Bu dəfə onu sevilən əyləncə verilişlərinin aparıcısı və ya komediya filmində baş rolda çəkilən aktrisa kimi yox, Azərbaycanda bir ilkə imza atan "standup"çı kimi böyük səhnədə görəcəyik. Hər zaman üzümüzdə gülüş yaradan Əməkdar arist, bu dəfə bizi həm də düşünməyə vadar edəcək.
Söhbət "Mintonasiya" adlı "standup" konsertini təqdim etməyə hazırlaşan Əməkdar artist Dilarə Əliyevadan gedir.
AZXEBER.COM aktrisa ilə olan müsahibəni oxuculara təqdim edir:
- Uzun zamandır böyük həycanla bu günə hazırlaşırsınız. Hazırda bütün komediya janrında olan tamaşalarda ssenari demək olar ki, sosial şəbəkələrdən götürülən mövzular üzərində qurulur. Buna münasibətiniz necədir?
Sosial şəbəkə dediyimiz əslində nədir? Bu bizim gündəlik yaşadığımız həyatdır. Biz necə yaşayırıqsa, sosial həyatımızı elə də başqalarına göstərməyə çalışırıq.
- Sizcə, sosial şəbəkədəki hər kəs yaşadığı gərçək həyatı paylaşır?
Yox! Bəziləri ya arzularını göstərir, ya istəklərini, ya da həqiqətdə yaşamaq istədiyi həyatı. Əvvəllər belə halları qohum-qonşu arasında görürdük, toya, yasa gedəndə müşahidə edirdik. İndi isə heç bir yerə getməyə ehtiyac qalmır. Elə evdə oturaraq baxıb görə bilirsən ki, kim hardadır, nə edir, nə yaşayır. İnsanların təlabatı olan, əslində onları narahat edən hansı mövzulardır, onları müşahidə edib, görə bilirik. Çünki biz başqa insanların həyatına baxıb müdaxilə etməyi və ya həsəd aparmağı çox sevirik. Bir müğənni evindən bir şəkil paylaşır, müğənni qalır kənarda, biz baxırıq ki, görək onun çılçırağı necədir? Hər zaman qapının arxa tərəfi hər kəsə maraqlı olub. Elə verilişlər var ki, gedib müğənnilərin evini çəkirlər. Baxırsan ki, onun reytingi çox yüksəkdir. Maraqlı gəlir ki, axı orada görəsən nə danışılıb ki, belə maraqlı olub? Və baxanda məlum olur ki, burada söhbət yox, filan müğəninin evi maraqlı olub.
- Bu günə qədər bir çox monoloqlarınız bizi güldürsə də, bəzən ağlada da bilir. Sizin üçün hansı daha çətindir?
Hər ikisində də məqsəd tamaşaçını düşündürməkdir. Ya güldürərək, ya da kədərləndirərək. Çünki insanların qəlbinə toxunmasan bir yerə vara bilməzsən. Əgər çıxışda hiss olmasa, o lağlağıdan başqa bir şey olmayacaq. Nə sözün dillərə, nə də özün ürəklərə düşəcəksən. Əgər bir şey gülməlidirsə, həm də düşündürücü olmalıdır. Mən sözü çox böyük nemət sayıram. Ona görə də onu elə-belə demək olmaz, haqqını vermək lazımdr. Bir insanı güldürmək çox çətindir. Hər zaman ağır rolların ifaçıları böyük aktyor kimi təqdim olunur. Sizdən indi 15 nəfər dünyaca məşhur aktyor və ya aktrisa adı soruşsam, düşünmədən deyə biləcəksiniz. Amma desəm ki, 10 nəfər komediya aktrisası adı çəkin, siz düşünməyə başlayacaqsınız. Bu da komediyanın çox ciddi və çətin janr olduğundan xəbər verir. Bu işə qədəm qoyan insanlar, bu janrı çox ciddiyə almalıdırlar. Əks halda o bu səhnədə lağlağıdan başqa heç nə təqdim edə bilməyəcək.
- Sizi bu gün hansı aktyor və ya aktrisalar güldürə bilir?
Səhnədə o səmimiyyəti mənə ötürə bilən hər insana gülə bilirəm. Rafaelə gülürəm, Coşquna gülürəm...
- Bəs qadınlardan?
Zarinaya, Mələyə, Xəyaləyə gülürəm.
- "Komedixana" daha çox sosial şəbəkədən mövzu götürərək səhnələşdirdiyi üçün çox qınanır. Siz buna necə baxırsız?
Deyim ki, mən elə şeyə fikir vermirəm. Təqdim olunan səhnə gülməlidirsə, gülürüəm, vəssalam! Bunu haradan götürdü, niyə götürdü nə fərqi var? Burada önəmli olan aktyorun təqdimatı və intonasiyasıdır.
- İlk olaraq sizin başlatdığınız "stundup" konsertlərinin hansısa həmkarınız tərəfindən davamı gələ bilərmi?
Mən çox istəyərəm ki, olsun. Bunu edə biləcək istedadlı aktrisalar da var. Və bunu məndən sonra hər kim edəcəksə, o insanın yanında ən böyük dəstəkçisi elə mən özüm olacağam. Çox sevinərəm ki, "standup"-a maraq artsın. Çünki musiqili konsertlər çox olur. Bu da bir fərqlilikdir. Ancaq qoy insanlar indi də sözün konsertini sevsinlər. Qoy bu janr bizim həyatımıza daxil olsun. Bundan sonra aktrisa, aparıcı kimi yox elə "standup"çı kimi də tanınmaq istəyirəm.
- Artıq "standup"çı kimi də sözünüzü deyəndən sonra nə vaxtsa televiziyadan getmək fikrinə düşə bilərsiz?
Yox! Heç vaxt getmək fikrim olmayacaq. Mən gördüyüm işi çox sevirəm. İşimi sevərək gördüyüm üçün də ona bağlanıram. Bu bağları da heç kəs qopara bilməz. Hətta mən bu işimi günü-gündən daha da çox inkişaf elətdirərəm. Ona görə də televiziyadan imtina etmək kimi bir fikrim yoxdur.
Aysel Hacızadə