Alnına ‘damğa’ vurulan azərbaycanlılar

Alnına ‘damğa’ vurulan azərbaycanlılar
Bütün Xəbərlər
00:18 20.07.2014
5111

Əfsələddin Ağalarov

Bizi qınamayın, qardaşlar və bacılar. Üstümüzdə böyük bir “damğa” var. Haramızdadır, dəqiq deyə bilmərəm, amma bildiyim odur ki, elə bir yerimizdədir ki, onu hamı görür. Yox, yox... Qətiyyən gülməyin. Eyib bir yerimizdə deyil. Haradadırsa, üzdə görünən bir yerimizdədir.

 Çoxları bizi qüsurlu hesab etmir və o damğanı görməzdən gəlir. Çoxları da bu damğanı görən kimi onu qaşıyıb qan çanağına döndərir. Yəni yaranın qaysağını dırnağı ilə soyub ağrımızı təzələyir.

Çox səbirsiz olmayın... Elə indicə hamınızın bizə qoyduğu adı yazacam. Deməli, bizə ilk günlər “qaçqın” deyirdiniz. Sonra Allah köməyi olmuşlardan biri çıxıb bu adı müasirləşdirdi. O şəxs hamıya göstərdi ki, biz öz torpaqlarımızdan xoşluqla qaçmamışıq, məcburi şəkildə köçmüşük. Elə buna görə də bizim “damğa”mızın yeni adı “MƏCBURİ KÖÇKÜNLƏR” oldu. Elə yazdığım kimi ... böyük hərflərlə yazdınız... Deyəsən, alnımıza yazdınız. Dəqiq bilmirəm, amma, deyəsən, elə oraydı...

Zaman elə gətirdi ki, dövlət bizim kimi “damğası” olan insanlara müəyyən güzəştlər etməyə başladı. Sağ olsunlar. Bu gün də bunu edirlər.

Ələlxüsus, bu günə kimi dövlətimizin dəstəyini hər zaman çiyinlərimizdə hiss etdik. Amma siz onu da bizə çox gördünüz. Niyə çörəyin cemli tərəfini bizə, quru tərəfini sizə verirlər deyə, deyinə-deyinə durdunuz. Aranızda elələri oldu ki, bizi görəndə cin atına mindi. Hətta aranızda elələri oldu ki, bizləri ən iyrənc işlərinizə buyurdu. Aranızda elələri oldu ki, rəngimiz, danışığımız, inancımız eyni olsa da, bizi nə məktəbə buraxdı, nə də baxçaya. Amma aranızda elə kişilər oldu ki, işğal olunan torpaqlar üçün bizdən daha çox can qoydu. Gözünü yummadan hamımızın vətəni üçün canını verən də aranızdan çıxdı. O torpaqlara görə bir ayağını, bir qolunu, bir gözünü qurban verənlər də aranızdan biriləri idi.

Amma yenə də çoxunuz ayırdınız bizi özünüzdən.

Yenə sağ olsun dövlətimiz. Bizi sonacan qorudu. Sizdən fərqli olmadığımızı gördü və çarəsizliyimizə əl uzatdı.

Düzdür, bizim də aramızdan min zəhmətlə ev alan insanların evinə girib çıxmayanlar oldu. Bizim də aramızdan, əliəyri, fürsətcil, topu-tüfəngin özünü görməyib hər yerdə “Qarabağda 10 erməninin başını kəsmişəm” deyənlər oldu. Oğlunun şəhidliyindən istifadə edib qonşusunun torpağını zəbt edən və evinin hasarını genişləndirən ağsaqqalarımız, ağbirçəklərimiz də oldu. Yağa-pendirə görə “verməsəniz, özümü odlayacam” deyib sizi qorxudanlar da oldu. Şəhərin mərkəzində beş ev almaq imkanı olan, amma yataqxanadakı evinin qarşılığında dövlətdən ev alanlarımız da çox oldu. Bakıya gələn gün şəxsiyyət vəsiqəsini dəyişib “bakılı” yazdıranlarımız da bir xeyli çoxaldı. Bir sözlə, adımızı qara şala bürüyən yüzlərlə, minlərlə məcburi köçkün peyda oldu.

Amma hamımız onlar kimi olmadıq. Təmizimiz də oldu. Mən o təmizimizi deyirəm... Onun acıyan damğasını deyirəm. Torpağımızı müdafiə edə bilmədiyi üçün hər gün qan-tər axıdan o vicdanlılarımızı deyirəm. Bax onlar da arada necə oldusa, qaynayıb pislərin yanına qoyuldu.

Ötən həftə Kəlbəcərə kirimişcə gedən və meşədə ov ovluyub kabab çəkən şir ürəklilər də çıxdı aramızdan. Vətən həsrəti ilə, torpaq qoxusuna olan məhəbbətlə canını təhlükəyə atan və erməniyə əsir düşən həmin şir ürəkliləri deyirəm.

Onların öz torpaqlarına olan təhlükəli səfəri, bizim edə bilmədiklərimizi etmələri hamımıza bir sillədi. Qan yaddaşımızı təzələyən sillə. Hamımızı silkələyən bir sillə.

Bəli, torpaq bizim torpaqdır. Hamımızın. Məcburi köçkünün də, bakılının da, lənkəranlının da... Bir sözlə, hamımızın. Axı bizim də rəngimiz, danışığımız, dinimiz eynidir. Utanmaq lazım deyil bundan. Biz çörəyin cemli tərəfindən sizə də verərik. Biz bizə verilən yağı, pendiri sizinlə də bölərik. Çünki biz elə alnımıza böyük hərflərlə damğalanan BİZİK. Damğanı cəhənnəm odunda qızdıran da, onu bədənimizə vuran da bizik.

Gəlin əlimizi damğa vurmağa yox, bir-birimizdən bərk tutmağa öyrəşdirək. Axı nə də olsa, biz hamımız azərbaycanlıyıq...

OXŞAR XƏBƏRLƏR