Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır və onların təxminən 30-35 faizi gənclərdir. Bu, yalnız Ukraynada doğulub boya-başa çatmış gənclərə aiddir. Bununla yanaşı, 2001-ci ildən Azərbaycanla Ukrayna arasında yaradılan təhsil əlaqələri ilə əlaqədar həmin ölkəyə xeyli sayda tələbə axını olub. Hazırda Ukraynada 4000-dən artıq azərbaycanlı gənc təhsil alır.
Budəfəki həmsöhbətimiz Anar Tahirov ali məktəbə Bakıda daxil olsa da, sonradan təhsilini Ukraynada davam etdirib. Əvvəlcə Kiyevdəki Regionlararası Heyətin idarə olunması Akademiyasında oxumağa başlayıb. Daha sonra Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunda həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq Elmi Araşdırmaları İnstitutunun aspirantura bölməsinə daxil olub. İki ildən artıqdır ki, ətrafında yüzlərlə gənc olan təşkilata rəhbərlik edir.
AZXEBER.COM portalı Anar Tahirovun "BakuPost" qəzetinə verdiyi müsahibəni olduğu kimi təqdim edir:
– Ukrayna Azərbaycanlı Gənclər Birliyini yaratmaq ideyası necə yarandı? Orada yaşayan gənc soydaşlarımızın təşkilatlanması təşəbbüsü necə qarşılandı?
– İlk dəfə 2010-cu ildə Dnepropetrovsk şəhərində Ukraynadakı Azərbaycanlı Gənclərin 1-ci forumu keçirildi. Forumda Ukraynanın 19 vilayətindən 700-ə yaxın gənc iştirak edirdi və forum iştirakçısı olan gənclər baş tutmuş forumun məntiqi nəticəsi olaraq gənclər arasında əlaqələndirmə şurasının qurulması qərarına gəldilər. Bir neçə ay uğurlu fəaliyyət göstərən əlaqələndirmə şurası əsasında “Ukrayna Azərbaycanlı Gənclər Birliyi” İctimai Birliyi yaradıldı.
– Bu 2 ildə təşkilatın hansı uğurlarından danışmaq olar?
– Təşkilatın qarşısına qoyduğu başlıca məqsəd Ukraynada yaşayan və təhsil alan gəncləri Birlik ətrafında toplamaq, bu gənclərin öz milli dəyərlərini qorumaq şərti ilə Ukrayna ictimaiyyətinə inteqrasiyanın təmin olunmasıdır. Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) bu müddət ərzində ölkənin 19 vilayətində yaşayan və təhsil alan gəncləri birləşdirməyi bacarıb. Biz birlikdə 100-dən çox layihə həyata keçirmişik. Əsas fəaliyyət istiqamətimiz Azərbaycan haqqında həqiqətlərin Ukrayna ictimaiyyətinə düzgün və dolğun çatdırılmasıdır.
Ukraynada fəaliyyət göstərən Gənc Regionlar Ümumukrayna Gənclər Assambleyası və digər yerli QHT-lərlə mütəmadi olaraq həyata keçirilən sosial və mədəni tədbirlər buna əyani misaldır.Həyata keçirilən tədbirlər içində ilk olaraq artıq iki ildir “Xocalıya Ədalət” kampaniyası çərçivəsində soyqırıma həsr olunmuş tədbirləri qeyd etmək olar. UAGB həm 2011, həm də 2012-ci ildə fevral ayını “Xocalı Ayı” elan edir, yürüşlər, müxtəlif oturaq aksiyalar təşkil edir. “Xocalı Ayı” ərzində keçirilən tədbirlər içərisində Xocalı sərgisinin təşkili, “Fəryad” filminin ukraynalı gənclər üçün təqdimatını xüsusi qeyd etmək istərdim.
– Ukraynada yaşayan, işləyən, yaxud təhsil alan azərbaycanlı gənclərlə əlaqələriniz necədir? Onlara hansı məsələlərdə yardım göstərilməsinə ehtiyac var?
– UAGB ətrafında həm Ukraynada yaşayan, həm də təhsil alan gənclər toplaşıb. Lakin fəaliyyətimizin daha yaxşı qurulması istiqamətində qarşıya çıxan bir sıra problemlər mövcuddur. Problemimiz əsas odur ki, hələ tam şəkildə gənclərimizi ətrafımızda birləşdirə bilməmişik. Çünki Ukrayna böyük ölkədir, bəzi regionlarda azərbaycanlılar azdır. Digər tərəfdən, Azərbaycandan son 2-3 ildə axın edən tələbələrin dil bilməməsi problemlər yaradır.
Ona görə həm regionlarda, həm də Kiyevdə pulsuz dil kursları təşkil edirik. Eyni zamanda Ukraynanın bir sıra regionlarında, konkret olaraq Nikolayev şəhərində “bazar günü” məktəbi fəaliyyət göstərir. Məqsəd orada doğulub-böyüyən və Azərbaycan dilini bilməyən uşaqlara dilimizi öyrətmək, Azərbaycan dilini unutmağa imkan verməməkdir.
– Növbəti forumunuz nə vaxta planlaşdırılıb və əsasən hansı məsələlər müzakirəyə çıxarılacaq?
– UAGB-nin 1-ci forumu 2010-cu ildə Dnepropetrovsk şəhərində, 2-ci forumu isə 2011-ci ildə Kiyev şəhərində təşkil olunmuşdu. Növbəti forum 2013-cü ilin yaz aylarına planlaşdırılır. Bu dəfə toplantıda Ukrayna ilə yanaşı, Bakıda və Avropada təhsil alan tələbələrin də iştirakı gözlənilir. Biz UAGB olaraq bir sıra yerli və beynəlxalq təşkilatlarla, o cümlədən “İrəli” Gənclər Birliyi, ASAIF kimi nüfuzlu gənclər təşkilatları ilə sıx əməkdaşlıq edirik.