Bu gün – noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunur.
Bununla bağlı AZXEBER.COM-a açıqlama verən Millət vəkili Könül Nurullayeva Ağdamın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən danışaraq bildirib ki, şəhər günü kimi 20 noyabrın təsis edilməsi Azərbaycanın tarixi Zəfərinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi, zəngin mədəni irsi, münbit torpaqları və özünəməxsus təbiəti ilə hər zaman seçilib. Birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 1993-cü il iyulun 23-də rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələnib.
Onun sözlərinə görə, işğal nəticəsində rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal olunub, təxminən 128 min sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid olub, minlərlə insan yaralanıb. İşğal illərində Ağdamın iqtisadi və sosial infrastrukturu dağıdılıb, tarixi və mədəni abidələri vandalizmə məruz qalıb".
Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı uzun illər torpaqların azad olunacağına və ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inamını itirməyib.
"2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Noyabrın 23-də isə Prezident İlham Əliyev Ağdamda üçrəngli bayrağımızı ucaldıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən edilib".
Deputat Ağdamda aparılan bərpa və quruculuq işlərinə də diqqət çəkib:
"2022-ci il avqustun 16-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi yenidənqurma prosesində mühüm mərhələ olub. Baş Plana əsasən, şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, sosial obyektlərin və müasir infrastrukturun qurulması nəzərdə tutulub. Quruculuq işləri rayonun kəndlərini də əhatə edir. 2026-cı il iyulun 14-də Azərbaycan və Slovakiya prezidentlərinin Baş Qərvənd kəndində aparılan işlərlə tanış olması da bu prosesin əhəmiyyətini göstərir".
Millət vəkili Ağdamın iqtisadi potensialının inkişafında Sənaye Parkının xüsusi rolunu vurğulayıb. Onun sözlərinə görə, 190 hektar ərazini əhatə edən park Qarabağın sənaye potensialının reallaşdırılmasına, yerli istehsalın genişləndirilməsinə, sahibkarlığın dəstəklənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Deputat nəqliyyat infrastrukturunun inkişafının da Ağdamın gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını, tarixi-memarlıq irsinin bərpası istiqamətində görülən işlərə də toxunub:
"Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu xətti və yeni nəqliyyat qovşaqları şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Ağdam Cümə və Qiyaslı məscidlərinin, Pənahəli xanın İmarət kompleksinin bərpası, Şahbulaq qalasının qorunmasının şəhərin tarixi simasının yenidən canlandırılmasına xidmət edib. Ağdamın dirçəlişinin ən mühüm göstəricisi sakinlərin doğma torpaqlarına qayıtmasıdır. Şəhər və kəndlərdə aparılan quruculuq işlərinin əsas məqsədi burada həyatın bərpası və insanların öz doğma yurdlarında daimi yaşayışının təmin edilməsidir".











































