AZXEBER.COM xatırladır ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub. Bir neçə gündur ki, bu hadisə ölkə mediasının əsas gündəminə çevrilib.
İyul ayında məlum olub ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.
Rusiya mətbuatı və Qazproma bağlı informasiya şəbəkələri hələ ilin əvvəlindən Azərbaycanın enerji tədarükünün etibarlılığına dair mənfi xəbərləri tirajlamağa başlayıb. Bu kampaniya xüsusən Avropanın Rusiya qazından asılılığını azaltmaq və Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycanla əməkdaşlığı gücləndirmək siyasəti fonunda daha da intensivləşib. Ekspertlərin fikrincə, bu tip xəbərlər Azərbaycanın artan enerji rolunu zəiflətmək və Avropanın diqqətini etibarlılıq məsələlərinə yönəltmək məqsədi daşıyır.
Təsadüfi deyil ki, Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.
Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı bu günə qədər hər hansı açıqlama verməyib.
Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.
Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.
Hələ 2025-ci ilin avqust ayında Ukraynada yerləşən SOCAR-ın infrastrukturlarına iki hücum, ölkənin dövlət qurumları və kritik infrastrukturlarını internetlə təmin edən ən iri magistral operatoruna kiberhücumlar təşkil olunub. Ukraynada SOCAR-ın infrastrukturlarına hücumlar, ölkənin dövlət qurumları və kritik infrastrukturlarını internetlə təmin edən ən iri magistral operatoruna kiberhücum, enerji sektoru haqqında dezinformasiya və iqtisadi təzyiqlər, "Azeri Light”a qarşı təxribatlar geniş hibrid əməliyyatların bir hissəsidir. Bu təxribatlar Rusiyanın regionda və qlobal miqyasda geosiyasi və iqtisadi təsirini qoruyub saxlamağa yönəlmiş düşünülmüş strategiyadır. Rusiyanın beynəlxalq bazarlarda neftin qiymətinə və tədarükünə təsir etmək üçün vasitəçi şirkətlərin iştirakı ilə mürəkkəb sxemlərdən istifadə etməsi ilə bağlı sənədləşdirilmiş faktlar var.
Burada diqqətçəkən məqamlardan biri də Rusiya mətbuatının mövzu ilə bağlı bağlı bir kəlmə də yazmamasıdır. Görünən odur ki, uzun illər ərzində Rusiya ilə sıx təmaslar və bu ölkənin neftinin satışından əldə olunan milyardlar Əhmədzadənin tamahını daha da artırıb.
Məlumata görə, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan Əhmədzadənin təxmini hesablamalara görə, çirklənmə səbəbindən "Azeri Light” markalı neftin qiyməti 75 dollardan 68,31 dollara düşüb. Bu, bir bareldə 6,69 dollar ucuzlaşma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirlərində 2,01 milyard dollar azalma baş verib.