Noyabrın 23- 27-də Frankfurt-Mayn yaxınlığındakı Arnoldşayn Yevangeliya Akademiyasında “Dağlıq Qarabağ ətrafında sülhə nail olma prosesi: münaqişənin nizama salınmasında ədalət məsələsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.AZXEBER.COM-un məlumatına görə, konfrans Frankfurt Sülh Araşdırmaları İnstitutunun dəstəyi, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) sponsorluğu ilə gənc azərbaycanlı alim, siyasi elmlər doktoru Azər Babayev tərəfindən təşkil olunub.Dörd gün davam edən tədbirdə 40-dan çox siyasətçi və ekspert iştirak edib.Azərbaycanı konfransda millət vəkili Rasim Musabəyov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov təmsil edib.Siyasi və elmi diskussiyalarda indiyədək kifayət qədər işıqlandırılmamış məsələ - Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin rolu konfransın əsas mövzusu olub.“Sülh üçün nə qədər ədalət lazimdir?”. Sülh danışıqlarının uzun və səmərəsizliyi nəzərə alınarsa, bu sualın cavabı əhəmiyyətli ola bilər. Belə ki, münaqişə edən tərəflərin son dərəcə bir-birinə zidd mövqeləri arxasında ilk növbədə fərqli ədalət anlayışları olduğu görünür.Konfrans sülh proseslərində ədalət məsələsi və Dağlıq Qarabağ münaqişəsi barədə alman mütəxəssislərinin giriş məruzələri ilə başlayıb.Bundan sonra Ermənistan və Azərbaycanın elmi nümayəndələri çıxış ediblər.F.Məmmədov və Əvəz Həsənov Qarabağ münaqişəsini Azərbaycanın ədalət nöqteyi-nəzərindən təqdim ediblər.Sonra hər iki ölkənin parlament nümayəndələrinin iştirakı ilə diskussiya paneli baş tutub.Bu paneldə isə millət vəkili Rasim Musabəyov münaqişənin dinc həlli üçün Azərbaycanın kompromis imkanlarını izah edib.












































