'ANS-in 'duxu' varsa, gedib 5-6 taksi sürücüsünə kömək etsin' - QALMAQAL

MEDİA
14:55 23.01.2012
3664
ANS TV-də yayımlanan “Günəbaxan” verilişində növbəti dəfə qalmaqal yaşanıb. 
AZXEBER.COM-un məlumatına görə, telekanal bir neçə gün əvvəl “Günəbaxan” verilişində taksi sürücüləri ilə bağlı baş verən qalmaqala yenidən qayıdıb. Daha öncə verilişdə internet media nümayəndlərinin iştirakı söylənilsə də, son anda verilişə dəvət olunan qonaqlar dəyişdirilib. Verilişin aparıcısı İlqar Mikayıloğlu isə internet portalları və qəzetləri kəskin tənqid edib və jurnalistləri qeyri-peşəkarlıqda suçlayıb.
AZXEBER.COM xəbər portalı əvvəlcə verilişə dəvət olunan jurnalistlərlə əlaqə saxlayıb. "Yeni Müsavat" qəzetinin redaktoru Xalid Kazımlı açıqlamasında bildirib ki, İlqar Mikayıloğlu taksi sürücülərini verilişdən qovmaqla telekanalı pis vəziyyətdə qoyub: “İlk növbədə qeyd edim ki, mənə bir neçə gün öncə ANS-in “Günəbaxan” verilişində iştirak etmək üçün dəvət gəlmişdi və qeyd edilmişdi ki, veriliş onlayn jurnalistika ilə bağlı olacaq. Mən bu gün səhər ANS-ə gedərkən zəng gəldi ki, verilişin mövzusu dəyişdirilib. Mən ofisə qayıtdım və əməkdaşlarımız dedi ki, veriliş həmin mövzuda olub sadəcə telekanal özünə sərf edən qonaqları verilişə çağırıb. Bu bir daha onu göstərir ki, ANS qarşı tərəfin də mövqeyini dinləməyə hazır deyil. Çünki verilişin aparıcısı İlqar Mikayıloğlunun taksi sürücülərinə qarşı etdiyi hərəkət heç bir teleaparıcı yaraşmayan hərəkətdir. O bu hərəkətiylə kanalı çox pis vəziyyətə qoyub".
Xalid Kazımlı İlqar Mikayıloğlunun taksi sürücülərinə aqressiv münasibəti haqda da danışıb: “Teleaparıcı taksi sürücülərini verilişinə qonaq çağırıbsa, onlarla verilişdən öncə söhbət edib, verilişin mövzusu haqda dolğun məlumat verməlidir. Qonaq canlı efirdə kimisə tənqid də edə bilər, prezidentə müraciət də ünvanlaya bilər. Əgər sən qonağını dinləməyəcəksənsə, bəs niyə onu verilişinə çağırırsan? İlqar Mikayıloğlu isə qonaqlarını sözünü kəsdi və onları verilişdən qovdu. Bu heç bir məntiqə sığmır”.
“Qafqazinfo.az” xəbər portalının baş direktoru Elbrus Ərud isə deyib ki, ANS internet medianı tənqid etməkdənsə, taksi sürücülərinə yardım etsin: “Taksi sürücülərinin etirazı çox böyük bir hadisədir. Bu hadisə sosial rezonansa səbəb olub. Mən həmişə demişəm ki, mənim üçün ən əsas şey xəbərdir. ANS-in efirindən taksi sürücülərinin qovulması da mənim üçün xəbər idi və başqa xəbər portalları kimi biz də bunu vermişdik. Teleaparıcının sürücüləri verilişdən qovulması çox böyük bir skandaldır. ANS yaxşı olar ki, internet mediasını vurmaqdansa, taksi sürücülərinə yardım etsin. Bir daha qeyd edirəm ki, əgər ANS-in “duxu” varsa, gedib 5-6 taksi sürücüsünə kömək etsin”.
Elbrus Ərud həmçinin deyib ki, verilişdə özü iştirak etməyib: “Məni verilişə dəvət etmişdilər amma mən özüm verilişə getmədim. Sonra zəng etdilər ki, sizi canlı efirə qoşmaq istəyirik. Mən də canlı efirə qoşulub sözümü dedim. Bir şeyi də qeyd edim ki, mən heç vaxt ANS-ə gedib kütlənin arasında oturmaram. Mən İlqar Mikayıloğlu ilə, Mir Şahinlə, Vahid Mustafayevlə debata çıxıb, onların bu mövzuda səhv olduqlarını sübut edə bilərəm”.
AZXEBER.COM informasiya portalının baş redaktoru Əfsələddin Ağalarov isə ANS-in bu addımına təəsüfləndiyini bildirib: “Mən bu gün ANS-ə getdim. Verilişin prodüseri İlhamə xanımla əlaqə saxladım. O isə öz növbəsində qeyd etdi ki, verilişin mövzusu dəyişdirilib və internet jurnalistika ilə bağlı mövzu başqa vaxta keçirilib. Amma sonra öyrəndim ki, verilişdə həmin mövzu olub. Mənə maraqlıdır ki, ANS niyə belə addım atdı? Belə çıxır ki, ANS internet medianı vurmağı, taksi sürücülərinin problemindən üstün tutur. Bu çox təəsüfləndirici haldır”
AZXEBER.COM portalı qarşı tərəfin də fikirlərini öyrənmək məqsədiylə verilişin aparıcısı İlqar Mikayıloğluyla əlaqə saxlamağa çalışıb. Mikayıloğlu telefonlara cavab verməyib.Hacıbəy HEYDƏRLİ
OXŞAR XƏBƏRLƏR