Amsterdamda keçirilən "Qırmızı Lalə” XI Avrasiya Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunub.
AZXEBER.COM xəbər verir ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə baş tutan xüsusi "Azərbaycan Günü”ndə rejissor Mirbala Səlimlinin böyük maraqla qarşılanan "Qırmızı bağ” filmi nümayiş etdirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdim etdiyi filmlərin iştirakı ilə reallaşan bu mədəniyyət layihəsi yerli sənətsevərlərin və Avropa ictimaiyyətinin diqqətini çəkib.
Tədbirin rəsmi açılışını edən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov qonaqları salamlayaraq festivalın əhəmiyyətindən, həmçinin Azərbaycan kinosunun tarixi inkişaf yolundan bəhs edib.
Baş katib Avropanın mərkəzində belə genişmiqyaslı mədəniyyət layihələrinin keçirilməsinin diaspor fəaliyyətinə və milli-mədəni irsimizin tanıdılmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Qırmızı Lalə Film Festivalının nümayəndəsi Bülent Eren də çıxışında festivalın beynəlxalq mədəni əlaqələrin güclənməsindəki rolunu vurğulayıb.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxışında Niderland və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə toxunub. Səfir iki ölkə arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdəki münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirərək, bu növ humanitar layihələrin xalqlararası yaxınlaşmada körpü rolunu oynadığını qeyd edib. Diplomat Azərbaycan kinosunun və sənətinin Avropada nümayişinin ölkəmizin mədəni diplomatiyasının uğuru olduğunu xüsusi vurğulayıb.
Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasi İdarə Heyətinin üzvləri olan Niderland nümayəndəsi Ofelya Babayeva, Finlandiya nümayəndəsi Arzu Oktay və Almaniya nümayəndəsi Elxan Kərimovun yaxından iştirakı ilə ərsəyə gələn layihənin təqdimatını Ülkər Gül və Umut Dəmirdaş Azərbaycan və ingilis dillərində aparıblar. Gecədə festival rəhbərliyi, eləcə də "Demokrat.az” xəbər portalının rəhbəri, "Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli daxil olmaqla media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gecənin bədii hissəsində Avropanın tanınmış musiqi kollektivlərindən olan Jozsef Lendva simli alətlər qrupu səhnə alıb. Musiqiçilərin ifasında səslənən Azərbaycan və Avropa klassiklərinin ölməz əsərləri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Bu cür layihələr Azərbaycanın zəngin mədəni irsinin Avropada daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.











































