Avropa İttifaqı Şurası Avropa Komissiyasının Rumıniya, İtaliyaya və Türkiyəyə 2022 və 2023-cü illərdə təbii fəlakətlərin vurduğu zərərin aradan qaldırılması üçün ümumilikdə 454,8 milyon avro məbləğində yardım göstərilməsi təklifini qəbul edib.
Maliyyə yardımı Aİ-nin 2023-cü il büdcəsindən ayrılacaq.
Aİ 2023-cü il büdcəsində yer alan həmrəylik və təcili yardım ehtiyatından pulu Aİ Həmrəylik Fondunun əməliyyat büdcəsinə köçürəcək və bu fonddan maliyyə yardımı üçün müraciət etmiş ölkələrə ödənişlər ediləcək.
2022-ci ilin mart ayının sonu, aprel ayının ortaları və iyul-avqust aylarında Rumıniyada güclü quraqlığın fəsadlarının aradan qaldırılmasına kömək etmək üçün bu ölkəyə 33,9 milyon avro, 2022-ci ilin sentyabrında mərkəzi İtaliya bölgələrinə təsir edən sel və daşqın hadisələri ilə bağlı İtaliyaya 20,9 milyon avro və 2023-cü ilin fevralında Türkiyənin Kahramanmaraş və Hatay bölgəsində baş verən güclü zəlzələlərlə bağlı bu ölkəyə 400 milyon avro maliyyə yardımı ayrılması nəzərdə tutulur.
Maliyyə yardımı Avropa Parlamenti və Aİ Şurasının tam təsdiqindən sonra ödəniləcək.
///APA