"ANS-də aparıcıya demirlər ki, bunu belə et" - İlqar Mikayıloğlu

"ANS-də aparıcıya demirlər ki, bunu belə et" - İlqar Mikayıloğlu
MEDİA
14:56 05.03.2014
1960

ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu "İki sahil" qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

-Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-in bu gün ölkənin efir məkanında rolunu necə qiymətləndirirsiniz?

-ANS yarandığı gündən etibarən onun göstərdikləri və bundan sonra da göstərəcəkləri yalnız və yalnız televiziyanın inkişafına xidmət edir. ANS öz işi ilə müasir televiziya sistemində nə etmək lazım olduğunu nümayiş etdirir. Mənə elə gəlir ki, bu işin arxasınca düşməyə dəyər. Hər halda bu işi də müsbət qiymətləndirmək mümkündür.

- Sizcə, bu gün müasir televiziya sistemi necə olmalıdır?

-Televiziyanın özünün tələbləri var və bu tez-tez dəyişir. Məsələn, xəbər kimi. Televiziya xəbər mənbəyidir. Xəbər necə tez dəyişir, köhnəlirsə, tələblər də o cür dəyişir. Bununla ayaqlaşmaq nə qədər çətin olsa da, bir o qədər maraqlıdır. Ona görə də televiziyada düşünən beyinlər olmalıdır. Onlar daim fikirləşməli, yenilik axtarışında olmalıdırlar. Yalnız bu halda müasir televiziya sistemindən danışmaq olar.

- Bəs ANS-in fərqliliyi nədədir?

-Hər şey göz qabağındadır. Hər kəs ANS-ə də baxır, digər kanallara da. Və hər kəsin bu məsələlərə öz münasibəti var. Mənim aləmimdə ANS-də aparıcı üçün daha çox azadlıq var. Aparıcıya demirlər ki, bunu belə et. Kim necə istəyir, elə də işləyir. Ona görə də burada işləmək asandır. Sən istədiyin kimi geyinirsən, danışırsan, istədiyini göstərə bilirsən. Təbii ki, etik baxımdan müəyyən məqamları nəzərə almaq şərti ilə. Kiməsə bu qeyri-etik görünürsə, o demək deyil ki, belədir. Sadəcə həmin şəxs yeniliyi qəbul etmir.

-Bu gün biz həm televiziya, həm də radio kanallarında ədəbi dil qaydalarının pozulması halları ilə tez-tez rastlaşırıq. Sizcə ,bu nədən irəli gəlir?

-Ədəbi dil normaları deyəndə, birincisi, dəqiqləşdirməliyik ki, biz nəyi nəzərdə tuturuq. Hər zaman deyirlər ki, ədəbi dil normaları var. Telekanallarda “mışdır-mişdir” şəkilçiləri ilə bağlı cümlələr qurulur. Bu gün bəzi aparıcılar qeyri-səmimi olaraq “hörmətli, əziz tamaşaçılar” ifadələrindən istifadə edir. Bütün bunlar potensial tamaşaçını televiziyadan uzaqlaşdırmaqdır. Ancaq sən tamaşaçı ilə həqiqətən də ünsiyyət qurmaq istəyirsənsə, niyə də onun dilində danışmayasan. Bəli, ədəbiyyat dili, poeziya dili var. Ancaq danışıqda hansı ədəbi dildən söhbət gedir, bunu mən anlaya bilmirəm.

-Söhbət konkret olaraq aparıcıların dilində xarici sözlərin istifadə olunması və bəzi hallarda cümlələrin düzgün qurulmamasından gedir...

-Bu gün Azərbaycan dilində ərəb-fars mənşəli bir çox söz var. Necə olur ki, biz bunları qəbul edirik, amma azərbaycanlaşmış rus sözlərini qəbul edə bilmirik? Əgər mən bir sözlə bir fikri ifadə edə bilirəmsə, bu əladı. Ancaq elə sözlər var ki, biz hələ də onları öz dilimizə tərcümə edə bilmirik. Digər tərəfdən siz deyirsiniz ki, cümlə quruluşlarında müəyyən problemlər var. Bəli, var. Mən razıyam. Əgər bu varsa, niyə bir dilçi, filoloq oturub bununla bağlı araşdırma aparmır?

-Sizcə, bu məqamda televiziyaların üzərinə də müəyyən məsuliyyət düşmürmü? Bu gün televiziya kanalları tamaşaçını məlumatlandırmaq və maarifləndirməkdən çox, dırnaq arasında əyləndirməklə məşğuldur...

-Televiziyaların ən böyük dərdi reytinq dərdidir. Çox istərdim ki, bir nəfər çıxsın və desin ki, bundan sonra reytinq anlayışı yoxdur. Bəli, mən reytinqə işləyirəm. Biz “Günəbaxan” komandası olaraq buna nail ola bilmişik. Bu gün televiziya kanallarında bizimlə eyni saatda heç bir səhər verilişi yoxdur. Dözə bilmədilər, çıxdılar. Bununla yanaşı, biz Azərbaycan dili ilə bağlı kifayət qədər ağır, sanballı insanları studiyaya dəvət edib, bu barədə söhbət aparmışıq.

Əslində hər bir günahı televiziyanın üzərinə atmaq çox asandır. Ancaq nəzərə almaq lazımdır ki, televiziya güzgüdür. Televiziya real həyatda olan məqamları göstərir, tamaşaçıya isə baxıb, düşünüb, nəticə çıxarmaq qalır.

- Bu gün ANS-də yayımlanan proqramlar, həyata keçirilən layihələr tamaşaçını, dinləyicini qane edirmi?

-Yenə də reytinq məsələsinə qayıtmaq istəyirəm. Əgər reytinq yüksək gəlirsə, deməli, qane edir.

- ANS-də yayımlanan “Günəbaxan” proqramı geniş tamaşaçı auditoriyasına sahibdir. Bu, İlqar Mikayıloğlunun peşəkarlığından irəli gəlir, yoxsa...

-Bu, komanda işinin nəticəsidir. Bir nəfərin üzərində heç vaxt iş qurulmur. Qurulsa belə, həmin iş tez bir zamanda dağılır. Bizim komandada iki prodüser var. Mən əminliklə Könül və İlhaməni televiziya sahəsində bir nömrəli prodüser adlandırıram. Burda heç kim yorğanı öz üzərinə dartmır. Bizdə mən yox, biz anlayışı var.

-Yəqin ki, “Günəbaxan”da müzakirə olunan maraqlı mövzular da reytinqin artmasına öz təsirini göstərir...

-Təbii ki, bu belədir. Hər həftə proqram hazırlananda onlarla mövzu ələkdən keçir. Axtarırıq ki, hansı mövzu tamaşaçı üçün daha maraqlı olar.

-Peşəkarlıqdan söz düşmüşkən, ixtisasca mühəndis olmağınıza baxmayaraq, artıq efir məkanının tanınmış personalarından birinə çevrilmisiniz...

-Yaxşı bir atalar məsəli var. “Əgər Allahı güldürmək istəyirsənsə, Ona öz planların barədə danış.” Mən bir zamanlar düşünürdüm ki, yaxşı mühəndis olacağam, amma həyat elə gətirdi ki, aparıcı oldum. Deməli həyatda hər şey dəyişə bilər.

OXŞAR XƏBƏRLƏR