Yaxın Şərqdəki münaqişələr və Ukraynadakı hərbi əməliyyatların qlobal enerji bazarlarına təsiri nəticəsində neft və təbii qaz qiymətlərinin kəskin yüksəlməsi nəhəng enerji şirkətlərinin mənfəətini rekord həddə çatdırıb.
AZXEBER.COM "qafqazinfo”-ya istinadən xəbər verir ki, "Shell” və "TotalEnergies” bu ilin üçüncü rübündə gəlirlərinin kəskin artdığını bəyan ediblər.
Britaniyanın "Shell” konserni iyul-sentyabr aylarını əhatə edən rübdə vergidənkənar xalis mənfəətini keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıraraq, 12,1 milyard dollara çatdırıb. Fransanın "TotalEnergies” şirkəti isə eyni dövrdə 8,3 milyard dollar xalis gəlir əldə edərək yeni rekorda imza atıb. İspaniyanın "Repsol” nəhəngi də ilin ilk doqquz ayında mənfəətini dörd dəfə artıraraq 5,6 milyard dollara qaldırıb.
Mənfəətin belə sürətlə artmasına Yaxın Şərqdən neft-qaz tədarükündə yaşanan axsamalar, logistik məhdudiyyətlər və Rusiya infrastrukturuna hücumlar fonunda emal olunan yanacaq qiymətlərinin bahalaşması səbəb olub. Məlumata görə, neft emalı zavodlarının mənfəət marjası aprel-iyun dövründəki 24 dollardan üçüncü rübdə bir barel üçün 42 dollara yüksəlib.
Enerji nəhənglərinin rekord mənfəət əldə etməsi, yanacaqdoldurma məntəqələrindəki qiymətlərin qalxması və həyat bahalığı fonunda Avropa ölkələrində narazılıqları artırıb. Fransada həftələrlə davam edən etirazlardan sonra rəsmi Paris "TotalEnergies” rəhbərliyini qiymətləri endirməyə çağırıb.
"Shell” rəhbərliyi isə əldə olunan yüksək gəlirin bir hissəsini səhmdarlar arasında dividend şəklində bölüşdürəcəyini açıqlayıb. Yaxın günlərdə digər böyük enerji şirkətləri - bp, "Chevron” və "ExxonMobil”in də rüblük maliyyə hesabatlarını təqdim edəcəyi gözlənilir.











































