Aprelin 10-da Azərbaycan Dillər Universitetində “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı” mövzusunda dəyirmi masa keçirildi. ADU-dan AZXEBER.COM-a verilən məlumata görə, akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 fevral 2013-cü ildə imzaladığı Sərəncama əsasən Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşkilatçılığı ilə baş tutan silsilə tədbirlərdən idi.
İlk öncə tədbirdə Sevil Əliyevanın sözlərinə bəstələnmiş “Ana” mahnısı dinlənildi.
Daha sonra “Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti nə yaxşı ki, hələ qalıb” -deyə sözlərinə başlayan kafedra müdiri, dosent Sevda Zamanova gözəl ana, həyat yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhvələr vermiş, böyük oftalmoloq alim Zərifə Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə tələbələri daha yaxından tanış etdi. S. Zamanova Zərifə Əliyevanın müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin-ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğunu bildirdi. O, elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda layiqli, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənin qüruru sayılan iki övlad yetişdirmiş qayğıkeş ana Zərifə Əliyevanın qazandığı fəxri adlar, elmi titullar, mükafatlar sırasında ən şərəflisinin Ana adının olduğunu vurğuladı. Kafedra müdiri akademikin qısa ömür sürdüyünə baxmayaraq, onun işıqlı obrazının yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacağını, onun parlaq xatirəsinin daim anılacağını, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etdi.
Sonra Filologiya və Jurnalistika fakültəsinin 384-cü qrup tələbəsi Pitimat Qazaxova və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 250-ci qrup tələbəsi İlahə Məmmədova Azərbaycan və rus dillərində akademik Zərifə Əliyeva haqqında elmi məruzələrlə çıxış etdilər.
Dəyirmi masa müzakirələrlə davam etdi.