Ana Vətən Partiyası xalqa müraciət etdi

Bütün Xəbərlər
17:47 11.04.2011
1631
Bəyanatda deyilir: “Son vaxtlar İctimai Palata adlandırılan qurumun, əslində Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının mitinq keçirməklə bağlı cəmiyyətdə yaratmaq istədikləri ajiotaj mahiyyət etibarilə ölkəmizdə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərin əvvəllərindəki ağır və fəlakətli duruma salmaqdır. Özləri üçün xüsusi imtiyazların əldə edilməsinə çalışan radikal müxalifət mitinq keçirmək üçün təklif olunan məkandan düşünülmüş şəkildə imtina etməklə, əhalinin gur, nəqliyyatın intensiv olduqları yerlərdə qarşıdurma yaratmaq məqsədlərini önə çəkməkdə cızdığı planla hərəkət etməkdə və antiazərbaycan əhval-ruhiyyəsini formalaşdırmaqdadırlar”.

Bəyanatda İctimai Palatanın xarici diplomatlarla görüşü də pislənilib. Xaricillərin beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqları deyilib: “8 apreldə Müsavat Partiyasının qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri, səfir A.Cankorel, Avropa Birliyinin Azərbaycandakı səfiri R.Kobia, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri K.Yerokostopulos, ABŞ-ın, Fransanın, İtaliyanın, Avstriyanın, Norveçin, Polşanın, Bolqarıstanın və digər ölkələrin səfirləri və diplomatları ilə rəsmi qurum olmayan İctimai Palatanın təmsilçiləri ilə qapalı görüşün keçirilməsi dediklərimizi birmənalı olaraq təsdiq edir. Biz həmin ölkə səfirlərinin bu addımını Azərbaycanın daxili işlərinə müdaxiləsi və beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. Güman edirik ki, həmin görüşdə iştirak edən xarici ölkələrin diplomatları mənsub olduqları dövlətin rəsmi mövqeyinin daşıyıcıları deyillər. Onlar Beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqlarına görə izahat verməlidirlər”.

Partiya öz bəyantında insanları müxalifətin mitinqlərinə qoşulmamağa çağırır : “Ana Vətən Partiyasının Mərkəzi Şurası bir sıra ölkələrin diplomatlarının söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı cəfəng fikirlərinin həqiqət olmadığını qeyd edir və Azərbaycana yönəlik çirkin məqsədlərin həyata keçirilməsinə imkan verməmək üçün xalqımızı avantüralara və xəyanətə qarşı səfərbər olmağa və radikal müxalifətin dağıdıcı hərəkətlərinə qoşulmamağa çağırır”.

 

OXŞAR XƏBƏRLƏR