Mart ayının 12-də "Gülüstan" sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilmişdir.
AZXEBER.COM-a verilən məlumata görə, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələri, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edib.Təşkilatlar sırasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı (AAA), təsisçisi Anar Məmmədov tərəfindən təmsil olunub. Qurultay 3 panel üzrə müzakirələr formatında keçirilib. Panel müzakirələrdən sonra qətnamə qəbul olunub, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədov təşkilatın Mərkəzi Şurasına üzv seçiliblər.
“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilən paneldə çıxış edən AAA-nın təsisçisi Anar Məmmədov qurultay iştirakçılarına müasir informasiya texnologiyalarının tətbiqinin önəmliliyini qeyd edib və keçirilən təsis gurultayının vacibliyini vurğulayıb. “Bu tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 11 il bundan əvvəl keçirilən Dünya azərbaycanlılarının I gurultayının yaratdığı ənənənin davamıdır. Bu gün Azərbaycan həqiqətlərini, vətənimizin problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq bizim hamımızın borcudur. Zəmanə dəyişir, texnologiyalar inkişaf edir, yeni kommunikasiya kanalları yaranır və biz ölkəmizin təbliğatı zamanı yeni təbliğat üsullarından və texnologiyalarından istifadə etməliyik” “2 həftə öncə Xocalı soyqrımının 20 illiyi münasibətilə Azərbaycan Amerika Alyansı olaraq bizdə ABŞ-da həyata keçirdiyimiz geniş təbliğat kampaniyası zamanı yeni kommunikasiya kanallarından geniş istifadə etdik. Pop-up–lar, küçə reklamları yerləşdirdik, sosial şəbəkələrdən geniş istifadə etdik. Biz daha kreativ üsullardan istifadə etməklə daha çox kütləyə çıxa bilərik. Mən əminəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi bütün azərbaycanlı gənclərin bu yöndə səylərini birləşdirəcəkdir” – deyə alyansın təsisçisi Anar Məmmədov bildirib. Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-hökumət təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir.