1. Razi bəy, xoş gördük. İstərdim müsahibəyə mediaya münasibətinizdən başlayaq. Mediaya ən açıq, eyni zamanda da medianı ən çox tənqid edən deputatlardansınız. Bu ziddiyyət nədən doğur? Sizcə, nəyə görə, mətbuatda ən çox tənqid olunan məhz mediaya açıq şəxslər olur?
- Çünki bizim mediadan, medianın da deputatdan gözləntisi çoxdur. Biz bir-birimizin maraqlarını təmin etməyə çalışırıq. Mən ümumiyyətlə, medianın yazmasının, medianın yaxşı işləməsinin, ümumiyyətlə, məlumat almasının tərəfdarıyam. Amma Azərbaycanda media da tam olaraq qərəzsiz deyil. Professional media var, amma təəssüflər olsun ki, müxtəlif hərflərin birləşməsindən yaradılan minlərlə səhifələr var və onlar özlərini ciddi media kimi göstərmək yolunu tutsalar da, bir çoxu şantajla, reketlə məşğuldur, müxtəlif, mediaya aid olmayan işlərlə məşğuldurlar və onlar yerli-yersiz nəyinsə müqabilində və nəyə görəsə yaxud kiminsə tapşırığı ilə ayrı-ayrı adamları hədəfə alırlar. Mediaya açığam və görürəm ki, bir çox media orqanları bundan sui istifadə edir və bəzən sənin illər boyu yığdığın bir baqajı, siyasi baqajı bir saatın, bir dəqiqənin içərisində məhv etmək yolunu tutmaq istəyirlər. O baxımdan artıq mediaya o qədər də belə güvənim qalmayıb. Təbii ki, hürmət qoyduğum, həmişə heç zaman imtina etmədiyim medialar, jurnalistlər var. Onlarla əməkdaşlıq edirik. Amma təəssüflər olsun ki, artıq media da əvvəlki media deyil.
2. Faktdır ki, cəmiyyətdə ən çox tənqid olunan şəxslər məmurlar və deputatlardır. Ancaq Milli Məclisdəki çıxışlara baxanda görürük ki, deputatlar çox vaxt tənqidi fikirlər səsləndirir, sosial problemləri dilə gətirirlər. Bəs, niyə görə cəmiyyətdə deputatlara qarşı bu qədər aqressiya müşahidə edilir?
- Bəli, deputatlara, məmurlara, siyasətçilərə - bir sözlə vəzifəli şəxslərə qarşı aqressiya var. Bunun qarşısını almaq olmur. Əslində, bu meyl bütün dünyada var, artıq bir trendə çevrilib və Azərbaycanda onun bir hissəsidir. Azərbaycanda isə bir çox hallarda bunu əsassız olaraq qərəzli şəkildə edirlər. Çünki deputatdan gözlənti çoxdur. Onlar öz arzu və istəklərinin deputatlar vasitəsilə həyata keçirilməsini istəyirlər. Amma bütün arzu və istəklər həyata keçirilə bilmir axı. Onlar düşünür ki, deputatlar bizim maraqlarımıza uyğun çıxış etmədi, maraqlarımıza uyğun sözləri demədi, qanunlar qəbul etmədi, uşaq pulunu vermədi, maaşları artırmadı və s. Hərçənd ki, parlament maaş artıran orqan deyil. İstəyərdik ki, belə olsun, amma hər şey bizdən asılı məsələ deyil, dövlətimizi də gücləndirməliyik. Biz o əraziləri işğaldan azad etmişiksə, 30 il bu həsrətlə yaşamışıqsa, həmin əraziləri bərpa etməliyik və o insanları oraya köçürməliyik. Həm də o insanları ona görə tez köçürməliyik ki, orada insanlarımızın sayı çoxalsın ki, xaricdən bizə gələn təzyiqləri də azaltsın. Onun üçün də sərhədlərimiz möhkəmlənməlidir, insanlarımız orada daim yaşamalıdır, infrastrukturu yaratmalıyıq və bütün sərhəd boyunca da bizim qəhrəman sərhədçilərimiz dayanmalıdır. Onlara zastavalar, hərbi hissələrtikilməlidir. Bütün bunların hamısı çox böyük pullar aparır. Ona görə də, bax, bütün bu məqamları nəzərə almalı olursan, amma bununla bərabər çalışırıq ki, dövlətin ayırdığı o sosial layihələrlə bağlı müəyyən işlər də daha effektli görülsün, işlər də görülür, müəyyən təklifləri nəzərə alırlar.
3. Sizi daha çox məmurları, nazirləri tənqid edən partiya sədri və deputat kimi tanıyırıq. Bu sizə həyatda problem yaradıbmı?
- Bilirsiniz, tərifi hamı xoşlayır və onu çox asan qəbul edirlər. Tənqidi heç kim xoşlamır. Mən özüm də tənqidi xoşlamıram. Bu baxımdan düşünürəm ki, tənqid etdiyim insanlar da məni xoşlamayacaq. Biri deyim tərzimi xoşlamayacaq, o birisi ritorikamı, onlarda mənə qarşı müəyyən bir aqressiya olacaq, hətta nifrət edənlər də olacaq. Amma bir olan Allah şahiddir ki, heç bir naziri, heç bir dövlət vəzifəlisini qərəzli şəkildə hədəfə almamışam. Onların heç birisi ilə şəxsi qərəzim yoxdur. Hər hansı bir şəxsi məsələmə görə də onları hədəfə almamışam, almaq fikrim də yoxdur. Əslində, ola bilsin ki, bir az ritorikam aqressiv olsun, amma həmişə səmərəli təkliflər verməyə çalışmışam. Ancaq bu tip yanaşmalar da tənqid kimi səslənir və onların da xoşuna gəlmir. Təbii ki, bu da mənim üçün başağrısı yaradır. Özümdə də bir psixoloji gərginlik yaradır. Tənqid də olar, amma tənqid sağlam olmalıdır. Qəbul edirəm ki, elə məqamlar olub ki, onları nəzərə almamışam. Bəzi məqamları nəzərə almadan elə, tam yoxlamadan demişəm və o da düşünüb ki, Razi Nurullayev nəyə görə məni hədəf aldı. Heç kimlə heç bir problemim yoxdur, ola da bilməz.
4. Uzun illər AXCP sədri Əli Kərimlinin müavini olmusunuz. AXCP dövründəki Razi bəylə deputat Razi bəyin fərqi nədə oldu? O illəri itirilmiş il kimi qiymətləndirirsiniz yoxsa necə?
- Mən həyatımın heç bir hissəsini itirilmiş hesab etmirəm. Allah verdiyi həyatdı yaşayırıq və bu həyatda insanın ildə bir neçə dəfə elə acı və yaxşı təcrübəsi əmələ gəlir. Yaşadıqda nəyisə öyrənirsən, yaşadıqda nəyinsə üzərində düşünürsən və keçmişə baxıb gələcəyini daha yaxşı qurursan.
AXCP pis məktəb idi, amma hər pisin də öyrətdiyi bir təcrübə var. Orada gözüm açıldı, kor-koranə qalmadım, gördüm ki, heç də hər yaxşı və bəlağətli danışan qəhrəman deyil. Orada olduğum müddətdə gördüm ki, heç də orada olan insanların hamısı aydan arı, sudan duru deyil. Hər kəsin öz marağı var və öz marağı təmin olunan kimi istənilən adamı ayağının altına atıb, əzməyə hazırdır. Elə orada da kreslo davasının getdiyini gördüm. Kim də başını balaca tərpətmək istəyir, o an başını kəsirlər. Əli Kərimli liderdir, ikinci parlamaq istəyən ölümə məhkumdur. Əgər biz hər hansı bir ideologiya, ideal uğrunda mübarizə aparırıqsa, birinci nümunəni özümüz yaratmalıyıq. O nümunəni orada yarada bilmirdilər, bu gün də yarada bilmirlər. Bu gün dövləti və dövlətçiliyi başa düşürəm. Xaricdən Azərbaycana demokratiya və insan hüquqları altında olan təzyiqlər heç də Azərbaycan xalqının mənafeyi üçün edilmir.Sadəcə olaraq insan hüquqları və demokratiya adı altında öz istəklərini yerinə yetirməyə çalışırlar.
5. Parlament seçkiləri ərəfəsində İmişli rayonundakı evinizi çəkib göstərmişdiniz və etdiyiniz idman hərəkətlərini sosial şəbəkələrdə paylaşmağınız birmənalı qarşılanmamışdı. Bunu normal qəbul edənlərlə yanaşı, qeyri-ciddi olmaqda qınayanlar da olub. Həmin videoya münasibətinizi öyrənmək istəyərdik. O hərəkətləri edəndə cəmiyyətin reaksiyasını düşünmüşdünüzmü?
- Təbii ki, bu o zaman oldu. İndiki təcrübəmlə, təcrübə deməzdim buna, bu hadisələrdən sonra onu etməzdim. Çünki cəmiyyətimiz, insanlarımız tam olaraq bu qədər səmimiyyətə hazır deyil. Digər tərəfdən sui istifadə edib, qərəzli şəkildə yönləndirib zərba vurmaq istəyənlər var. İmişlidə evim yoxdur. Seçki müddətində qaldığım hotel idi. Birdən ağlıma gəldi ki, seçki müddətində necə yaşayıram onu göstərim. Səbəb bu oldu ki, deputat orada nə ilə məşğuldur, harda qalır, neynir orada, kef çəkir bəlkə də. Başqa-başqa siyasi partiyalar, xüsusən də bu müxalifətə müxalifətçilik edənlər, Milli Şuranın, AXCP-nin sıralarında, içərisində bir-iki nəfər müsavatçı, bir-iki nəfər REAL Partiyasından olanlar da var idi ki, belə şərhələr yazırdılar. Etdiyim idmanda nə eyib var idi? Hər kəs də idman edir, idman eləmək nə zamandan eyib olub? Sağlamlığı qorumaq gözəl bir haldır, insanlara gözəl bir mesajdır. Qəbul edirəm ki, bəzi məsələlərdə daha ciddi olmaq daha yaxşıdır. Amma bizim cəmiyyətimiz belədir ki, daha ciddi olanda, qapalı olanda, deyirlər ki, qapalıdır, özünü çəkir, insanların içərisində deyil, özünü sadə aparmır. Ciddi olanda da deyir ki, sadə deyil, cəmiyyətə və insanlara qapalıdır. Burada qızıl ortanı tutub getmək daha məqbuldur, bu dərsi aldıq.
6. Razi bəy, bir açıqlamanızda "Azərbaycanda bacarıqlı, savadlı, qabiliyyətli insanlara yer yoxdur” fikirlərini səsləndirmişdiniz. Hələ də bu fikirdəsiniz?
- Belə bir məsələ olmuşdu. Bir çox ölkələrin təcrübəsini öyrənirəm və görürəm ki, bacarıqlı, qabiliyyətli insanları dövlət özü qabağa çəkir, onlara nəsə bir kredit verir, nəsə imkan yaradır ki, vətəndaşları iş qura bilsinlər. Biz hələ o mərhələyə gəlib çatmamışıq da, bizim ona qədər olan xeyli görməli işlərimiz var. Biz indi Norveçin keçdiyi yolu 30 ilə keçə bilmərik axı. Məsələn, Norveçdə bir nəfərin hər hansı bir təşəbbüsünə deyək ki, 10 min kredit verirlər, 10 mini batırsa, yenidən ona 10 min də verirlər. İkinci dəfədə batırsa, üçüncü dəfə də verirlər. Sonra deyirlər ki, yox sən daha bu işlə məşğul olma, peşəni dəyiş. İndi Norveç böyük bir yol keçib gəlib. Onun vətəndaşları da sui-istifadə edib pul götüermür. Bu məsələəd çox səmimidirlər.
Bu baxımdan mən o məsələdə fikrimi dəyişirəm. Amma bilirəm ki, bacarıqlı, qabiliyyətli insanlar hər yerdə özünə yol tapıb dolana bilir. Təəssüflər olsun ki, insanlar özü öz ayağı üstündə durmaq üçün hər zaman dövlətdən bir kömək gözləyir, yaxud kimdənsə kömək gözləyir. Biz sosializm dövründə yaşamırıq axı, indi kapitalizmdir. Belə cəmiyyətlərdə hər kəs özü özünə iş yaratmağa çalışır. Dövlət iş vermirsə belə, özü gedib iş yaratmağa çalışmalıdır. Indi bazar iqtisadiyyatıdır, yəni vəhşi kapitalizmin daha normal forması. Fərasətli adamlar milyardlar da qazana bilərlər. Düşünürəm ki, yardımı biz qadınlarımıza verməliyik, iş təmin edə bilmədiyimiz ehtiyacı olanlara verməliyik, əlillərimizə verilməlidir, başsız avə çoxuşaqlı analara və s.
Amma ümumilikdə insanların hamısına yardım vermək olmaz ki. Yaxşı yaşamaq istəyirsənsə, öz işini qurmalısan. Gedib zavod və fabrikdə də işləsən 800-1000 manat maaş alacaqsan. Ehtiyacın çoxdursa, daha çox pul sahibi olmaq istəyirsənsə, artıq özün çalışacaqsan. İnsanlarımız öz ayaqları üstündə dayanmağı öyrənməlidirlər. Gəlib bizdən tələb eləsinlər ki, deputat, mənə kömək elə iş qurmuşam, oradan 20-30 min alım, işimi böyüdüm, biz də həvəslə bunu edək. Çünki dövr buna doğru gedir.
7. "Tiktok”dan ən çox istifadə edən deputatsız desək, yanılmarıq. Razi bəy "Tiktok”dan hansı məqsədlə istifadə edir?
- Mən sadəcə olaraq TikTokdan həm bir bilik almaq üçün istifadə edirəm, ikincisi də öz fikirlərimi TikTok üzərindən cəmiyyətə çatdıraram. Bu iki məqsəd üçündür. İndi əgər sizin iştirakınızla öz TikTok səhifəmi açsam görəcəksiniz ki, orada rus, türk, azərbaycan, ingilis, fransız, alman dillərində məlumatlardır. O məlumatların da hamısını oxuyuram, abuna olduğum səhifələr və şəxslər dil biliklərimi zənginləşdirmək üçündür, ensiklopedik məlumatlar almaqdır, sağlamlıqla bağlı paylaşımlardır,dünya xəbərləridir, dünya siyasətçiləridir. Yəni, mənim üçün TikTok ideal bir məkandır.
Hərdən gəlib mənə deyirlər ki, bu TikTokda çox pis-pis şeylər var, qarşıma çıxıb, adam TikToka girə bilmir. Mən TikToka girirəm, mənim qarşıma heç elə şeylər çıxmır. Mən deyərdim ki, TikTok biliyimin artmasında, bildiyim dillərin zənginləşməsində, aldığım məlumatların daha da müxtəlifləşməsində önəmli bir rol oynayır. Eyni zamanda da öz mesajlarımı, fikirlərimi, düşüncələrimi həm partiya sədri kimi, həm deputat kimi cəmiyyətə çatdırmaqda da müstəsmə rol oynayır. Elə videolarım var ki, 5 milyon baxılıb, 2 milyon baxılıb, 3 milyon baxılıb, üst-üstə belə götürəndə başqaları paylaşıb, 10-15 milyon baxılan da var, başqa ölkələrdən də baxan var.
8. Bir dəfə demişdiniz ki, "Tiktok”da avaralar çoxdur. Orada sizə ən çox narahat edən məqam hansıdır?
- Tiktokda kim necə gəldi, video çəkir, paylaşırdı, mənasız söz yığını danışırdı. Mənim üçün də Tiktok yeni idi. Açanda qarşıma pis səhifələr çıxırdı. Sonradan öz zövqümü, maraq dairəmi müəyyənləşdirəndən sonra heç onlar qarşıma çıxmır daha, onları görmürəm də. İndi görürəm ki, Tiktok xeyli mədəniləşib. Bütün platformaların əvvəli belə olur. Sel də gələndə çör-çöp gətirir. Facebook da belə idi, İnstagram da belə idi, indi Tiktok da belə oldu, Youtube-un da əvvəli belə olub. Artıq Tiktok platformasına avara platforma demək mümkün deyil. Kimsə onu tənqid edirsə də, insanlara məsləhət görürəm ki, birinci özünüzdən başlayın. Əgər sənin orada qarşına nəsə pis, lazımsız, düşük məlumatlar çıxırsa, demək sən ona baxırsan ki, çıxır. Hər bir bir videonun üzərində barmağını basıb saxlayandan sonra menyu açılır. Orada belə videoların bir daha göstərilməməsini seçə bilərsən. Təmizlə və doğru-düzgün yaşa.
9. Azərbaycan telekanallarında da bayağı verilişlər, "Tiktok” fenomenləri tez-tez yer alır. Sizcə, televiziyalarımız niyə bu vəziyyətdədir?
- O cür verilişlər, televiziyalar, həm də cəmiyyətin zövqünü korlamaq və özlərinə uyğun bir tamaşaçı yetişdirmək üçün işləyirlər. Şəxsən, mən, cavan uşaqların güldüyü komediyalara gülə bilmirəm. Baxıram, inanın ki, heç cür gülə bilmirəm. Bəlkə də cəmiyyətin ağırlığı və yaxud zövqsüzlüyü, məni güldürmür. Başqa ölkələrdən olan komediyalara, verilişlərə baxıram və görürəm ki, ciddi məsələlər müzakirə olunur və yaxud ciddi zarafatlar olunur. Amma təəssüflər olsun ki, bu gün bizdə bütün zarafatların hamısını qurşaqdan aşağı endirirlər. Güldürmək üçün eyib sözlər deməlisən. Bu bir trendə çevrildi ki, söyüşlə danış. Daha çox onu amerikan filmlərində görürdük, "Hollywood” filmlərində söyüşlə danışırlar, qadın, kişi bilmirlər və biz bunu götürürük. Cəmiyyət də bu şəkildə bir tamaşaçı yetişdirir. Amma görürəm ki, bu gün ciddi gülüş epizodları yaranır. Televiziyalarda maraqlı və ciddi nələrsə var artıq. Bizim istedadlı gənclərimiz, aktyorlarımız var. O adama, aktyora hörmətim artır ki, sözünü ağayana, ciddi və kəskin yumorla desin. Özünə hürmət edən adamın qeyri-ciddi yumorlara baxıb güldüyünü görməmişəm.
10. Son olaraq, Azxeber oxuyucularına nə demək istərdiniz?
- "Azxeber.com” saytı mənim Azərbaycanda ən çox hörmət qoyduğum media qurumlarından biridir. Rəhbərliyini görəndə onlara fikirlərimi çatdırmışam. Mən sizin "instagram” kanalınıza abunəyəm. Hər gün izləyirəm, buradan məlumatları alıram. Minlərlə insan burada öz fikrini bildirir və bu da məni çox sevindirir. Üstün cəhətiniz budur ki, paylaşımlara öz qərəzinizi əlavə etmirsiniz. Məni də paylaşmısınız və hədəfə gəlmişəm, amma mən bundan inciməmişəm. Çünki siz ora duz və istiot qatmamısınız. Siz peşəkar media baxımından yanaşmısınız. Dediklərimi yazmısınız. Siz o neytrallığı, media professionallığını saxlamaq üçün əlinizdən gələni edirsiniz. Siz mənim ən müsbət yanaşdığım, suallarına daim cavab verdiyim ağ siyahımda olan bir media qurumusunuz.