Noyabrın 28-də qəflətən 58 yaşında vəfat edən Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sevil Xəlilova ilə bu gün vida mərasimi olub. Yaşadığı mənzildə keçirilən vida mərasiminə aktrisanın illərdir, çalışdığı teatrın rəhbərliyi, kollektivi, digər həmkarları da gəlib. Vida mərasimindən sonra əməkdar artist Novxanıda ailə qəbiristanlığında, valideynlərinin məzarlarının yanında torpağa tapşırılıb. Aktrisanın ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdindəki “kino aktyoru” kursunun axşam şöbəsində (1969-1970) təhsil alıb, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin “Şöhrət və ya unudulan adam” psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb.