Qısa müddətdən sonra qışın ağır yükünü çiynimizdən atıb ömrümüzə gələn növbəti bahar nəsimini ürək dolusu ciyərlərimizə çəkəcəyik.
Pəncərədən şəhərə baxıram-ağaclar yeni-yeni tumurcuqlayır, qışın şaxtasından çıxmağı bacaranlar yaşıllıq vədi verir. Təbiət oyanır – insanlar qanı qaynayır...
Baharın gəlişi, təbiətin oyanmasıyla insanların da yaşayıb yaratmaq həvəsi bir də canlanır. Ponteistlərə görə, biz də Vahidin bir zərrəsiyik və təbiətdən kənarda deyilik.
Bu bahar da özüylə yeni ideyalar, yaradıcılıq ehtirasları, sevgi nəğmələri… gətirəcək; bu bahar da insanların özlərini təsdiq istəklərinin yeni mərhələsinə çevriləcək, amma…
Amma palançının papaqçılıq iddiaları da, nə yazıq ki, bu baharda da görüb-görəcəklərimiz sırasında olacaq.
İnsanların özünü təsdiq üçün haralara, nələrə baş vurduğunu müşahidə edəndə, açığı, bir qədər də təəccüblənirəm – baxmayaraq ki, indiki dövrdə nədənsə təəccüblənmək çox çətindir. Sizə necə, illərlə iqtisadçı, siyasətçi və s. «çi» kimi tanıdığınız insanların birdən-birə yaradıcılıq eşqinə düşməsi qəribə gəlmirmi? Hər gün indiyə kimi müxtəlif peşə sahələrində uğurlu-uğursuz ad çıxaranları birdən-birə “yazar” kimi görməkdən təəccüblənmirsiniz ki?
Ömrünün böyük bir kəsimini bir neçə sahəyə xərcləyir, paralelində özünü SÖZdə də sınamaq keçir könlündən bu adamların. İnsanın işi özündən böyük olmadığı kimi, sözünün də özündən böyük olmayacağı dünyanın nizamıdır. Ona görə illərlə siyasətdə külüng çalanların «Fərhad» adı qazanmadıqlarını görüb qələmə sarılmaları və Nizamilik iddiasına düşmələri, vallah, bir az da gülməlidir.
Aqillərdən biri deyirdi ki, şovinizm fırıldaqçıların son sığınacaq yeridir; deyəsən, qələm də bir para uğursuzların daldanacaq yerinə çevrilməkdədir. «Siyasi-iqtisadi-sosial» baxışlarıyla nəinki ətrafındakılara, heç özlərinə düz-əməlli gün ağlaya bilməyənlər və ya «ağladıqları günləriylə» barışmayanlar qələm götürürlər. Qələm ucuzdur, axı – kim istəsə, xırdaca məbləğlə ala və ona sahiblənə bilər. Amma qələmə sahiblənməklə qələm sahibi olmaq tamam ayrı-ayrı ifadələrdir, pis odur ki, bu gerçəyi qəbul etmək istəyənlərin sırası get-gedə seyrəlir.
Belə olanda, rəhmətlik Qabil demiş, yerimizin səhv düşməsi başlayır. İnsanların öz yerlərini tapa bilməməsi, yerini səhv salması faciə deyil – yerini göstərərsən, gedər oturar yerində. Amma bu təkrar olunanda təbiətə də təsir edir – axı, insanlıq təbiətin bir parçasıdır, dedik. Təbiətin etirazı isə bir başqa cür olur, elə “zarafatı” da...
***
…Pəncərədən şəhərə baxıram – ağaclar tumurcuqlayır, rüzgarın xoş nəsimi təbiəti oyadır.
Təki bu baharda yerini səhv salanlar səhv etdiklərini anlasınlar – onlara növbəti dəfə öz yerini göstərməyə kimsə ehtiyac duymasın.
İnsanlardan narahat deyiləm – zatən, bizə öz yerimizi axtarmaq ixtiyarını Tanrı verib; sadəcə, təbiətdən nigaranam - nizamı pozulmasın gərək.
Təbiətin nizamı pozulanda insanların «arzusu Çin olmur, Yaponiya olur»…
mənbə : LENT.AZ