“Belə qadını olan millətə ölüm yoxdur” |
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı mətbuat nümayəndələri ilə görüşüb. Tənzilə Rüstəmxanlı jurnalistlərlə görüşündə Xocalı soyqırımı ilə bağlı Türkiyədə keçirdiyi görüşlərdən danışıb. Birlik sədri İstanbul Aydın Universiteti, Kayseri Erziyez Universiteti, İzmir Ege Universitetində Xocalı soyqırımının geniş kütləyə tanıdılması üçün keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd edib. O bildirib ki, Türkiyə ən ağır vaxtlarda Azərbaycanın yanında olub: “Biz Türkiyəni, Türkiyə isə bizi heç zaman öz vətəndaşından ayrı tutmayıb. Xocalı soyqırımının dünyaya tanıdılması üçün Türkiyənin köməyindən, bizə yaratdığı imkanlardan maksimum yararlanmağa çalışmalıyıq. Erməni diasporası, erməni maliyyəsi dünyanın hər yerində olduğu kimi Türkiyədə də xərçəng xəstəliyi kimi yayılmağa başlayıb. Onlar mümkün qədər Xocalı soyqırımını yalanlamağa çalışırlar. Görüşümün təşkil edildiyi universitetlərdə Xocalı həqiqətlərindən bəhs edən sənədli filmin göstərilməsi nəzərdə tutulurdu. Təəssüf ki, çıxışım olan bütün universitetlərdə filmin yayımlanmasına mane oldular. Soruşdum ki, filmin yayımlanması kimə mane olur axı? Kim Xocalı soyqırımı ilə bağlı filmin yayımlanmasına qarşı çıxa bilər? Əvvəlcə dedilər ki, texniki problemlər var. Sonradan məlum oldu ki, heç bir problem yoxdur. Sadəcə olaraq onlar erməni vətəndaşlarının filmdən narahat olmasını istəməyiblər. Belə hallar bizi çox üzür. Təəssüflənirəm. İki xalqın arasına heç vaxt nifaq sala bilməzlər. Xocalı sakinləri sırf türk olduğu üçün öldürülüb. Bu ağrıları unutmaq türk millətinə ikinci zərbə olar. Türkiyənin aydınları, təhsilliləri Xocalı haqda məlumatlıdır. Lakin Xocalı soyqırımı bütün dünyaya çatdırılmalıdır. Biz əlimizdən gələni əsirgəməməliyik. Türk millətinin heysiyyatını öldürmək mümkün deyil. Çıxış etdiyim universitetdə şəhid anası söz istədi. Bir ana üçün ən böyük zərbə övlad itkisidir. Təsəvvür edin, həmin ana oğlunun ölümünə ağlamırdı. “Oğlum vətən üçün getdi, qürur duyuram. Bu torpaqdan bir qarış da başqasına vermərəm. Oğlumun ruhu rahatlıq tapmaz” deyirdi. Belə bir qadını olan millətə ölüm yoxdur. Təbliğat davamlı olmalıdır. Türkiyədə “Kanal 24“ adlı televiziya kanalı var. Xocalı faciəsinin ildönümündə düşünürdüm ki, Xocalı haqda sənədli filmi hər saatdan bir yayımlayarlar. Lakin bu bir dəfə belə baş vermədi. Çünki, öz faciəsinə qarşı etinasız yanaşanlar var. Gücümüzü toplamalıyıq. Kənar güclərin faciəmizin həcmini kiçiltməyə icazə verməməliyik. Təəssüf ki, Türkiyədə indiki Ermənistanın Azərbaycan torpaqları olduğunu bilmirlər. Mən deyəndə ki, kəndimiz Karsla həmsərhəddir, nənəm sərhəddə dayanıb o taydakı bacı-qardaşları üçün haray çəkərdi. Soruşurlar ki, siz Ermənistanda nə edirdiniz? 31 mart soyqırımı, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini isə ümumiyyətlə çox az adam bilir. Bütün çıxışlarımda mütləq 1918-ci il hadisələrindən başlayırdım. Ermənilərin Qafqazda gəlmə olduqlarını deyirdim. Türkiyədə çox kosmopolit düşüncəlilər var ki, onlardan milli məsələlərlə bağlı həssaslıq gözləmək yersizdir. Onlara futbol oyunları Qarabağda, Xocalıda olan faciələrdən daha çox təsirlidir. Ankarada Xocalı soyqırımı abidəsi qoyulub. Şəhərdən xeyli kənarda gözdən uzaq bir yerdə ... Xocalı üçün Ankaranın mərkəzində 20 metrlik torpaq parçası tapılmır?” Tənzilə Rüstəmxanlı “Ergenekon” məhkəməsində həbs edilənlərin azad edilməsi ilə bağlı da danışıb: “Çox sevinirəm. Həbs edilənlərdən biri Alparslan Türkeşin mənəvi qızı Sevgi Ereneroldur. Sevgi Erenerol o insandır ki, günahsız yerə həbs edildi. Onun işi ilə bağlı Avropa Məhkəməsinə müraciət etmək istəyirdim. Bunun üçün razılıq vermədi. “Vətənimdən avropalıya şikayət edə bilmərəm” dedi. “Türkiyədə vətənini sevənlərə qarşı çox haqsızlıqlar oldu. Mənim doqquz yaşlı qızımın adı “Ergenekon”çuların siyahısına salındı. Familyası Rüstəmxanlı olduğu üçün araşdırmadan doqquz yaşlı uşağın adını hallandırdılar”-deyə T.Rüstəmxanlı qeyd edib. Tənzilə Rüstəmxanlı daha sonra Türkiyədə görüş keçirdiyi bütün şəhərlərdə böyük sevgi ilə qarşılandığını, vətəndaşlarla Xocalı ağrılarını bölüşdüyünü deyib.