‘Allahın bacısı oğlu olsan da iclas zalına daxil ola bilməzsən’ – Siyavuş Novruzov

SİYASƏT
00:47 18.07.2014
2259

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına müsahibə verib. AZXEBER.COM həmin müsahibəni təqdim edir:

- 15 il öncə Azərbaycan Xalq Cəbhəsinin 10 illik yubileyində iştirak etmşidiniz. YAP bu həftə AXC-nin 25 illik yubileyinə dəvət olunmuşdu?

- Siyasi partiyalar əvvəllər təşkil etdikləri müxtəlif tədbirlərə bir-birini dəvət edirdilər. Yalnız Müsavat Partiyası istisna idi, yerdə qalan partiyalar tədbirlərinə, xüsusən də yubiley mərasimlərinə başqa siyasi partiyaların təmsilçilərini də çağırırdılar. YAP-ın nümayəndələri dəfələrlə Milli İstiqlal, Sosial Demokrat partiyalarının tədbirlərinə qatılmışdılar. O zaman partiyaların sayı da indiki qədər çox deyildi, amma bir neçə partiya vardı ki, YAP onların dəvətini yerə salmırdı, tədbirlərinə gedirdik. Biz də onları tədbirlərimizə dəvət edirdik.

AXCP-yə Əbülfəz Elçibəy rəhbərlik etdiyi dövrdə YAP bu partiyanın dəvətlərini qəbul edirdi, tədbirlərinə gedirdik. AXC-nin yaradılmasının 10 illiyinə həsr olunan tədbirə YAP da dəvət olunmuşdu. O vaxt Şəhriyar adına mədəniyyət evində keçirilən yubiley mərasimində YAP-ın qərarı ilə iştirak etmişdik. Tədbirə mən və Səyyad Aran qatılmışdıq. O dövrdə mən YAP-ın təşkilat şöbəsinin müdiri idim, Səyyad Aran isə ideologiya şöbəsinin müdiri idi və yubileydə YAP-ı təmsil etmişdik.

Elçibəy dünyasını dəyişəndən sonra Xalq Cəbhəsində qarşıdurma, parçalanma yarandı, partiya bir-birini qəbul etməyən, müxtəlif məsələlərdə bir-birini ittiham edən qruplara bölündü, ayrı-ayrı şəxslərin əlinə keçdi. Bunun nəticəsində həmin siyasi ənənələri məhv olub getdi. Vaxtilə münasibətlər belə idi ki, siyasi mübarizə öz yerində qalırdı, heç kim digərini siyasi mübarizədən çəkindirmirdi, amma bir-birimizi müxtəlif tədbirlərə dəvət edirdik, görüşürdük, dəyirmi masalarda müzakirələr aparırdıq. Təəssüflər olsun ki, bu gözəl ənənələrə son qoyuldu və siyasi münasibətlər şəxsi qərəz və intriqa üzərində qurulmağa başlandı. YAP AXC-nin 25 illik yubileyinə dəvət olunmamışdı. Əgər dəvət olsaydı, partiya rəhbərliyi bunu müzakirə edib müvafiq qərar çıxaracaqdı.

- Ölkədə bir çox məsələ ilə yanaşı siyasi qüvvələr arasında münasibətləri tənzimləməkdə də hakimiyyətin üzərinə böyük məsuliyyət düşür. İndi müxalifət YAP-ı tədbirlərinə dəvət etmir. Niyə müxalifətlə münasibətləri bu həddə qədər gərginləşdirmisiniz?

- Hakimiyyət siyasi münasibətlərin normal olması üçün kifayət qədər addımlar atır. Amma elə məsələlər var ki, bizdən asılı deyil. Elə partiya var ki, səkkiz yerə parçalanıb, yerində neçə-neçə partiya yaranıb. Hamısı da ideyanın, ideologiyanın, təşkilatın strukturunun onda olduğunu, partiyanın qanuni varisi özü olduğunu iddia edir. Belə bir vəziyyətdə kiminlə dialoq aparmaq sualı ortaya çıxır. Hansını tədbirə dəvət edək, hansının tədbirinə qatılaq?

YAP müxtəlif tədbirlər keçirir. O cümlədən Asiya ölkələrinin siyasi partiyalarının toplantısını keçirmişik. Bütün tədbirlərimizə parlamentdə təmsil olunan və parlamentdən kənarda qalan partiyaları dəvət etmişik. Lakin onlardan bəziləri dəvətimizi yerə salıb. Əslində bunun səbəbləri bizə yaxşı məlumdur. Bəzi müxalifət partiyalarının daxilində ciddi qarşıdurma var. Şəxslərin maraqları toqquşur, bir-birinin mənafelərinə zidd fəaliyyət göstərirlər. Onlar hakimiyyətə qarşı istənilən məkrli addımı atmağa hazır və qadir insanlardır.

Bütövlükdə götürdükdə vaxtilə xalq hərəkatında Azərbaycanın bütün vətəndaşları iştirak edirdilər. Sonradan xalq hərəkatı təşkilatlanmağa başladı və AXC yarandı. 25 illik yubiley ərəfəsində vaxtilə xalq hərəkatında iştirak etmiş insanların müsahibələrini oxuyuruq. Onların əksəriyyəti də deyirlər ki, Xalq Cəbhəsinin yaranması xalq hərəkatının parçalanmasına xidmət edən addım oldu.

Azərbaycan hakimiyyəti siyasi münasibətlərin sivil formada qurulması üçün əlindən gələni edir. Amma qarşı tərəf buna hazır deyil.

- 1999-cu ildə AXC-nin 10 illiyi şəhərin mərkəzində yerləşən Şəhriyar adına mədəniyyət evində keçirildi. 15 il sonra isə AXC-nin 25 illik yubileyini keçirmək üçün Bakının ucqarında yerləşən qəsəbənin mədəniyyət evi ayrıldı. Hakim partiyanın nümayəndələri də tədbirə qatılmır. Bunu son 15 il ərzində Azərbaycanda demokratiyanın, siyasi azadlıqların və münasibətlərin hansı istiqamətdə getdiyinin göstəricisi saymaq olar?

- Xeyr, mən bunu göstərici saymıram. Bəzən insanlar məsələləri düzgün qiymətləndirmir və yanlış şərh edirlər. Partiyaların tədbir keçirməsi üçün yer tapmaq məsələsi son zamanlar tez-tez müzakirə olunur. Müsavat Partiyası da bunu tez-tez hallandırır, guya qurultay keçirmək üçün yer tapmırlar. Hamı bilməlidir ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda tədbir keçirmək üçün müxtəlif yerlər var. Həmin yerlərin bir hissəsi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır: teatrlar, mədəniyyət evləri, klublar... Bir hissəsi isə özəl müəssisələrdir: restoranlar, şadlıq evləri, otellər və sair. Bakı Şəhər İcra Hakimiyyətinin balansında isə çox az sayda yer qalıb. Çünki bu müəssisələrin əksəriyyəti özəlləşdirilib. Şəhərin mərkəzində yerləşən və Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan klub, mədəniyyət evi, saray yoxdur ki, onu tədbir keçirmək üçün partiyalara təklif etsinlər. Bir zamanlar Şəhriyar adına mədəniyyət evi Bakı Şəhər İcra Hakimiyyətinin balansında idi. Partiyalar müraciət edən kimi oranı tədbir keçirmək üçün ayırırdılar. Amma ondan əvvəl həmin yer Milli Təhlükəsizlik Nazirliyinə məxsus olub. 1992-ci ildə Müsavat Partiyası binanın bir hissəsini zəbt etmişdi və yalnız klub hissəsi meriyanın balansında qalmışdı. Bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyi iddia qaldırdı və Şəhriyar adına mədəniyyət evi də daxil olmaqla bina bütövlükdə nazirliyin balansına qaytarıldı. İndi ora MTN-in mədəniyyət evi kimi fəaliyyət göstərir.

Bakı Şəhər İcra Hakimiyyətinin balansında yalnız paytaxtın müxtəlif rayonlarında yerləşən mədəniyyət evləri qalır. Ona görə də meriya imkanı olan yerləri partiyalara təklif edir. Əgər kiminsə bundan xoşu gəlmirsə, “Alov Qüllələri”ndə, “Four Season”, “Hilton”, “Abşeron” otellərində və başqa otellərdə yer icarəyə götürüb tədbirini keçirə bilər.

- Amma müxalifəti həmin otellərə buraxmırlar. Hətta bu yaxınlarda AXCP sədri Əli Kərimli ATƏT-in Bakıda, “Fairmont” otelində sessiyası keçirilən zaman ora görüşə getmiş, ancaq oteldən çıxarılmışdı...

- Bu, tamamilə başqa bir məsələ idi və onun cavabını vermişik. Dünyanın hər yerində tədbirlərin keçirilməsi üçün standartlar var. Məsələn, mən Azərbaycanın NATO Parlament Assambleyasında üzvüyəm və müxtəlif tədbirlərə gedirik. Tədbirdən iki ay əvvəl bizə xüsusi sorğu göndərilir ki, tədbirdə kimlər iştirak edəcək. Biz əvvəlcədən sənədlərimizi, haqqımızda məktublar göndəririk və tədbirdə iştirak edəcək nümayəndə heyəti üçün xüsusi buraxılış vəsiqələri hazırlanır. Tədbir keçirilən yerə gedirsən, pasportunu təqdim edirsən və iclasdan bir gün əvvəl qeydiyyatdan keçərək xüsusi buraxılış vərəqəsi alırsan. İclas başlanan gün tədbirin keçirildiyi zal xüsusi mühafizə olunur və səni həmin vəsiqəni pasportunla birlikdə təqdim etdikdən sonra içəri buraxırlar. Əgər buraxılış vərəqin yoxdursa, əstəğfürullah, Allahın bacısı oğlu olsan da iclas zalına daxil ola bilməzsən. Çünki bina güclü mühafizə olunur, hətta zirehli texnika da yerləşdirilir. Almaniyada, Fransada, Avropanın başqa dövlətlərində keçirilən iclaslarda bunun şahidi olmuşam. Bu da təbiidir. Dünyanın 50-dən artıq ölkəsindən tədbirə insanlar gəlir və təhlükəsizlik təmin olunur. İclas iştirakçılarının qaldıqları otelə kənar şəxslərin girişi də qəti qadağan edilir. Bütün bunlar dünyanın normasıdır. Əgər kimsə gedib iclas iştirakçıları ilə görüşmək istəyirsə, onları harasa dəvət edə bilər, oturub söhbət edərlər. Amma iclas keçirilən yerə kənar şəxsin daxil olması qadağandır. Əli Kərimli ya bilməyərəkdən, ya da qəsdən iclas keçirilən yerə gedib və oteldən çıxarılması haqqında məlumat yayılıb. Amma məsələ aydınlaşdı ki, bu, Azərbaycan hökuməti ilə bağlı olan məsələ deyil, ATƏT-tin standartlarından irəli gəlir. Biz də o standartlara əməl etmişik.

Müxalifət tədbirlərini kənarda deyil, şəhərin mərkəzində keçirmək istəyirsə, özəl müəssisələrlə, o cümlədən şadlıq evləri ilə razılığa gəlib bunu edə bilər. Biz YAP-ın sonuncu qurultayını “Buta”da keçirmişik. Orada toy, nişan, ad günü keçirilir. Biz orada qurultay keçirdik. Əvvəlcədən danışdıq, icarə haqqını ödədik, zalın tərtibatı ilə məşğul olduq, zalı qurultay keçirilməsi üçün uyğun vəziyyətə gətirdik və qurultayımızı keçirdik.

- Nə qədər icarə haqqı ödəmişdiniz?

- Təbii ki, bunun müəyyən qədər xərci var. Əvvəla, zalın tərtibatı məsələsi var, ikincisi, icarə haqqı da ödənməlidir.

- Müxalifət partiyasının “Buta”da qurultay keçirməyə gücü çatar?

- Hesab edirəm ki, müxalifətin buna maddi imkanı çatmalıdır. Çünki iyirmi ildir işləmirlər, amma rəng-ruhlarında dəyişiklik yoxdur, bahalı geyinir, bahalı avtomobillərdə gəzir, övladlarını xaricdə oxudurlar. İyirmi ildir işləməyən partiya sədri övladını xaricdə illik təhsil haqqı 100 min funt-sterlinq olan ali məktəbdə oxutdurursa və buna pul tapırsa, təbii ki, qurultay keçirməyə də pul tapar. Çünki qurultay üçün ondan dəfələrlə az vəsait tələb olunur.

 

OXŞAR XƏBƏRLƏR