Alimlər yeni bioloji saatı təqdim etdilər

Alimlər yeni bioloji saatı təqdim etdilər
DÜNYA
19:19 16.06.2026
218
Beynəlxalq alimlər qrupu qocalma prosesinin öyrənilməsi üçün yeni bir alət təqdim edib. Genlərin fəaliyyətini təhlil edən bu sistem orqanizmin bioloji yaşını və ölüm riskini müəyyən etməyə imkan verir. Tədqiqat müəlliflərinin fikrincə, yeni metod xəstəliklərin, dərmanların və həyat tərzinin qocalma prosesinə təsirinin araşdırılmasında mühüm rol oynaya bilər.

AZXEBER.COM bu barədə xarici mediaya istinadla xəbər verir.

İndiyədək bioloji yaşın qiymətləndirilməsi üçün ən geniş istifadə olunan üsullardan biri "epigenetik saatlar” hesab olunurdu. Bu metod yaş artdıqca və müxtəlif stress faktorlarının təsiri altında DNT-də baş verən dəyişiklikləri izləyir. Lakin alimlər hesab edirlər ki, bu yanaşmanın müəyyən məhdudiyyətləri var və buna görə də yeni üsulların hazırlanmasına ehtiyac duyulur.

Yeni sistem isə fərqli prinsiplə işləyir. O, genetik məlumatın həyata keçirilməsində və zülalların sintezində iştirak edən RNT molekullarını analiz etməklə genlərin aktivliyini qiymətləndirir. Yaş artdıqca aktiv və qeyri-aktiv genlərin tərkibi dəyişdiyi üçün bu məlumatlar qocalma prosesinin göstəricisi kimi istifadə oluna bilər.

Modelin yaradılması üçün alimlər insanlardan, makakalardan, siçovullardan və siçanlardan götürülmüş 11 mindən çox toxuma nümunəsini araşdırıblar. Toplanan məlumatlar müxtəlif məməli növlərində qocalmanın ümumi qanunauyğunluqlarını müəyyən etməyə və müxtəlif orqanlarda baş verən dəyişiklikləri müqayisə etməyə imkan verib.

Araşdırma zamanı müəyyən olunub ki, toxumaların bərpası və hüceyrələrin normal bölünməsi ilə əlaqəli genlərin yüksək aktivliyi daha ləng bioloji qocalma ilə bağlıdır. Əksinə, iltihab prosesləri və hüceyrə ölümü ilə əlaqəli genlərin aktivliyinin artması daha sürətli qocalan orqanizmlər üçün xarakterikdir.

Model hazırlandıqdan sonra digər məlumat bazaları üzərində də sınaqdan keçirilib. Nəticələr göstərib ki, yeni alət sürətlənmiş və ya ləngimiş qocalma hallarını müəyyən edə, həmçinin ölüm riski ilə bağlı proqnozlar verə bilir. İnsan qan nümunələrinin təhlili zamanı sistemin ömür uzunluğunu bəzi mövcud epigenetik metodlardan daha dəqiq proqnozlaşdırdığı məlum olub.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yeni "bioloji saat” xroniki xəstəliklərin orqanizmə təsirini də qeydə ala bilir. Bu əlamətlər həm xəstəlik modellərində istifadə olunan heyvanlarda, həm də pasiyentlərin toxumalarında müşahidə olunub.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də qocalmanın əsas əlamətlərinin tədqiqata cəlb olunan dörd növdə oxşar olmasıdır. Bundan başqa, əzələ və qan hüceyrələri də daxil olmaqla müxtəlif hüceyrə tiplərində də bənzər qanunauyğunluqlar qeydə alınıb.

Alimlərin fikrincə, yeni yanaşma qocalmanı ləngitməyə yönəlmiş dərmanların və həyat tərzi dəyişikliklərinin effektivliyini daha sürətli qiymətləndirməyə kömək edə bilər. Bununla belə, onlar metodikanın hələ əlavə tədqiqatlara ehtiyac duyduğunu vurğulayırlar.
OXŞAR XƏBƏRLƏR