Avqustun 8-də jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə AFFA da bigənə qalmayıb.
AZXEBER.COM xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.
AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.