, Namazova edilən tövsiyyələrdə “El”hərəkatını buraxıb əvəzinə partiya yaratmaq, müxalif qüvvələri koordinasiya eləmək və nəhayət ilkin olaraq bələdiyyə seçkilərində iştirakın vacibliyi kimi məxsusi elementlər yer alır...
Ortalıq  isə son dərəcə aydın bir suala elə özü kimi də aydın cavab axtarır:
1)    Hansi səlahiyyətlə səfir belə bir bəyanat verir?
2)    Nə vaxtdan  etibarən diplomatik korpusun təyinatına, iş prinsipinə həm  də ölkələrin daxili işlərinə qarışmaq kimi bir bənd əlavə olunub? (Bəlkə belə bir şey var, bizim xəbərimiz yoxdur?)
3)     Və ən nəhayət.., əvvəl-əvvəl  bu cür fəaliyyətlər bəlli qüvvələrlə(radikal müxalifətin təmsilçiləri ilər) separat formada aparılardı -  Heç olmasa üzdə də olsa sonradan inkar eləməyə, mövzudan yayınmağa  yer olsun deyə. İndi isə hər şey  son dərəcə açıq-açığınadır.
Yaxşı bəs bunun adı nədir o zaman? - Dünyaya meydanmı oxumaqdır, demokratiyanımı təpikləməkdir, yoxsa nə?...Əsl, bunun cavabını versinlər bizə...
***
Digər bir tərəfdə isə Rusiya Azərbaycana qarşı terror və dini kartlarını işə salıb. Həm də açıq bir təkəbbür nümunəsi olaraq... Amerikaya qarşı hiddət, Azərbaycana qarşı isə hədə formasında!. Və ya bu gün dövlətimizə terror şantajı edən “Meşə qardaşları” və “Ceyşullah”ın izlərinin də son olaraq hansı dalana dirəndiyi ən azından çoxlarına məlumdur. Ələlxüsus da bölgə və hansı məqamlarda ortalığa çıxma trayektoriyasına nəzər salarkən...
İslam faktoru və xristian Rusiya. Yəqin bu görüntü çoxlarında məlum bir çaşqınlığı yarada bilər. Fəqət, bir məqamı unutmamaq şərtilə: Hər şey heç də göründüyü kimi deyil...! Və ya Rusiyanın əlində əzəli müttəfiqi olan İran kimi gözəl bir kart, vasitə var.
Hansı ki, onun əli ilə bir tək narko-ticarəti deyil, eyni zamanda dini ekstermizmi də istədiyi istiqamətdə və istədiyi formada yönləndirə (stimullaşdıra) bilir, fanatizmin qurbanları olan kamikadzeləri yetişdirir və dinin mahiyətindən ümumiyyətlə anlayışı olmayan “dinşünas”ları, “təriqətçi”ləri nəzərində tutduğu bölgələr üçün ixrac edir. Ki, bəlli (gərəkli) məqamlarda ideoloji sarsıntı yarada bilsin və insanlar bir tək milli, etnik zəmində deyil, bunlara lazım olduğunda həm də dini zəmində bir-birinə girsin..
***
Bu gün nə qədər vətəndaşımız Suriyada qətlə yetirilir. Şəhidlik təbliğatı altında onların beyni yeyilərək məhvə məhkum edilir. Dövlətin isə bu mahiyətdən və həmin mahiyyətin qaynağı olan mənbələrdən xəbəri var. Elə buna görə də eyni adlı təbliğata qarşı amansız mübarizə aparır, birmənalı şəkidlə barışmaz mövqe nümayiş etdirir. Hərçənd həmin qüvvələr də paralel olaraq çox uzun illərdir mövcud hakimiyyətə, bizlərə “islamın düşməni” - damğasını vurma çabasındadır. Hətta buna israrlı kimi görünür. Fəqət, heç bir cəhdlə üzərimizə yapışdıra bilmir. Niyə? Çünki, gerçəklik  özündə tam başqa bir tablonu ehtiva edir. Bu isə hamıya bəllidir.
Və ya, Azərbaycan hakimiyyəti:
- İslamın deyil, islamda nühulizmin düşmənidir!
- İslami dəyərlərin deyil, dini xaosun düşmənidir!
- Allahı dərk edənlərin deyil, bu dərkin fövqündə baş verən terrorun, fanatizmin, cəhalətin düşmənidir...!!!
OXŞAR XƏBƏRLƏR