Amerika diplomatiyasının “siması” və ya Xəzərin qərb sahilində casus “ehtirasları” – Məqalə

SİYASƏT
18:10 30.08.2013
1850

1news.az saytında “Amerika “diplomatiyasının” siması və ya Xəzərin qərb sahilində casus “ehtirasları” adlı redaksiya məqaləsi dərc olunub.

Məqalədə qeyd edilir ki, sözügedən material Amerikanın “The New York Times” qəzetində Denis Korboyun, Uilyam Kortninin, Riçard Kozlariçin və Kennet Yalovitsin müəllifliyi ilə dərc edilən, obyektivlikdən uzaq, açıq-aydın sifariş xarakteri daşıyan “Cənubi Qafqaz üçün seçim variantları” adlı məqaləyə cavab olaraq yazılıb.

Yazıda bildirilir ki, tarixən Qərbin xarici ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri ölkənin milli maraqlarının qorunmasına, xaricdə yaşayan vətəndaşların hüquqlarının müdafiəsinə və ikitərəfli münasibətlərin yoluna qoyulmasına – bu diplomatik nümayəndəliklərin yerləşdiyi ölkə ilə sıx əlaqələrin formalaşdırılmasına xidmət edir.

“Bu məntiqlə də, diplomatik missiyanın rəhbəri vəzifəsinə təyin edilən şəxslər dövlətin xarici siyasətinin başlıca məqsədini müəyyənləşdirən fundamental maraqlara və dəyərlərə xidmət etməlidirlər. Lakin hər şey bu qədər sadə deyil. Misal üçün, götürək, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri vəzifəsini.

Bu mövzunun özü bir növ köhnəlmiş kimidir – ancaq tənbəl və reallıqdan uzaq olan adam sözügedən vəzifənin ətrafında yaranan vəziyyət barədə eşitməyə bilər. Ancaq bu halda da, əlavə izahlar tələb edən müəyyən nüanslar mövcuddur”.

Məqalədə ilk olaraq 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışan Riçard Kozlariç barəsində danışılır.

“Onun orqanizmi sadəcə olaraq, qanda alqokolun miqdarına davam gətirmirdi və o diplomatik qəbulları və furşetləri ancaq öz əməkdaşlarının köməkliyi ilə tərk edə bilirdi. Bu diplomat ancaq belə bir xüsusi həvəsi ilə yadda qalıb ki, o, bir çox Avropa ölkələrində çox pis qarşılanan dini sektaların fəaliyyətinin inkişaf etdirilməsinə və təşəkkül tapmasına çalışırdı.

Səfir Kozlariçin bütün mümkün və qeyri-mümkün hallarda müxtəlif qeyri-ənənəvi dini sektaların maraqlarını müdafiə edərkən nəyi əldə rəhbər tutduğu hələ bu günə qədər naməlumdur. Bəlkə bu onun tərəfindən Azərbaycanda yeni “beşinci kolonna”nın yaradılması cəhdi imiş, yaxud şəxsi problemləri diplomatın psixikasına müəyyən mənada öz təsirini göstəribmiş – tarix bu barədə susur.

Bu baxımdan, onu da qeyd etmək lazımdır ki, səfir Kozlariçin maraqlarını ciddi-cəhdlə təmsil və təşviq etdiyi sektalardan birinə Silvio Matti rəhbərlik edirdi. “Həyat verən firavanlıq” təşkilatının nümayəndəsi, Finlandiya vətəndaşı olan S.Matti Sovet İttifaqından hələ 80-ci illərin əvvəllərində qovulub. Hələ o vaxt, islahatların gur vaxtı və Sovet partiya rəhbərliyinin Qərblə münasibətlərin yaxşılaşdırılmasına yönələn yeni ideologiyasının ən qızğın çağlarında “casusluğa görə” maddəsinə elə də tez-tez rast gəlinmirdi...

Beləliklə də, 90-cı illərin ortalarından başlayaraq, həmin bu S.Matti artıq müstəqillik əldə edən Azərbaycana həmin təşkilatın nümayəndəsi kimi, həm də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçin himayədarlığından istifadə edərək gəlirdi”.

Məqalədə qeyd olunur ki, belə bir diplomatik məlumat (depeşa) daxil olmuşdu ki, müəyyən vəziyyətlərdə “kömək etməyə” hazır olan yüksək səlahiyyətli “təşəbbüskar” peyda olub.

“Buna isə “Neft baronu” kod adı verilmişdi. Azərbaycan Milli Məclisinin sədri Rəsul Quliyev – belə bir “təşviqedici” təkliflə çıxış edən “təşəbbüskar” da məhz o idi – həmin vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq, Cənubi Asiya və Afrika Kəşfiyyat Rəhbərliyinin əməkdaşları üçün əls cek-pot oldu.

Bir qədər keçdi, Rəsul Quliyev mühacirətə qaçandan sonra, hər şey dəyişdi. Yeri gəlmişkən, heç də hər şey yox – R.Quliyevin öyrəşdiyi təmtəraqlı həyat tərzi olduğu kimi qalmaqda davam etdi. Onun ABŞ-ın Vergi İdarəsinin istintaqından ABŞ xüsusi xidmət orqanlarının məharətlə gizlətməyə müvəffəq olduğu Nyu-Cersidəki evi də, “Rolls-roys”-u da, dolu pul qabısı da olduğu kimi qaldı, hətta daha da cah-cəlallı oldu.

Sabiq diplomat Kozlariçin imzası ilə bəzi Amerika nəşrlərində dərc edilən öyüd-nəsihətlərə gəldikdə isə demək olar ki, bütün bunların hamısı heç bir istedadı olmayan, alkoqolla dini əqidələrinin arasında kompromis əldə etməyə çalışan sifilitik diplomatın əsassız tənqidindən başqa bir şey deyil. Yəqin ki, məhz bu presedent sözügedən səfir vəzifəsinə R.Kozlariçdən sonra gələn, demək olar ki, hər sonrakı səfirin qara lənətinə çevrilməyə başlayıb”.

Daha sonra ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Rino Harniş darəsində də (2003-2006-cı illər) danışılır.

“Məhz bu adam 2005-ci ildə Azərbaycanda narıncı inqilabın baş verəcəyi barədə əsassız mülahizələr yürüdürdü və təbii ki, onlar özünü doğrultmadı, halbuki onun bütün ambisiyaları puç çıxan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə maraqlı simbiozu var idi.

Yeri gəlmişkən, Fərhad Əliyev belə demək olarsa, öz yaxın əlaqəsinə həddən artıq səxavətli münasibət nümayiş etdirirdi. Dəqiqləşdirilmiş məlumatlara əsasən, onun verdiyi hədiyyələrin yalnız bir hissəsi 2004-2005-ci illərdə səfirliyə göndərilib, geridə qalan hissəsi, məsələn, Fərhad Əliyevin ona şəxsən bağışladığı Mayami sahilindəki evi heç cür “suvenirlər” kateqoriyasına aid etmək mümkün deyil.

2005-ci ildə amerikalılar daha bir könüllü-“təşəbbüskar”ı əldə etdilər – bu şəxs hal-hazırda REAL hərəkatının həmtəsisçisi kimi çıxış edən İlqar Məmmədovdur.

Daxil olan diplomatik məlumatda bildirilirdi ki, İlqar Məmmədovun Milli Məclisə üzv seçilə bilmək üçün 2005-ci ildə öz xahişi ilə Azərbaycanın bəzi yüksək səlahiyyətli dövlət məmurları ilə görüşmək cəhdləri uğursuzluqla nəticələnəndən sonra İ.Məmmədov öz xidmətlərini ABŞ-a təklif etmək qərarına gəlib”.

Yazıda vurğulanır ki, maraqlı faktdır – sözügedən “əməliyyat”ı icra edən zabit Donald Lu olub, bu şəxs daha sonra ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini yerinə yetirib.

“Bu həmin o Donald Ludur ki, yaxşı məlumatlandırılmış mənbələrin bildirdiklərinə görə, hətta müəyyən dairələrdə “Madam Don” kimi məşhur olan bu şəxs hələ münaqişələrdən dağılan Qərbi Afrikada, daha doğrusu Syerra-Leonedə könüllü olan zaman heç də pis əylənməyib. Bu həmin o Donald Ludur ki, daha sonra Vikiliks informatorları tərəfindən açıqlanan materiallarda gedən uydurmaları və böhtanları ilə məşhurlaşıb.

Azərbaycana qayıdaq. Beləliklə, İ.Məmmədov Bakıdakı ABŞ səfirliyinə işə qəbul edilir və bir müddət keçəndən sonra o, diplomatik nümayəndəliyin daha bir əməkdaşı – Dadaş Alışovla birlikdə özünün Azərbaycanın Milli Məclisinə namizədliyini irəli sürür. İ.Məmmədov deputat ola bilməsə də, Amerikanın bəzi məmurları ilə müvafiq əlaqələrini yoluna qoymağa müvəffəq olur.

Beləliklə də, müəyyən vaxt ötəndən sonra məhz bir sıra Qərb dairələrinin maliyyə dəstəyi ilə REAL hərəkatı yaradılır. Xaricdə yerləşən etibarlı mənbələrdən təqdim edilən məlumata əsasən, bu “qrupun” 2013-cü ildəki tapşırıqlarınınm siyahısına İsmayıllıdakı iğtişaşlarda iştirak etməkdən əlavə, “Xəzər payızı planı”nın təşkil edilməsində fəal iştirak etmək də daxil edilibmiş. Bu işbirliyinə əsasən, Azərbaycanda oktyabr ayında başlamalı olan iğtişaşlar daha sonra Xəzərin digər sahilinə - Orta Asiya respublikalarına sıçramalı imiş.

Görünür, amerikalılar həqiqətən də Bakı ilə Moskva arasındakı münasibətlərdə ziddiyyətlərin yaranmamasından yaman dilxor olublar.

Həm də yəqin ki, bəzi başabəla amerikalı strateqləri Putinin Bakıya bu yaxında edilən səfəri bərk məyus edib, çünki RF prezidentinin ölkəyə işgüzar səfəri Kremlin guya kinodramaturq Rüstəm İbrahimbəyovun başçılıq etdiyi müxalifyönlü Milli Şura layihəsini dəstəklədiyi barədə çoxsaylı uydurmalara birdəfəlik son qoydu.

Yeni müstəqil dövlətlərlə Rusiya Federasiyasının münasibətlərinin “istiləşməsi” istiqamətindəki bütün təzahürlərə qısqanclıqla yanaşan amerikalı Ruisya antoqonistləri üçün bu ssenari doğrudan da elə ürəkaçan deyil. Lakin bu həm də öz strateji müttəfiqinə qarşı kobud, qeyri-obyektiv, sifariş qoxuyan həmlələrlə “yürüş etmək” üçün daha bir bəhanəyə çevrilməməlidir.

Bununla belə, yazının müəllifləri Azərbaycanın dünya miqyasındakı müqayisəolunmaz iqtisadi inkişafını sübuta yetirən çoxsaylı faktları nə üçünsə görməzdən gəlirlər.

Keçmiş diplomatlar – onların da barəsində layiqincə danışmaq lazımdır – Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar olan məsələlərdə sərt məqamlardan çox böyük ustalıqla yan keçə bilirlər.

Azərbaycan haqqında oxucuya qeyri-obyektiv məlumatları təqdim edən məqalə müəllifləri ölkəmizin beynəlxalq terrorizmlə mübarizə məsələlərində göstərdiyi dəstək, dünya ictimaiyyətinin təşəbbüslərini dəstəkləmək üçün etdiyi köməklik, o cümlədən, ABŞ üçün Əfqanıstana etibarlı nəqliyyat daşınmalarının təmin olunması məsələlərindəki etdiyi yardım barədə söz açmağı nə üçünsə yaddan çıxarırlar.

Hətta Azərbaycanın bəzən özünün əzəmətli qonşuları ilə ziddiyyətləri hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərində oynadığı rolu barədə də yazı müəllifləri demək olar ki, heç nə yazmağı lazım bilməyiblər.

Yekun olaraq, Vaşinqtonda taktiki tədbirlərin işlənib-hazırlanması ilə məşğul olan bəzi xadimlərə məsləhət görərdim ki, onlar öz taktikalarını dövlət başçılarımız tərəfindən əsası qoyulan Amerika-Azərbaycan tərəfdaşlığının inlişaf etdirilməsi üzrə əsas strategiya xətti ilə tutuşduraraq, diqqətlə yoxlasınlar. Həm boynunuzun dalından az şillə yemiş olarsınız, həm də Bakıda antiAmerika meyllərinin lazımsız artımından xilas olarsınız...

Odur ki, yuxarıda qeyd olunan məqalələr kimi qeyri-obyektiv yazılar yazıb, əlcək atmazdan əvvəl Cənubi Qafqaz kimi həyativacib bölgədə belə bir strateji əməkdaşla qarşılıqlı münasibətlərə xələl gətirəcək addımların hansı bərbad nəticələr verə biləcəyini on dəfə ölçüb-biçsəniz, çox yaxşı olar”.

OXŞAR XƏBƏRLƏR