ADU-da Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

GƏNCLİK
15:05 23.04.2013
1736

Aprelin 23-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummillil lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.ADU-dan AZXEBER.COM-a verilən məlumata görə, Pedaqoji və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrinin təşkilatçılığı ilə keçirilən tədbirdə Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Tərbiyə işlər üzrə prorektor Ələddin Əliyev bildirdi ki, xalqımızın böyük oğlu, dünya şöhrətli ictimai – siyasi xadim, Ümummilli lider Heydər Əliyevin 90 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunub, dünya tarixində layiqli yer tutub, nadir şəxsiyyətlər cərgəsində dayanıb.

Prorektor qeyd etdi ki, Heydər Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir çox tədbirlər işlər görmüşdür.

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda təqdimatla çıxış edən Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev bildirdi ki, Ümummilli liderin zəngin həyatı həmişə təhsillə bağlı olub. Ə. Abdullayev qeyd etdi ki, Heydər Əliyevin diqqət və qayğısı nəticəsində təhsil dövlətin üstün inkişaf etdirilən prioritet sahəsinə çevrildi. Dekan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərin xaricdə təhsil almasına xüsus diqqət və qayğı göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Ə. Abdullayev Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirdiyini sözlərinə əlavə etdi.

Regionşünalıq kafedrasının müdiri, dosent Sevdagül Əliyev isə Ümummilli liderin Azərbaycan gənclərinin dünyanın aparıcı ölkələrinə təhsil almağa göndərdiyindən və bu gənclərin bir çoxunun ölkəyə töhvə verdiyindən danışdı.

Fəlsəfə, Azərbaycan tarixi və sosial elmlər kafedrasının dosenti Qorxmaz Mustafayev də Ümummilli liderin təhsil sahəsində həyata keçirdiyi proqram və islahatlardan söz açdı.

Dosent vurğuladı ki, Heydər Əliyevin işləyib hazırladığı strategiya əsasında Azərbaycanın müstəqil milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialın formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR