Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun iştirakı ilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və futbolçu Vaqif Cavadov arasında görüş keçirilib.
AZXEBER.COM-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşdə baş məşqçi və futbolçu arasında fikir mübadiləsi aparılıb. Görüşlə bağlı Berti Foqts qeyd edib ki, Vaqif Cavadov gənc və bacarıqlı futbolçudur: "Sevindirici haldır ki, bu görüş təşkil olundu və biz bəzi məsələlərə aydınlıq gətirdik. Hesab edirəm ki, Vaqif Cavadova ikinci dəfə şans verilməlidir".
Qeyd edək ki, 2011-ci ilin oktyabrında Avstriyaya qarşı Bakıda keçirilən Avropa çempionatının seçmə oyunundan (1:4) sonra Vaqif Cavadovla Berti Foqts arasında mübahisə yaranıb. O vaxtdan Cavadov milliyə dəvət edilmirdi. Foqts isə müsahibələrində dəfələrlə bəyan etmişdi ki, onun baş məşqçisi olduğu müddətdə Vaqif bir daha Azərbaycan yığmasına çağırılmayacaq.