Artıq "Eurovision" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi ölkəmizin "Eurovision" müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib.
"Eurovision-2011" müsabiqəsi Avropa səviyyəsində keçiriləcək bir müsabiqədir və arzu edən Avropa ölkələri bu müsabiqədə iştirak edirlər. Məlum məsələdir ki, tarix boyu Azərbaycan xalqına düşmən münaibət bəsləyən, minlərlə azərbaycanlını qətliam edən və 20% torpağını işğal altında saxlayan işğalçı Ermənistanın da nümayəndələri bu tədbirdə iştirak edəcəklər. Amma hələ ki, dövlət rəsmiləri Ermənistanın keçirələcək tədbirdə iştiraklarının təmin olunması haqda heç bir məlumat verməyiblər.
Daim Ermənistan nümayəndələrinin Azərbaycana səfərləri zamanı etiraz aksiyaları keçirən Qarabağ Azadlıq Təşkilatının bu məsələyə münasibətinin necə olacağını bilmək üçün QAT sədri Akif Nağı Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verib: “Biz onların Bakıya gəlməsilə razılaşa bilmərik və razılaşmayacağıq. Artıq indidən də öz mövqeyimizi bildiririk ki, Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı düşünsün və beynəlxaq təşkilatlarla danışıqlar aparsın. Heç bir halda belə bir şey mümkün deyil və ermənilər Bakıya gəlməməlidirlər. Ermənilər işğalçı bir ölkə olduğundan, onların belə bir tədbirdə, xüsusilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək haqqları yoxdur.
Əgər yadınızdadırsa, bundan əvvəlki illərdə Moskvada keçirilən “Eurovision” yarışında Gürcüstanın iştirakı təmin olunmadı. Gürcüstanın iştirakının təmin olunmamasına səbəb isə Rusiya ilə aralarında olan münaqişə olmuşdu. Həmin ərəfədə Gürcüstan rəsmiləri beynəlxalq təşkilatlarla danışaraq, belə bir razılıq əldə etmişdilər. Azərbaycan tərəfi də gələn il keçiriləcək “Eurovision” müsabiqəsində eyni cür addım atmalıdır. Buna görə də, ermənilərin Bakıya gəlməsi bir mənalı olaraq qəbul olunmazdır. Azərbaycan tərəfi erməniləri Bakıya dəvət etməklə, guya özünü tolerant ölkə kimi göstərməməlidir. Artıq dünya da bunu başa düşməlidir. Əgər ermənilərin təşkil olunacaq müsabiqədə iştirakı təmin olunsa, Qarabağ Azadlıq Təşkilatı elə addımlar atacaq ki, müsabiqəni təşkil edənlərin özləri peşman olacaqlar. Necə ki, bundan əvvəl erməni nümayəndələrinin NATO generalları ilə birlikdə Bakıya gəlməsinin qarşısını almaq üçün Qarabağ Azadlıq Təşkilatı aksiya keçirərək ermənilərin Bakıya gəlməsinin qarşısını almağa müyəssər oldu. Bu dəfə belə bir şey olsa, əvvəlkilərdən də daha sərt etirazımızı bildirəcəyik.”