Analar övladlarına niyə nəzarət edə bilmir? - Deputat səbəbləri açıqladı

Analar övladlarına niyə nəzarət edə bilmir? - Deputat səbəbləri açıqladı
SOSİAL
13:58 30.04.2026
520
"Ana övlad yetişdiricisidir və onun məsuliyyəti böyükdür. Uşaqların tərbiyəsində ən böyük məsuliyyəti ana daşıyır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib. 

O bildirib ki, cəmiyyətdə elə bir mühit yaratmaq lazımdır ki, uşaqlar cinayətə meylli olmasın: 

"Türkiyədə məktəblinin atasının silahını götürərək, heç bir nəzarət olmadan böyük bir faciə törətməsi və insan canına qəsd etməsi yalnız qardaş ölkə üçün deyil, bütün dünya üçün narahatedici problemdir. Ümumiyyətlə, uşaqlarla və gənclərlə bağlı məsələlər, onların yetişdirilməsi cəmiyyət  olaraq hamımızı düşündürməlidir. Uşaqlar bizim gələcəyimiz, cəmiyyətimizin bir parçası, dünyanın ən məsum insanlarıdır. Bu məsum insanları yetişdirmək həm ailənin, həm mühitin, həm də cəmiyyətin üzərinə düşən ciddi məsuliyyətdir Biz uşaqlarımızı zərər verə biləcək hər şeydən qorumağı bacarmalıyıq. Elə bir mühit formalaşdırmalıyıq ki, uşaqlar mənfi təsirlərə məruz qalmasın, cinayətə meyil göstərməsinlər, zorakılığa yönəlməsinlər”.

Parlamentari qeyd edib ki, analar rahatlıqları üçün uşaqları nəzarətsiz qoyur: 

"Sosial mediada müxtəlif oyunlar və kontentlər var. Analar isə bəzən rahatlıq üçün telefonları uşaqların əlinə verirlər. Lakin valideynlər uşaqların orada nə izlədiklərinə, nə ilə qarşılaşdıqlarına kifayət qədər nəzarət edilmir. Bu məsuliyyət ilk növbədə valideynin, xüsusilə də ananın üzərinə düşür. Ana övlad yetişdiricisidir və onun məsuliyyəti böyükdür. Amma hər iki valideyn uşaqların tərbiyəsində iştirak etməlidir. Bir valideyn üçün övlad sevgisindən daha dəyərli heç nə yoxdur. İnsan sevdiyinə zərər verə bilməz, onu qoruyar və gələcəyini düşünər”.

Deputat vurğulayıb ki, bəzi oyunlar uşaqların inkişafına ciddi təsir göstərir:

"Sosial media, oyunlar və müxtəlif platformalar uşaqların inkişafına ciddi təsir göstərir. Bəzi sosial media qurumları və platformalar var ki, onlar cəmiyyətin mənəvi dəyərlərinə mənfi təsir edir, tərbiyə sistemini zəiflədir. Bu məsələlər mütləq nəzarətə götürülməlidir, lazım gələrsə tənzimlənməli və ya qadağalar tətbiq olunmalıdır. Hətta elə platformalar var ki, onların fəaliyyəti ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir. Biz məcbur deyilik ki, hansısa şirkət və ya platforma pul qazansın deyə uşaqlarımızın gələcəyi riskə atılsın. Dünyada yayılan "Epstein işi"nə dair görüntülərə baxanda belə, çox az insanın bunu açıq şəkildə qınadığını görürük. Halbuki söhbət uşaqların taleyindən gedir”.

O bildirib ki, hər şey öz yerində və ölçüsündə gözəldir:

"Xüsusilə məktəblərdə bu məsələlərə daha ciddi yanaşılmalıdır. Uşaqlara çox imkanlar və hüquqlar verilib, amma hər şey öz yerində və ölçüsündə olmalıdır. Bir deyim var "əzizim əzizdir, amma tərbiyəsi ondan da əzizdir”. Əgər biz uşaqlara düzgün tərbiyə verə bilməsək, sonda belə faciələrə gətirib çıxarır. Dövlət səviyyəsində də bu istiqamətdə müəyyən qanunlar qəbul edilir - süni intellekt, sosial media və digər sahələr üzrə qaydalar hazırlanır. Amma əsas məsələ qanunun necə işləməsidir, ona nəzarətin necə aparılmasıdır. İnsanlar da öz məsuliyyətlərini dərk etməlidirlər. Sosial mediada insanlar bəzən düşünmədən, məsuliyyətsiz şəkildə yazırlar və paylaşırlar, amma unudurlar ki, bunu uşaqlar da oxuyur. Bu da nəticədə ciddi problemlərə gətirib çıxarır. Tarixi və milli dəyərlərə baxsaq, türk millətinin çox zəngin bir tərbiyə və dəyər sistemi var. Böyüyə hörmət, kiçiyə qayğı kimi dəyərlər bizim mədəniyyətimizin əsasını təşkil edir. Əgər bu dəyərlər qorunarsa, cəmiyyət və gələcək nəsillər də bundan fayda görər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR