Ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirən və şanlı qələbə qazandığımız Vətən Müharibəsində düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərimiz daima yad edilir, onların anım və doğum günlərində məzarları ziyarət olunur, o cümlədən övladları və ailə üzvlərinə tez-tez baş çəkilir.
AZXEBER.COM xəbər verir ki, anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.
Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Adil Hüseynzadənin anım mərasimində, şəhid Sahib Musayevin həyat yoldaşı Pərvin Musayevanın, şəhid Şamil Nəcəfovun və şəhid Ramid Hacıyevin oğlunun doğum günlərində, o cümlədən şəhid Mehman Şirvanovun ailəsi ziyarət olunub, şəhidlərimizin məzarları üzərlərinə çiçəklər düzərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanılıb.
Eyni zamanda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təyyarə qəzasında həlak olmuş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Hökümə Əliyevanın anım mərasimində iştirak edib və Məmmədli qəsəbəsində yaşayan ailəsinə ötən müddət ərzində mənəvi dəstək olunub.
Şəhid ailələri ilə görüşdə RİH başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə düşmən öz məğlubiyyətini etiraf etməli olub və Kapitulyasiya aktına imza atıb. Azərbaycanımızın ərazi bütövlüyü tam təmin olunduqdan sonra işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayan RİH başçısı qeyd edib ki, Qarabağa yenidən həyat qayıdıb.
Şəhid ailələri də öz növbələrində onlara daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək, bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.