Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatlarının, tarixçi alimlərin, ziyalıların, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus - 2010: absurd teatrı mövsümü” kitabının müzakirəsi keçirilib. Müzakirələrdə çıxış edənlər bu kitabın informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə olduğunu vurğulayıblar. Bildirilib ki, nəşrdə təkcə Ermənistan prezidenti Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşa deyil, həmçinin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni yalanlarla çaşdırmaq cəhdləri, işğalçı dövlətin hakimiyyət dairələrinin şovinist və irqçi siyasətinin iç üzü də tutarlı faktlarla sübuta yetirilir.