Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
SİYASƏT
16:44 08.07.2026
223
Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi, eləcə də Avro-Atlantik məkanında təhlükəsizliklə bağlı əsas məsələlər müzakirə olunur.  

Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen AZXEBER.COM-a söyləyib ki, Ankarada keçirilən NATO sammitinin həm Türkiyə, həm də dünya üçün mühüm əhəmiyyəti var:

"Ankarada keçirilən NATO sammitinin həm Türkiyə, həm də dünya üçün mühüm əhəmiyyəti var. Hazırda ABŞ və Çin arasında qlobal hegemonluq uğrunda rəqabət gedir. Çin sürətlə yüksələn güc kimi iqtisadi inkişafını davam etdirir, müdafiə sənayesinə böyük investisiyalar yatırır və özünü təmin edən hərbi gücə çevrilir. Eyni zamanda, nüvə arsenalını genişləndirməsi də uzun müddətdir ABŞ-də narahatlıq yaradır. ABŞ 2018-ci ildən etibarən strategiyasını Çinə qarşı mübarizə istiqamətində yenidən formalaşdırmağa başlayıb. NATO-nun əsas aparıcı qüvvəsi olan ABŞ hesab edir ki, alyans da bu yeni strategiyaya uyğun transformasiya olunmalıdır. Bu baxımdan, sammitdə əsas məsələlərdən biri NATO-nun Çinə qarşı mübarizə aparacaq şəkildə "NATO 3.0” konsepsiyası əsasında yenidən qurulması və bununla bağlı aparılan danışıqların nəticələrinin ortaya çıxması olacaq. Sammitdən əvvəl keçirilən G7 toplantısında ABŞ, Avropa ölkələri və Avropa İttifaqı bir sıra məsələlər üzrə ortaq mövqeyə gəlib. Həmin razılaşmaların nəticələrinin də NATO Zirvəsində öz əksini tapacağı gözlənilir”.


O bildirib ki, müdafiə sənayesinə investisiyaların artması Türkiyə üçün də yeni imkanlar yarada bilər:

"Zirvənin yekununda Avropa mərkəzli, müdafiə sənayesinə daha çox investisiya yatıran, ÜDM-in (GDP) 5 faizini müdafiəyə ayıran yeni NATO modelinin formalaşacağı ehtimal edilir. Bu çərçivədə, xüsusilə Almaniya başda olmaqla Avropa ölkələrinin Rusiya təhdidinə qarşı ordularını, müdafiə sənayesini və hərbi imkanlarını yenidən qurması gözlənilir. Müdafiə sənayesinə investisiyaların artması Türkiyə üçün də yeni imkanlar yarada bilər. Bununla yanaşı, Türkiyə baxımından ən mühüm məsələ ABŞ-nin Yaxın Şərq və Körfəz siyasətində, eləcə də Cənubi Qafqazın türk dünyası ilə əlaqələndirilməsi prosesində Ankaranın oynayacağı roldur. Bu səbəbdən NATO Zirvəsində Türkiyənin müəyyən siyasi və strateji dividendlər əldə edəcəyi gözlənilir. Bundan əlavə, Rusiyanın əhatələnməsi strategiyası və NATO-nun Qara dənizdə rolunun artırılması fonunda Türkiyəyə Rusiya ilə münasibətlər baxımından da yeni geosiyasi rol veriləcəyi proqnozlaşdırılır”.

Türkiyəli siyasi şərhçi Umut Uzer AZXEBER.COM-a bildirib ki, Türkiyədə keçirilən NATO sammiti alyansın birliyinin möhkəmləndirilməsi cəhətdən önəmlidir:

"Türkiyədə keçirilən NATO sammitində ilk növbədə alyansın birliyinin möhkəmləndirilməsi və ortaq təhdidlərə qarşı vahid mövqenin nümayiş etdirilməsi əsas məsələdir. Bundan əlavə, ABŞ-nin təzyiqləri nəticəsində müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması tələbinin Avropa dövlətləri tərəfindən daha qəti şəkildə qəbul ediləcəyi və ifadə olunacağı gözlənilir. Bu çərçivədə "yükün bölüşdürülməsi” konsepsiyası əsasında Avropa ölkələri hərbi sahəyə daha çox vəsait ayıracaqlar”.


O qeyd edib ki, sammit çərçivəsində Rusiya-Ukrayna müharibəsi də müzakirə olunacaq:

"ABŞ Prezidenti Donald Tramp CAATSA sanksiyalarının ləğv ediləcəyini bildirib. Prezident Ərdoğan isə 5 ədəd F-35 döyüş təyyarəsinin Türkiyəyə satılmasını gözlədiyini qeyd edib. Çoxşaxəli müdafiəni nəzərdə tutan "360 dərəcə təhlükəsizlik” konsepsiyası təhlükəsizliyə kompleks yanaşmanı ön plana çıxarır. Rusiya NATO ölkələri üçün təhdid hesab olunsa da, həm ABŞ, həm də Türkiyə diplomatiyaya önəm verdiklərini nümayiş etdiriblər. Sammit çərçivəsində Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr də müzakirə olunacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR