Afaq Şıxlı yaradıcılığının işığında

Afaq Şıxlı yaradıcılığının işığında
KÖŞƏ
21:59 28.09.2011
2554
Zaman keçdikcə, dövr dəyişdikcə aydın hiss edirik ki, bütövlükdə çağdaş mədəniyyətimizi düşündürən əsas mətləblərdən, sorunlardan biri - kökündən uzaqlaşdıqca özündən uzaqlaşan, özünəyadlaşan insanın yenidən öz təbii ilkinliyinə, əzəli saf varlığına qayıtması olmuşdur. Bu problemi müxtəlif dünyaduyumuna malik olan sənətkarlar özünəməxsus şəkildə - yəni ya mənəviyyatın təbii-instinktiv durulaşması, ya örtbasdır edilməsi mümkün olmayan əzəli sentimental – romantik duyğuların insana verdiyi daimi narahatlıq, əbədi həyəcan, təşviş, nəyinsə yerində olmamasının, nəyinsə dolaşıq-çalpaşıq düşdüyünün dumanlı, yaxud aydın duyuluşu, ya coşğun temperamentin bütün yabançı, yad, qondarma-qurama görünən şeylərə qəfil nifrəti, qəlbin hansı bir guşəsindəsə işaran ilkinlik duyğularının birdən kükrəyib üzə çıxması, nəhayət, qəti inkar və doğmalıqdan hədsiz vəcdəgəlmə şəklində özünü göstərən xarakter-ruh dəyişmələri ilə açıqlayırlar.

Bitkin - tutarlı şeirlərdə isə bütün təbii hisslərin, əgər belə demək mümkünsə, "kortəbii" özünütəsdiqinə ağılın, rasional məntiqin sübutları da hay verəndə insanın əxlaqi intibahı, özünəqayıdışı qanunauyğun-zəruri mənəviyyat hadisəsi kimi insanı daha dərindən düşündürür.

Son dövrlərdə özünəqayıdışın ən gözəl örnəkləri poeziyamızda, xüsusilə kökünə, ənənəsinə bağlı poeziyada daha qabarıq və daha nəzərə çarpacaq özünü biruzə verir. Əgər postmodernizmin gətirdiyi zəhərli “səhra küləkləri” poeziyamızda çöl qoxusunu, yovşan ətrini unutdurmaq ərəfəsində idi. Ancaq söz xəyanəti bağışlamır! İllər uzunu poeziyada, ümumiyyətlə ədəbiyyatda meydangirlik edib rəqib tanımayan “söz pəhləvanlarının” kürəyini elə sözün özü vurdu. Və poeziyamızda durulma, aydınlaşma və işıq mərhələsi başladı. Bu durulma mərhələsində onlarla imza, onlarla yeni qələm sahibi üzə çıxmağa, sözünün gücünü göstərməyə imkan qazandı. Ədəbiyyat, söz axar su kimidir. Su murdar götürmür və axdıqca tərkibindəki zir-zibili, çirkabı kənarlara atır və son mənzilə varanda artıq durulmuş, təmizlənmiş, paklanmış olur. Sözümüz, ədəbiyyatımız min ildən çoxdur ki, su kimi axaraq, dünənimizdən bizə doğru yol gəlir. Bu axının axarına düşüb günümüzə çatan saf söz, saf sənətkar az deyil. Ancaq murdar götürməyən söz, çirkabı, hərcayi sözü günümüzə gətirib çıxarmayıb. Bu gün də yaxşı olmayan söz, pak suya atılacaq çirkab misali dünənə göndərilmir. ədəbiyyatın mühtəvasında, daxilində, özünümüdafiə instiki sanki söz yarandığı gündən kodlaşdırılıb. Tarix ancaq əsil sözü, saf sözü nəsildən-nəsilə, dünəndən bugünə, bu gündən də sabah ötürür.

İki ictimai formasiyanın arasında sözümüz, sənətimiz, ədəbiyyatımız xeyli zorluqlar, xaos yaşadı. Bu xaosdan istifadə edib ədəbiyyatı çirkaba bulamaq, ədəbiyyatımıza yabançı ünsürləri dartıb gətirmək istəyənlər də az olmadı. Ancaq ən-ənəmizə sadiq, sözümüzün özünə və öz(əsil) sözümüzə sahiblik eliyənlər də oldu.

Qərbin parıltısına, açıq-saçıqlığına meyillənənlərimiz, sevgini, ülvi hissləri, təmiz duyğuları saxta dəyərlərə, seksə, erotikaya, şəhvətə dəyişənlərimiz oldu. İlk anda bu onlara populyarlıq, şöhrət və başgicəlləndirməsi gətirsə də, sonradan bhər şey öz yerini tapdı, ədəbiyyatımızda böyük durulma mərhələsi başladı. Yuxarıda qeyd etdiyim kimi söz murdar, çirkab götürmür. Sözü bayağılaşdıran, ədəbiyyatı öz kökündən uzaqlaşdırmağa cəhd edənlər öz cəzalarına çatdı. Bu cəzanı fiziki cəzayla qarışdırmayaq. Bu ən böyük cəza, ən böyük işgəncədir. Bu vicdani cəzadır.

Ancaq bu təlatümlərin içindən vicdanı təmiz, ruhu saf, sözü dupduru çıxanlar da az olmadı. Hər zaman sözün gücünə inanıb, qəlbinin səsinə qulaq asıb yazanlar bu söz savaşından, haqq savaşından qalib çıxanlardır.

Sözün yanında üzüqara qalmayan, sözün xəlbirindən ələnib üzə çıxan gözəl qələm adamları, söz adamları az deyil. Mən isə oxucularımıza bu dəyərli söz adamlarının yalnız birindən, uzun illərdir vətəndən uzaqda, qürbət eldə yaşayan, vətən, yurd həsrəti ilə əsrarəngiz şeirlər yazan bir xanıməfəndidən, Afaq Şıxlıdan söz açacağam.

Dosye: Afaq Şıxlı 1969-cu ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhəri 12 saylı orta məktəbdə alıb, 1984-cü ildə həmin məktəbi qızıl medalla başa vurub. 1990-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə-proflaktika fakultəsini bitirib. Hal-hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Afaq xanım ailəlidir, iki övladı var. Həkimlikdən əlavə musiqi, rəssamlıq və psixologiya ilə məşğul olur. 4 kitab müəllifi olan Afaq Şıxlı, çoxsaylı şeirlərin, hekayələrin, nəğmələrin müəllifidir. Kitablarının adı da rəngarəng və maraqlıdır. “Qəlbimin dedikləri”, “Sevərsənmi”, “Məndən uzaqda” “Səni düşünürəm”adlı kitabların müəllifidir.

Yuxarıda haqqında qısaca məlumat verdiyim qələm adamı haqqında, xüsusilə onun son kitabı haqqında ətraflı danışmaq yerinə düşər. 2011-ci ildə Bakıda, “Adiloğlu” nəşriyyatında Elman Tovuzun redaktorluğu ilə işıq üzü görən kitabda istedadlı qələm adamının heç yanda işıq üzü görməyən şeirləri toplanıb.

Kitabı açar-açmaz oxuduğum ilk şeir, “Salam” şeiri məni çox uzaqlara apardı. Bir anlıq tələbəlik, vətəndən kənarda keçirdiyim illər keçdi gözümün önündən. Həyəcanımı, hissimi boğub kitabı sonacan, birnəfəsə oxudum. Oxuduqca da əski günlərə, ötən illərə qayıtdım. Vətən, yurd həsrəti ilə minlərlə şeir, iri həcimli poema, romanlar, hekayələr yazılıb. Ancaq nədənsə A. Şıxlının “Salam” şeiri məni bərk silkələdi...

Vətən, qayıtmışam qoynuna yenə...

Qurbanlar kəsərəm bu gözəl günə!

Öpüm torpağını mən dönə-dönə,

Saflığım, paklığım, iffətim, salam!

Al məni bağrına, ovut, əzizlə!

Bir gəzim doyunca, çəmənlə, düzlə...

Bölüşüm dərdimi yenə dənizlə,

Sonsuz məhəbbətim, ülfətim, salam!

Məhz bu şeiri oxuduqdan sonra qeyri-iradi olaraq A. Şıxlının son kitabını həvəslə, sevgiylə sona çatdırdım. Torpağa, vətənə bu qeyri-adi bağlılıq, bu istək məni çox düşündürdü. Eyni zamanda vətəndən uzaqlarda yaşayıb yaradan qələm adamının kövrək duyğuları məni də hüzünləndirdi. Sözün əsil mənasında bu xanımın yaradıcı duyumuna heyran oldum.

İş otağımda əqrəblərini ağır-ağır sürüyən saatın çıqqıltısını dinləyə-dinləyə sanki Afaq Şıxlının daxili dünyasına daxil oldum. Beləcə minillər çəkən uzun bir yolçuluq başladı. Bu şeirləri oxuduqca müəllifin daxili dünyasından süzülüb gələn, insanı riqqətə gətirən işığa büründüm. Sanki, müəlliflə üz-üzə oturub həmsöhbət oldum. Mən bu şeirlərdən duyğusal, cəsarətli, sevgi dolu, vətənpərvər, ailəcanlı, sədaqətli və istedadlı bir xanımın boylandığını fərq elədim. Başa düşdüm ki, bu şeirləri içi boş olan, daxili dünyası işıqlı olmayan şair yaza bilməz.

Afaq xanımın “Dostlarım, mənə də bahar göndərin!” şeirinə diqqət edək. Taleyinə qəriblik düşmüş Afaq xanımın Vətən üçün çırpıntıları çox təbii, çox maraqlı və çox duyğusaldır.

Dostlarım, mənə də bahar göndərin,

Çiçəkli, günəşli bir bahar olsun!

Kəsilsin arası soyuq günlərin,

Nə boran, nə sazaq, nə də qar olsun!

İlahi, bu qədər də vətənə, torpağa bağlılıq olarmı? Necə də səmimi, axıcı, düşündürücü misralardır!

Vətən həsrəti ilə yaşayan şairə vətənin baharını obrazlaşdırıb sözün sehri ilə cilalayır, tamam fərqli biçimdə oxucuya təqdim edir.

Bülbüllər verəndə yenə səs-səsə

Qayıda biləydim lap son nəfəsə!

Salamlar söyləyin məndən hər kəsə,

Afaqın sevdiyi Vətən var olsun!

Düzü kövrəlməmək, müəllifin duyğularının əsirinə çevrilməmək mümkün deyil. Hisslərin səmimiyyəti, doğmalığı istər-istəməz insanı riqqətə gətirir.

Afaq Şıxlı nədən, hansı mövzudan yazırsa maraqlı, içdən yazır. Onun şeirlərindəki səmimiyyət, Afaq poeziyasının gücüdür. Məhz bu şeirlərdəki səmimi, ürəyəyatımlı duyğular adamı öz əsirinə çevirir.

Bir də Afaq şıxlının şeirlərindəki axıcılıq məni heyran edir:

Qismətimiz yerdə,- düşüb...

Qaldırmışıq, bir də düşüb,

Ürəyimiz dərdə düşüb,

Yaralıyam,yaralısan.

Yerində və zərgər dəqiqliyi ilə seçilmiş sözlərə, daxili ritmə, qafiyələnməyə, şeirdəki peşəkarlığa əhsən deməmək mümkün deyil.

Xülasə mən Afaq Şıxlının kitabından aldığım təəssüratlardan çox razı və çox məmnunam. Elə bu məmnunluqla bilgisayarı yandırıb birnəfəsə bu yazını yazanda da, özümü çox rahat, çox xoşbəxt hiss elədim. Yaxşı ki, bu cür şairlərimiz, bu cür sözü dəyərə mindirən, sözü cilalaya bilən qələm adamlarımız var. Yoxa yabançı təsirlərə düşüb sözün başına oyun açan şairlərin verdiyi əzab biz ədəbiyyatşünasları dəli eliyər. Yaşatdığı gözəl duyğulara görə Afaq Şıxlıya çox minnətdaram. Bu onun yaradıcılığı haqqında ilk təbrik yazımdır. Yəqin ki, Afaq Şıxlı yaradıcılığına tənqidçi qələmim bundan sonra da biganə qalmayacaqdır. Ömür vəfa edərsə Afaq Şıxlı yaradıcılığına bundan sonra mütəmadi müraciət edib, onun ürəyəyatımlı şeirləri haqqında yeni-yeni təhlil yazıları yazacağam. Çünki, Afaq Şıxlı poeziyası ilə tanış olduqdan sonra ona heyran olmamaq, əsirinə çevrilməmək mümkün deyil.

f.e.n, ədəbiyyatşünas Zaur Səmədli

   
OXŞAR XƏBƏRLƏR