Afaq Bəşirqızı:"Əgər xalqın yanında üz qarası olacaqsansa, o işi niyə görürsən?" - MÜSAHİBƏ

Afaq Bəşirqızı:"Əgər xalqın yanında üz qarası olacaqsansa, o işi niyə görürsən?" - MÜSAHİBƏ
MAQAZİN
16:13 25.01.2018
3149

AZXEBER.COM-un müsahibi xalq artisti Afaq Bəşirqızıdır.

 

-Afaq xanım, son zamanlar kino sahəsində canlanma müşahidə olunur. Yeni filmlər, seriallar çəkilir. Siz yeni çəkilən filmləri uğurlu hesab edirsiniz?


- Maşallah, həddindən çox film çəkilir. Təqdimatların çoxuna dəvət alıram. Bəzilərinə gedib baxıram, bəziləri haqqında isə sosial şəbəkələrdən oxuyuram. Mən ona sevinərəm ki, gənclərimiz öz sözlərini deməkdən çəkinmirlər. Arzu edirəm ki, seçdikləri yolda düzgün addımlasınlar. Bunun üçün onlara təcrübə lazımdır.

 

-Yeni çəkilən filmlərin çoxu komediya janrındadır. Film istehsalçıları iddia edirlər ki, Azərbaycan tamaşaçısı yalnız bu janrda çəkilən filmlərə maraq göstərirlər. Buna görə də komediya janrında kommersiya filmləri daha çox çəkilir. Siz bu haqda nə deyə bilərsiniz?


- Yalnız kommersiya düşüncəsi ilə incəsənətlə məşğul olmaq olmaz. Sən sənətini kommersiya üzərində qursan, xalq tərəfindən də bir yerdən sonra unudulacaqsan. Kommersiya xətrinə görülən işlər ürəklərə həkk oluna bilməz. İncəsənətlə kommersiya bir-birinə zidd anlayışlardır.


-Yeni çəkilən filmlərdə sizi görmürük. Səhnələrdən, çəkiliş meydançalarından uzaq gəzmənizin səbəbi nədir?


- Xalqın sevgisini qazanmaq çox çətin işdir. Əgər qazanmısansa, onu qorumağı da bacarmalısan. Əvvəla, mən hansısa işdə tələskənlik etmirəm. Mənim özümün prinsiplərim var. Bir işi kommersiya xətrinə görməkdənsə, o işi ümumiyyətlə görmürəm. Əgər bir işin sonunda xalqın yanında üz qarası olacaqsansa, onu niyə etməlisənki? Bir dəfə xaricdən həkimlər gəlmişdilər. Boş vaxtlarında gedib bizim kinolardan birinə baxmışdılar. Sonra görüşümüzdə mənə o film haqqında danışanda özüm qızardım.

 

Uğursuz filmlər gördükdə bir sənətkar kimi o filmləri çəkən şəxslərə öz iradınızı bildirirsiz?


- Yox, heç nə demirəm. Çünki mən müştəbeh adamlarla heç bir ünsiyyətə girmirəm. Əgər onlar böyük sözü dinləyən olsalar, belə səhv buraxmazlar.


Gənc aktyorlar və aktrisalar təhsilin o qədər də önəmli olmadığın deyirlər. Bu fikirlə razısız?


- Aktyor və aktrisanın hər sahədən bir çimdikdə olsa başı çıxmalıdır. Aktyor zəkalı olmalıdır, nitq mədəniyyətinə sahib olmalıdır. Əlbətdəki aktyorun savadı olmalıdır. İstedad təkcə şəxsin aktyorluq bacarıqlarında deyil, həm də onun cəmiyyət içərisində özünü aparma bacarığından asılıdır.

 

-Artıq siz də "instagram” istifadəçəsi oldunuz. Profilinizi özünüz idarə edəcəksiz?


- Onu elə bir adam idarə edir ki, elə bil mənəm. Vaxtım olanda rəyləri oxumağa çalışıram. Amma hələlik özüm idarə etmirəm.

 
Nazim Qasımzadə
OXŞAR XƏBƏRLƏR