Xərçəngə yoluxan Tahirə: Bir anda görürsən ki, saçların, kipriklərin, qaşların tökülür - VİDEO

MAQAZİN
13:04 18.11.2021
2327
AZXEBER.COM-un müsahibi tanınmış teleaparıcı, jurnalist Tahirə Məmmədqızıdır. 


 
- İşləriniz nə yerdədir? Yeni mövsümdə izləyiciləri nə kimi yeniliklər gözləyir?

- İşlərim qaydasındadır. Əsas odur ki, istədiyim sahədə, istədiyim məkanda və mənə rahat olan insanlarla birlikdəyəm. Nəzərə alsaq ki, mən 21 il yazılı mətbuatda çalışmışam. Parelel olaraq 10 ilə yaxındır ki, özümü aparıcı kimi də sınayıram. Artıq 2-ci ildir ki, ARB televiziyasında aparıcı olaraq çalışıram. Aparıcılıq ən böyük arzularımdan biri olub. Əgər bu gün arzularıma doğru bir addım da irəliləmişəmsə, bu da bir uğurun göstəricisi sayıla bilər.

- Neçə ildir ki, jurnalistikadasınız. Bir peşəkar jurnalist kimi ənənəvi və sosial mediada nə kimi dəyişikliklərin olmasını istərdiniz?

- Elə hiss edirəm ki, qəzet jurnalistikasını kölgədə qoymaq istəyirlər. Amma mənə elə gəlir ki, bir jurnalistin yetişməsi üçün qəzetdən başlamaq lazımdır. Qəzet səhifəsinin, qəzet yazılarının bir jurnalistin yetişməsində böyük önəmi var. Qaldı ki, yeni mətbuata bu gün İnstagram səhifəsi üzərindən jurnalistika ənənəsi yaranmağa başlayıb və bu məni bir jurnalist olaraq narahat edir. Çünki özüm jurnalistikanı bitirmişəm, Şirməmməd Hüseynov kimi böyük ustaddan dərs alan, 21 il bir mətbuat orqanında – Şərq qəzetində çalışan bir jurnalist üçün təsadüfən jurnalistikaya gələnlərin jurnalist təqdim olunmağı məni narahat edir. Bu cür hadisələr jurnalistikanın məsuliyyətinə kölgə salır ki, bu da mənə çox ağır gəlir.

- Jurnalistika həyatınızda nə kimi dəyişikliklərə səbəb olub? Bu peşəyə yiyələnəndən sonra itirib qazandığınız nələrsə olubmu?

- İtirdiklərim də olub, qazandıqlarım da. Mən Azərbaycan Pedoqoji Universitetinin Coğrafiya fakültəsinə qəbul olmuşam. Ailəm və yaxınlarım müəllim olmağımı istəyirdi, amma öz arzum jurnalist olmaq idi. Növbəti il yenidən hazırlaşdım və jurnalistikaya qəbul oldum. Bəlkə də şablon səslənəcək, amma bir qadın kimi itirdiklərim olub. Bəlkə də müəllimə olsaydım, bunları itirməzdim. Azərbaycan qadınının bu sahədə olmağı həddindən artıq çətindir. Bizim cəmiyyətin əksəriyyəti efirdə olan qadını qəbul etmirlər. Bu peşəyə yiyələnəndən sonra qadınlığımı itirdim, hətta deyərdim ailəmi itirdim. Çünki saatı bəlli olmayan bir iş rejimində çalışırsan. Mütəmmadi səninlə təmasda olan insanlar olur. Qarşı cinsin nümayəndələri ilə tez-tez danışırsan. Saat 11-12 və ya 1 də də səni yığa bilərlər, soruşa bilərlər, bu da ailədə problemlərə səbəb olur. Qazandıqlarım isə daha çox olub. Mən güclü bir qadını yaratmışam. Öz ayaqları üstündə duran, sosial baxımdan heç kimdən asılı olmayan bir qadını yaratmışam. Amma bunun obrazını yaradırsan, çünki buna məcbursan. Normalda deyirlər güclü qadın-əslində belə bir anlayış yoxdur. Zərif qadın var. Mən o güclü qadın obrazını yaratmışam. 21 ildir efirdən tanınıram, buna görə də güclü qadını tamaşaçına göstərməlisən. Ətrafdakı insanlar sən tanınmış olduğun üçün səndən nələrsə gözləyirlər. 

- İndiyə qədərki peşə fəaliyyətinizdə başınıza gələn ən qəribə hadisə nə olub? Məsələn canlı efir zamanı sizi çətinə salan məqam olubmu?

- Olub. "Hadisə harada Tahirə orada” adlı verliş var idi. Kriminal verlişi idi. Ora gələn insanların sosial problemləri olurdu, ailə xəyanəti və s. kimi problemlər olurdu. Verliş həftədə 5 gün canlı yayımlanırdı. Verlişə gələn qonaq qayınata gözləmir ki, gəlin efirə gələcək, amma mən gəlini gətirmişdim. Efirdə qaynata ilə danışıram, qayınata gəlininə şər atmağa çalışırdı. Gəlin gəldi və elə hadisələr oldu ki, heç gözləmirdik. Bu anda arxa fonda işıqlar söndü, yanğın baş verdi. Efirin arxasında hiss olunurdu ki, tüstü gəlir, amma mən bunu bildirməməyə çalışırdım. Mənim bir diqqətim qaynata-gəlin mübahisəsində, bir diqqətim isə arxa fonda qalmışdı.

- Bir ara xəstəliklə mübarizə aparırdınız. Həkimlər hazırki səhhətinizi necə qiymətləndirir?

- 3 il bundan qabaq mən fərqinə vardım ki, ciddi ağrılarım var və xərçəng xəstəliyindən əziyyət çəkirəm. Əməliyyat olundum. O dönəmdə başa düşdüm ki, xərçənglə mübarizənin ən gözəl yolu onu sevməkdir. Xərçəngi sevdikcə onunla ünsiyyətin daha rahat olur. Buna görə də onunla daim ünsiyyətdə oldum ki, o məni xəbərdar etsin. İndi Şükür Allaha yaxşıyam.

- Xərçəng xəstəliyində ən çətin mərhələ onunla tanışlıqdır. Siz bu mərhələni necə keçdiz?

- Həqiqətən onunla tanış olmaq birinci mərhələdə çox ağırdır. Qəbulolunmazdır. Sanki fikirləşirsən ki, ətrafda olan hamını o xəstəlik tuta bilər, amma sən yox. Amma fərqinə varanda ki, sən artıq bu xəstəliyi içində daşıyırsan,ən əsası da fərqinə varmadan yaşayırsan və həkimə gəlirsən, birdən sənin üzünə deyirlər ki, sən xərçəngsən. Zamanın azdır, məhdud bir vaxtın var. Qərar verməlisən müalicə olunum, ya yox. Birincə etapda sənə sanki sillə vururlar və sən şoka düşürsən. Hardasa bir həftəyə yaxın özümə qapandım və doğmalarıma belə bu xəstəliyə tutulmağım barədə heç bir məlumat vermədim. Bir növ əlin, qolun qırılır, köməksiz vəziyyətdə qalırsan. Daha sonra razılaşırsan. Mən də 1 həftə içində razılaşdım. Oğlum əsgərlikdə idi və onun məndən başqa bir kimsəsi yoxdur. Onun atası da, anası da, dayısı da, xalası da ,bütün qohumları da mənəm. Tək övlad böyüdən valideynlər məni daha yaxşı başa düşər. Onun güvəndiyi tək qapı mənəm, mən də onun üzünə o qapını bağlayan bilməzdim. Həmin mərhələdə mən həm maddi durumuma görə işləməli idim, həm də xəstəliklə mübarizə aparmalı idim. Əsgər oğlumun "Ana, gəl. Sənə ehtiyacım var” sözü mənə güc verdi və mən bu xəstəliklə mübarizə apardım. Oğlumu sığalla, nəvazişlə böyütmüşəm deyə onu həyata hazırlamamışam. Hazırlamamışdımsa, onu yarıda qoyub getmək haqqım yox idi.

- Bu xəstəlik sizə nə öyrətdi?

- İnsanların üzünü tanıdım. Mənə can deyib, dost deyənlərin nə qədər az olduğunun fərqinə vardım. Yaxşı dostlarımı tanıdım. Fərqinə vardım ki, həyatda  təkəbbürlü, eqolu olmağın heç bir mənası yoxdur. Mən illərlə qohumlar arasında danışmadığım, üstündən xətt çəkdiyim insanlar var idi. Düşünürdüm ki, qəbir evinə gedənə qədər onlarla danışmayacam. O düşmənçilikləri silməyə qərar verdim. Məni nə qədər incitməklərinə, mənə qarşı olan haqsızlıqlarına baxmayaraq başa düşdüm ki, həyat fanidir. Bu qədər kin ilə həyatdan vidalaşmaq olmaz. Müddət keçdikdə hansı ki üzərindən xətt çəkdiyim insanlarla barışdım. Daha rahat, daha "relax" və ən əsası vicdanım rahat şəkildə həyatla vidalaşmaq üçün küsülü olduğum hər kəslə barışmaq qərarına gəldim.
 
- Və sonda bu xəstəliyə tutulmuş insanlara nə deyərək motivasiya verə bilərsiz?

- Uduzduqlarını qəbul etməsinlər. Sonu gəldi, bitdi deyə yanaşmasınlar. Xəstəlik bir az ağırdır. Bir qadın üçün onun saçı bir aksesuar kimidir. Kim nə deyir desin, qadın öz görünüşündən razı qalmayanda aqressiv olur. Yavaş-yavaş görürsən ki, qaşların, kipriklərin, saçların tökülür. Saçına əl vurursan ki, saçın quruyub və bu insanda narahatlıq yaradır. Məni izləyənlər üçün bu sadə görünə bilər, amma onu yaşayan insanlar anlayır ki, mən nə demək istəyirəm. Sonra özünü aldadaraq onları bərpa etməyə çalışırsan. Məsələn mən bir müddət "parik" taxdım. Ətrafda olan əksəriyyət heç bilmədi ki, o "parik"dir. Xanımlara xüsusən bildirmək istəyirəm ki, uduzmasınlar. Qismətləri ilə barışmasınlar. Bitti deməsinlər. Güzgü ilə ünsiyyətə girsinlər,özləri oilə danışsınlar və özlərini sevsinlər.

Ayşən Mirzəyeva,
Video: Mail Hümbətov


OXŞAR XƏBƏRLƏR