Polis məlumat verib ki, Baş nazir Sali Berişanın ofisinin qarşısına toplaşan mitinqçiləri dağıtmaq üçün əvvəlcə gözyaşardan qazdan, su şırnağından istifadə edilib.
Ən sonda isə havaya xəbərdarlıq atəşi açılıb.
Hələlik həlak olanların polisin gülləsinə qurban olub-olmadıqları dəqiq məlum deyil.
Berişanın ofisi qarşısına toplaşan 20 000-ə yaxın nümayişçi korrupsiya ittihamlarına görə hökumətin istefasını tələb ediblər.
Sonra etiraz aksiyası zorakılığa çevrilib. Aksiya iştirkaçıları polisi daşa basıb, yaxında olan polis və mülki maşınları yandırıblar.
Müxalifət 2009-cu ilin iyununda keçirilmiş parlament seçkisinin nəticələrini qəbul etmir, yeni seçki tələb edir. Rəsmi nəticələrə görə həmin seçkidə Berişanın Demokrat Partiyası cüzi üstünlüklə qalib gəlib.
Problemin həlli üçün tərəflər arasında danışıqlar bir nəticə verməyib.
Bu il mayın 8-də də Albaniyada bələdiyyə seçkiləri keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri bəyanat yayaraq Albaniyada bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb. Sənəddə qeyd edilir ki, Albaniyanın indi üzləşdiyi problemlər yalnız əməkdaşlıq və dialoq yolu ilə həll edilə bilər.
Nazir əlavə edir ki, ATƏT-in Albaniyadakı ofisi hökumətin, vətəndaş cəmiyyəti institutlarının demokratiya və insan haqlarının gücləndirilməsi istiqamətində addımlarını müdafiə etmək üçün onlarla birgə işini davam etdirəcək./// azadliq.org